Bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradıldı - Fotolar

bu-kendlerde-merkezlesdirilmis-su-techizati-sistemleri-yaradildi
Oxunma sayı: 1966

Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərində  mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılıb. Bu barədə “Qafqazinfo”ya “Azərsu”dan məlumat verilib. 

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonda həyata keçirilən sosial infrastruktur layihələrindən danışıb. Qeyd edib ki, içməli su qıtlığından əziyyət çəkən kəndlərdə icra olunan layihə mühüm hadisədir və sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlanıldığını xatırladaraq, son illər bu sahədə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, həm dövlət investisiyaları, həm də daxili imkanlar hesabına su çatışmazlığı müşahidə olunan kəndlərdə layihələr icra olunur, belə layihələr 2022-ci ildə də davam etdirləcək.

Hazırda Sədan və Eynibulaq kəndlərinə içməli su Şollar-Bakı su kəmərindən verilir. Bu məqsədlə Siyəzən şəhərini qidalandıran magistral xətdən birləşmə verilərək kəndlərə polad borularla ümumi uzunluğu 8 km olan magistral su xətləri çəkilib. Sədan və Eynibulaq kəndləri relyef baxımından yüksəklikdə yerləşdiyindən suyun nəqli ikipilləli nasos sistemi vastəsilə aparılır. Bu məqsədlə 2 yerdə - yeni magistral xəttin qoşulma nöqtəsində və Sədan kəndinin girişində nasos stansiyası və hər birinin həcmi 25 kubmetr olan 2 su anbarı tikilib.

Layihə çərçivəsində Sədan kəndində 11 km paylayıcı su şəbəkəsi yaradılıb 148 ünvana ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Eynibulaq kəndində isə 10 km uzunluğunda paylayıcı su xətləri inşa edilib. Yeni şəbəkədən 170 ünvana ev birləşməsi verilib və sayğaclar quraşdırılıb.

Layihənin icrası nəticəsində Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin 2000-dək sakininin içməli su problemi həll edilib.