Xəbər verdiyimiz kimi, bu gün Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində açılış mərasimi keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, mədəniyyət naziri Adil Kərimli Forumun ölkəmizin mədəni diplomatiyasında əhəmiyyətini vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ölkəmizin mədəni diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur: “Bu təşəbbüs Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən mədəniyyətin və milli kimliyin qorunması, eləcə də onun beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən uzaqgörən siyasətin məntiqi davamıdır.
Forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun əsas hədəfidir”.
A.Kərimli 8 Noyabr – tarixi Zəfər Günü ilə bağlı danışarkən bildirib ki, Azərbaycan ordusunun gücü sayəsində əldə olunan tarixi zəfər, dövlətimizin mövqeyini möhkəmləndirdi, haqq və ədaləti təmin etdi və Azərbaycan dövlətçiliyini tam şəkildə qorudu:
“Bu, yalnız hərbi uğur deyildi, həm də milli kimliyimizin və mədəniyyətimizin beynəlxalq aləmdə tanınması istiqamətində mühüm addım idi. Bu zəfərin kökündə tarixdə silinməz izlər qoymuş qəhrəmanlarımız və xalqımızın birliyi dayanır. Bu uğur bizə yeni imkanlar açdı, dövlətimizin inkişafı üçün əlavə təkan verdi. Hər bir addımımız, fəaliyyətimiz və siyasi qərarlarımız gələcəkdə Azərbaycan dövlətçiliyinin daha da güclənməsinə xidmət edir.
Bu gün artıq mədəniyyət və cəmiyyət sahəsində güc və təsir qüvvəsini sizin əməyiniz təmin edir. Sizlərin rolu Azərbaycan dövlətçiliyinin inkişafında və milli mədəniyyətimizin dünyada tanıdılmasında böyük önəm daşıyır. Forum Azərbaycan mədəniyyətinin dünyaya təqdim olunması və dövlətimizin beynəlxalq nüfuzunun artırılması üçün yeni imkanlar yaradır. Biz bu imkanları qiymətləndirir və gələcəkdə də bu işlərin davam etdirilməsinin vacibliyini vurğulayırıq”.
Qeyd edək ki, forum noyabrın 5-dək davam edəcək və tədbir çərçivəsində yaradıcılıq təqdimatları, mədəniyyət layihələrinin nümayişi, panel müzakirələr və hesabat iclasları keçiriləcək. Həmçinin Antalyada “Mədəniyyət Yolu” Festivalı çərçivəsində Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı da baş tutacaq.
***
Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov forumun əhəmiyyətini yüksək qiymətləndirib.
O bildirib ki, forum mədəniyyət sahəsinin rəhbərləri və mədəniyyət elçilərinin hərtərəfli dəstəyi ilə təşkil olunub:
“Bu tədbir həm məsuliyyət, həm də Azərbaycanın təşəbbüsüdür. Təbii ki, Azərbaycandan gələn nümayəndələrimiz tədbirə böyük rəng qatır və onlara xüsusi təşəkkürümü bildirirəm. Keçən il 800-dən çox müxtəlif ölkədə tədbirlər keçirilib və bu tədbirlərin böyük bir hissəsi siyasətimizə və soydaşlarımızın səylərinə əsaslanır. Azərbaycan dövləti, müxtəlif dövlət qurumları, Mədəniyyət Nazirliyi və digər institutlar bu tədbirlərə dəstək göstərir. Amma siz olmasaydınız, bu tədbirləri sevgi və bağlılıqla həyata keçirə bilməzdik”.
Komitə sədri gənc nəslin forumda iştirakının əhəmiyyətini də vurğulayıb:
“Qeydiyyat zamanı 436 nəfər iştirak üçün müraciət etmişdi. Onların böyük hissəsi xaricdə yaşayan soydaşlarımız idi, Azərbaycandan da müraciətlər vardı və gənc nəsil də bu sıralarda yer alırdı. Bizim məqsədimiz həm motivasiya vermək, həm də digər gəncləri təşviq etməkdir. Bu tədbirlər vasitəsilə gənclərə dəvət göndərərək onların aktiv iştirakını təmin etmişik”.
Fuad Muradovun sözlərinə görə, forum Azərbaycanın mədəni diplomatiyasının gücləndirilməsinə və milli mədəniyyətimizin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.
***
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, Forum dünyada müxtəlif ölkələrdə yaşayan mədəniyyət nümayəndələrinin təcrübə mübadiləsi aparması və bir-biri ilə ünsiyyət qurması üçün vacib platformadır.
***
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu da öz çıxışı zamanı Forumun əhəmiyyətini vurğulayıb:
“Bu gün qazandığımız tarixi zəfər Azərbaycan xalqı və dövlətinin böyük uğurudur. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı və uzun ömür versin. Bu zəfər nəticəsində Zəngilan və Laçın kimi bölgələrdə hava limanları açılıb, yeni şəhərlər və infrastruktur layihələri həyata keçirilir. Artıq regionlarda görünməyən inkişaf və bərpa işləri də özünü göstərir.
Bütün bunlar Azərbaycan mədəniyyətinin, dövlətçiliyinin və milli kimliyimizin dünyada tanıdılması üçün mühüm platformadır. Biz bu tarixi uğurun nəticələrindən qürur duyur və gələcəkdə bu işləri davam etdirməyin vacibliyini vurğulayırıq”.
***
Forumun Təşkilat Komitəsinin sədri Xalq artisti Cahangir Novruzov əlavə edib ki, Azərbaycan Mədəniyyət Elçilərinin 1-ci Forumunun məhz Zəfər Günü ərəfəsində təşkil olunması olduqca önəmli addımdır.
Lamiyə Məmmədova
