2026-cı ilin fevral ayında istehlak qiymətləri 2025-ci ilin fevral ayına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz artıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə orta illik qiymət artımı 5,7 faiz, son bir ayda isə 0,6 faiz təşkil edib.
2026-cı ilin fevral ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,1 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,0 faiz artıb.
Bu ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilər bahalaşıb, qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 faiz artıb.
Fevral ayında əvvəlki ayla müqayisədə əsasən sement, keramik plitələr, mebellər, yuyucu vasitələr, şəxsi gigiyena vasitələri, zərgərlik məmulatları bahalaşıb, qış geyimləri, divar kağızları, plastik borular, kəsilmiş taxta isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 faiz təşkil etmişdir. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən tibbi, mehmanxana, bərbərxana, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turları isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Son xəbərlər
Son Xəbərlər