“Bu il gəlirlərimiz azalacaq” – - İlham Əliyev

bu-il-gelirlerimiz-azalacaq-
Oxunma sayı: 2743


“Qafqazinfo”nun məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“2014-cü ilin sonlarında müşahidə olunan proseslər təbii ki, 2015-ci ildə də davam edəcək. Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcək. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaq . Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız əminəm ki, 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaq”, - deyə prezident bildirib.

Prezident manatın məzənnəsi məsələsinə də toxunub: “Manatın məzənnəsi bir çox məsələlərin həlli üçün bizə imkanlar yaradır, ilk növbədə, ölkəmizin dinamik və uğurlu inkişafına xarici investorlarda inamı artırır, Azərbaycan əhalisinin rahat yaşamasını təmin edir. Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcək. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar”.

İlham Əliyevin sözlərinə görə, 2015-ci il dünya üçün asan il olmayacaq: “2015-ci ildə bank resurslarının iqtisadiyyatın real sektoruna yönəldilməsi, əlbəttə ki, bizim üçün prioritet olacaq. Əminəm ki, banklar da bu istiqamətdə öz sözünü bundan sonra da deyəcək.

Bununla bərabər, təbii ki, bu il bizim gəlirlərimiz azalacaq. Ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda, hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar”.