“2019-cu ilə nisbətən 2025-ci ildə gəlmə turizmi üzrə adambaşına turizm xərcləmələri də 74% artıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkil etdiyi “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.
“Nəticədə gəlmə turizmi tam bərpa olunmasa da, bu istiqamətdən gəlirlər 2025-ci ildə 3 milyard 258 milyon manata çatıb ki, bu da 2019-cu ilə nisbətən 9.6% çoxdur. Beləliklə, son 5 ildə hotellərin gəlirləri 536 milyon manat, iaşə müəssisələri üzrə dövriyyə isə 2 milyard manatdan çox artıb. 2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayında da 2025-ci illə müqayisədə 5% artım var, - Agentlik sədri qeyd edib.
***
Fuad Nağıyev əlavə edib ki, turizmlə bağlı Dövlət Proqramı hazırlanıb: “Turizm İnvestisiya Təşviqi Sənədinin yaradılması, həmçinin istehlakçı təcrübəsinə mənfi təsir edən rəqəmsal ödənişlər, nəqliyyat əlçatanlığı, rəqəmsallaşma və mədəni-təbii irs obyektlərinə çıxışla əlaqəli bir sıra əsas maneələrin aradan qaldırılması üzrə tədbirlər də nəzərdə tutulur. Bu tədbirlərin kompleks şəkildə həyata keçirilməsi turizm sahəsində sistemli, balanslaşdırılmış və iqtisadi cəhətdən ölçüləbilən artımı təmin edəcək.
Eləcə də turizm xidmətlərinin ixracını artıracaq, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq və Azərbaycanın turizm istiqaməti kimi beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək. Dövlət Turizm Agentliyi tərəfindən bu prioritet istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında 2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı” hazırlanıb. Hazırda proqram qurumlar arasında müzakirə mərhələsindədir.
Sənəddə hava əlaqələrinin genişlənməsinin təşviq olunması, ölkənin qastronomiya, sağlamlıq, qış və ekoturizm istiqaməti kimi tanıdılması, turizm sahəsində mikro və kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi, sənaye subyektlərinin təsnifat və uçot sisteminin təkmilləşdirilməsi kimi məsələlər öz əksini tapıb.
Həmçinin regionlarda yerləşən əsas turizm məntəqələrinin əlçatanlığının artırılması, turizm sahəsinə aid təhsil proqramlarının və infrastrukturun inkişaf etdirilməsi və bu kimi inkişafa dəstək verən digər fəaliyyətlər nəzərdə tutulub. Turizm bazarlarında təbliğatın, sosial media kampaniyalarının genişləndirilməsi də prioritetlərdən biridir”.
***
Müzakirələrdə iştirak edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər: “Turizm 50-dən çox sahəni birləşdirir. Bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir.
Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət, xidmət, logistik, tanıtım problemləri həll olunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir”.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər