“Bu məsələdə susmağa üstünlük verirəm”

bu-meselede-susmaga-ustunluk-verirem-
Oxunma sayı: 674

Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Ekologiya mövzusuna həsr olunmuş "Gənclərin II Ümumrespublika Teatr Festivalı"-na ssenari qəbulu davam edir.

“Bizə idea lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.

Qeyd edək ki, Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır.

Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarovanın festivalla bağlı “Qafqazinfo”ya müsahibəsi

- Gənclərin II Ümumrespublika Teatr Festivalı keçirilir. Necə qiymətlənidirirsiniz bu festivalı?
- Çox sevindirici bir xəbərdir mənim üçün. Çünki bugün Azərbaycanda belə teatr festivalları nə qədər çox olsa, bir o qədər yaxşıdır. Təşkilatçıları alqışlayıram ki, gənc nəslin teatra olan marağının təmin edilməsinə belə diqqət göstərib. Gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək-bu gözəl bir təşəbbüsdür.

- Necə düşünürsünüz, bu festival teatrın inkişafına hansı töhfələrini verəcək?
- Ən azı istedadlı gənclər kəşf olunaraq üzə çıxarılacaq ki. bu mən deyərdim ki, milli teatrımız üçün çox önəmlidir. Yaxşıların tapılıb üzə çıxarılması üçün də seçim lazımdır. Çünki seçim zamanı pis yaxşıdan ayrılır və daha layiqli olan ortaya çıxır. Fikir verin, bugün Azərbaycanda aktyor qıtlığı yaşanır. Teatrlarımızda yaşlı nəslin nümayəndələri getdikcə səhnəni tərk edirlər. Yaradıcı heyətin bir hissəsi yaşlaşdığı üçün teatrdan uzaqlaşdırılıb, bir hissəsi də xəstədir. Yaşar Nuri, Səyəvuş Aslan və digər sənətkarlarımızı nəzərdə tuturam. Gözəl aktyorlarımıza şəfa diləyirəm. Hərdən ətrafıma baxıb görürəm ki, Kamal Xudaverdiyev, Həsən Turabov, Həsən Məmmədov, Həsən Əbluc kimi gözəl sənətkarlarımız yox dərəcəsindədir. Bəzən deyirlər ki, əvəzolunmaz insanlar yoxdur, mən bu fikrin əleyhinəyəm. Əvəzolunmaz aktyorlar var, hansı ki, bugün də onların teatrda yeri boş qalıb. O aktyorları əvəz edən insanlar yoxdur. Əgər varsa da, mən tanımıram. Bir dəki bu festival ortaya layiqli bir gənc istedadı tapıb ortaya çıxaracaqsa, bu işin təşkilatçılarını yalnız alqışlamaq olar. Keçən il bu festivalın vətənpərvərlik mövzusuna həsr olunduğunu eşitmişdim, bəs bu il festival hansı mövzuya həsr olunub?

- Ekologiya mövzusunda olacaq.
- Nə gözəl. Mən bunu bir yenilik kimi qiymətləndirirəm.
Ümil edirəm ki, uğurlu və mükəmməl ssenarilər əsasında mükəmməl tamaşalar səhnələşdiriləcək. Bugün o tamaşalara böyük ehtiyac var. Mən özüm də vaxt olsa, gəlib o tamaşaları seyr edəcəyəm. Çünki gənclərin beyinlərinin məhsulu mənə çox maraqlıdır.

- İndiyə qədər Ekologiya mövzusuna həsr olunmuş bir tamaşada rol almışdınızmı heç?
- Yox, heç bu mövzuda bir tamaşa da yoxdur axı. Bax buna deyərəm, maraqlı idea. İndidən proqnoz verə bilərəm ki, festival maraqlı olacaq və yaxşı mənada ajiotaj yaradacaq.

- Mehriban xanım, bugün gənc aktyorlarımızda çatışmayan xüsusiyyət kimi hansı məqamı qeyd edərdiniz?
- Gənc nəsil aktyor və aktrisalar elə gəlir ki, hansısa bir klipə çəkilibsə, deməli, dahidir. Onlar özlərini səhnədə deyil, şou proqramlarda, kliplərdə sınamağa çalışırlar, amma unudurlar ki, yerləri səhnədir. Yalnız səhnədə uğur qazanmağa can atmaq lazımdır. Gənc aktyor səhnədə mükəmməl rolları ilə tamaşaçı sevgisi qazanmalıdır. Bunun üçün də onlar təcrübəli aktorlardan, aktrisalardan öyrənməlidirlər. Mütləq peşəkarlara müraciət etməlidirlər ki, peşələrində uğur qazana bilsinlər. Mən özüm heç vaxt gənc nəslə qarşı kobud davranmamışam, həmişə onlardan müraciət gözləmişəm. Nə vaxt lazım olsa, mən onların huzurunda hazıram. Öyrənmək eyib iş deyil, əksinə başucalığı gətirir. Mən də gənc, təcrübəsiz olanda özümdən yaşlı sənətkarlardan öyrənmişəm, görüb-götürmüşəm. Həmişə də teatrımızda işləyən cavan aktyorlara tövsiyə etmişəm ki, böyüklərdən öyrənsinlər.

- Mənə çox maraqlıdır, bugün teatrlarımızdakı repertuar siyasəti sizi qane edirmi?
- Mən bu barədə dəfələrlə danışmışam, amma rəhbərlik tərəfindən yaxşı qarşılanmayıb, buna görə də bu məsələdə susmağa üstünlük verərdim.

Aynur Babayeva