“Bu, bizə çox baha başa gələcək”

bu-bize-cox-baha-basa-gelecek-
Oxunma sayı: 3652


Bir neçə gün öncə rəsmi “Azərbaycan” qəzetində “ABŞ-Azərbaycan münasibətlərinə kiçik ekskurs və gələcək haqqında düşüncələr” adlı məqalə dərc olunub. Həmin yazıda ABŞ-a qarşı sərt ittihamlar yer alır, eyni zamanda Amerikanın 2005-ci ildə eks-spiker Rəsul Quliyev və sabiq nazir Fərhad Əliyev vasitəsilə dövlət çevrilişi etmək istədiyi iddia olunur.

Sitat: “...Radikal müxalifət başçılarının, konkret cinayət əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və ”hakimiyyətdaxili müxalifət" olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyyətə gətirilməsi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyətli mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələm-tələsik tərk edən səfiri Rino Harniş isə məğlub tərəf oldu".

“Qafqazinfo” xəbər verir ki, bu ittihamla bağlı hazırda ABŞ-da yaşayan Rəsul Quliyev “Yeni Müsavat”a açıqlama verib. Onun bu haqda deyilənlərə cavabı belə oldu: “Son vaxtlar hökumət mətbuatında ABŞ və Qərbin əleyhinə isterik yazılar gedir. Bu siyasət ölkəmizi uçuruma aparan siyasətdir, bunu anlamamaq bizə çox baha başa gələcək. Bu yazılar kimlərin qulaqları üçün nəzərdə tutulub bilmirəm. Ancaq onu deyə bilərəm ki, bu yazıların effekti normal düşüncəli adamlar üçün ancaq neqativ ola bilər. Hətta Azərbaycandan qat-qat güclü olan Qazaxıstan və Özbəkistan heç vaxt belə isterik yazılara yol vermədi. Çünki ağzını geniş açmış qonşusunun - ”ac timsah"ın qarnına getməməyin yeganə yolu Qərblə dil tapmaqdadır, onlar da bunu çox gözəl anlayırlar.

Nyutonun mexanika və riyaziyyatla əlaqədar qanunları artıq aksiom olduğu kimi, cəmiyyətin də bəzi qanunları artıq aksiomdur. Məsələn, dövlət çevrilişinin və demokratiyanın təsnifatı vardır. O təsnifatdan kənarda yazılan mülahizələr, analizlər sayıqlamaqdan başqa bir şey deyildir. “Dövlət çevrilişi” termini Fransada yaranıb və fransız dilindəki forması başqa dillərə demək olar ki, tərcümə olunmur. Yəni ingilis dilində də eyni səslənir. Dövlət çevrilişi hakimiyyəti bütövlüklə və ya onun hər hansı bir qolunu qeyri-konstitusion yolla ələ keçirmək deməkdir. Bu mütləq mənada konkretdir, mülahizələrə yer qoymur. Yəni “filankəsin ürəyindən belə keçirdi” və ya “filankəs bu işi görmək istəyirdi” kimi analizlər qeyri-ciddidir; ya müəyyən məqsədlə sifariş yerinə yetirən, ya da pula özünü satmışların sarı qəzetlərdə yazdığı məntiqsiz yazılardır.

Dövlət çevrilişi təsnifatında bu işin iki yolla həyata keçirildiyi artıq müəyyənləşdirilib:

1. Hakimiyyətdaxili intriqaların nəticəsində kimsə hakimiyyətdən uzaqlaşdırılır və komandadan kimsə onun yerinə gətirilir.

2. İnqilab yolu ilə -  yəni silahlı qüvvələrdən, silahlı insanlardan istifadə etmək yolu ilə baş verir.

Əgər ölkənin konstitusiyasında hakimiyyət orqanlarının seçki yolu ilə formalaşdırılması təsbit olunubsa, hər iki variantda hakimiyyətin dəyişilməsi dövlət çevrilişi hesab edilir. Məsələn, bir çoxlarının yadında qalan 1992-ci ildə Gürcüstanda Şevardnadzenin hakimiyyətə gəlməsi dövlət çevrilişi kimi qəbul edilib. Çünki hakimiyyət silahlı üsyanla devrilib. Və ya 1993-cü ildə Rusiyada prezident Yeltsinin RF-nin parlamentini dağıtması dövlət çevrilişi adlandırılır. Ancaq 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyət dəyişilməsi dövlət çevrilişi hesab edilmir. 

ABŞ Yeltsini və Şevardnadzeni birmənalı şəkildə dəstəkləməsinə baxmayaraq, hər iki hadisəni dövlət çevrilişi kimi qiymətləndirib. ABŞ-ı kimlərinsə vasitəsilə dövlət çevrilişi hazırlamaqda suçlayan qəzet hansı konkret faktlara söykənib belə bir yazı dərc edib? Əlbəttə, burada heç bir fakta söykənmək mümkün deyil, çünki yazı ağ yalandır. ABŞ-da ən ağır cinayətlərdən biri yalan danışmaq hesab edilir. Yalan danışdığını prezidentlərdən Nikson və Klinton vaxtilə boyunlarına alıblar və buna görə  xalqdan üzr istəməsəydilər, az qala həbs edilirdilər. Əgər mənim adımı kimsə dövlət çevrilişinə cəhddə hallandırırsa, ağ yalan danışır. Ancaq bu təhlükəli deyil. Təhlükəlisi odur ki, guya bu dövlət çevrilişini təşkil edən ABŞ dövləti bunun yalan olduğunu bilir. Çox ehtimal ki, Azərbaycanda kimsə hökumətlə razılaşdırmayıb deputatlığa namizədliyini irəli sürürsə, bu da dövlət çevrilişinə cəhd kimi qiymətləndirilir. Belə ağ yalanlarla dünyanın super dövlətini günahlandırmaq absurddur".