Bu ailə zəlzələdən sonra 7 aydır, çadırda yaşayır - Fotolar

bu-aile-zelzeleden-sonra-7-aydir-cadirda-yasayir
Oxunma sayı: 5391

“Ötən ilin sentyabrında baş verən zəlzələ nəticəsində evimiz qəzalı vəziyyətə düşdü. Bundan sonra biz çadırla təmin olunduq. Amma bu yağışlı və soyuq günlərdə çadırda yaşamaq çox çətindir”. 

Bu şikayətlə “Qafqazinfo”ya Kürdəmir rayonunun Yeni Şıxımlı kənd sakini İsrayıl Qəribov müraciət edib.

6 nəfərdən ibarət ailəsi ilə çadıra sığındığını bildirən vətəndaşın sözlərinə görə, artıq burada qalmaq mümkünsüzdür: “Zəlzələdən sonra Fövqəladə Hallar Nazirliyi tərəfindən çadırla təmin olunduq. Amma bütün qışı burada çox çətinliklə yaşadıq. Soyuq qış günlərini 2 azyaşlı uşaqla burada qalmaq çox əziyyətli oldu. Özüm şəkər xəstəsiyəm. Ürəyimdən də əməliyyat olunmuşam. Vəziyyətimiz çox ağırdır. Yağan yağışlar çadırın içinə dolur”.

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Kürdəmir rayonunun Yeni Şıxımlı kənd sakini Qəribov İsrayıl Əlisa oğlunun 6 nəfərdən ibarət ailə üzvünün yaşadığı birmərtəbəli bina 1950-ci illərdə but daşlarından inşa edilib. Kənd ərazisində həmin ildə 7 ədəd bu tip inzibati bina kimi tikilib, hazırda isə kənd sakinləri tərəfindən yaşayış sahəsi kimi istifadə olunmaqdadır. Binaya bir neçə dəfə əməkdaşlarımız tərəfindən baxış keçirilib və bu barədə Fövqəladə Hallar Nazirliyinə müraciətlər ünvanlanıb. 2023-cü ildə Qəribov İsrayıl Əlisa oğlunun ailəsinin müvaqqəti məskunlaşması üçün FHN Aran Regional Mərkəzinə tərəfimizdən məktubla müraciət ünvanlanıb, vətəndaşın həyətyanı sahəsində müvəqqəti məskunlaşması üçün Mərkəz tərəfindən çadır quraşdırılıb.  

Kürdəmir Rayon İcra Hakimiyyətinin xərclər smetasında vətəndaşlara məxsus fərdi yaşayış evlərinin təmir, bərpa və tikintisinə vəsait nəzərdə tutulmadığından ona tərəfimizdən köməklik göstərilməsi imkan xaricindədir”.

Şikayətlə əlaqədar Rayon İcra Hakimiyyəti başçısının yanında Fövqəladə Hallar Komissiyasına da sorğu ünvanladıq. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini, Komissiyanın sədri Ağali Kərimli bildirdi ki, vətəndaş bu məsələ ilə əlaqədar olaraq dəfələrlə İcra Hakimiyyətində olub: “İsrayıl Qəribova məxsus ev fiziki cəhətdən köhnəlmiş evdir. Bu evlə əlaqədar hələ 2011-2012-ci illərdə, qəzalı vəziyyətini nəzərə alaraq bərpa-gücləndirmə məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən yardım da göstərilib. Vətəndaş iddia edir ki, evi zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Ora baxış keçirilib və akt da tərtib edilib. Rayonumuzda zəlzələnin dağıntılara səbəb olacaq dərəcədə güclü olması ilə bağlı heç bir qərar qəbul olunmayıb. Hər bir vətəndaş evini sığortalamalıdır. Lakin İsrayıl Qəribov evini sığortalamayıb. Bununla yanaşı, biz vətəndaşa bütün köməkliyi göstərmişik. Yəni çadırla təmin olunub və xəstəliyi səbəbilə ona yardım göstərilib”.

Xatırladaq ki, ötən ilin sentyabrın əvvəlində Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ episentrdə 5 bala qədər hiss olunub. Həmin vaxt “Qafqazinfo”ya açıqlama verən Ağali Kərimli bildirmişdi ki, hadisə zamanı 100-dən çox fərdi yaşayış evinə ziyan dəyib.

Lamiyə Məmmədova 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” mövzusu üzrə dərc olunub.