Müsavat başqanının müavini Tofiq Yaqublunun “Qafqazinfo”ya müsahibəsi:
- Müxalifətçi gənclər sosial şəbəkələrdə əhalini oktyabrın 20-i Fəvvarələr Meydanında yürüşə dəvət edirlər. Bu çağırışlardan xəbəriniz varmı?
- Mən də sosial şəbəkədən ayrı ayrı şəxslərin təkliflərini oxumuşam.
- Ayın 20-si dəqiqdir?
- Bunlar fərdi təşəbbüslərdir. Təşəbbüslərin reallaşacağı isə dəqiqdir.
- İctimai Palata bu barədə nə düşünür?
- O vaxta hələ var. Yəqin təkliflər dəyərləndiriləcək. Bunlar çox haqlı təşəbbüslərdir. Azərbaycan hakimiyyəti özü təhrik edir ki, razılaşdırılmamış aksiya keçirilsin. Heç olmasa, Gürcüstandakı son parlament seçkilərindən bir az utansınlar. Görsünlər ki, müxalifətə necə şərait yaradılıb. Müxalifət istədiyi vaxt, istədiyi məkanda günlərlə mitinqlər keçirə bilir. Ancaq sürətlə inkişaf edən Azərbaycanda müxalifət üçün bir yer yoxdur. Bir dənə 20-ci sahədir. Bu nə rəzalətdir, düşüklükdür? Belə şeymi olar? Bu şəhər kimdən ötrüdür? Bu nə məntiqdir ki, nəqliyyatın hərəkətinə maneçilk törədir. Şəhərdə nəqliyyat olar da. Rustavelli prospektində nəqliyyat yoxdur bəyəm?! Nyu Yorkun, Praqanın, Moskvanın, İstanbulun mərkəzində mitinq keçirilir. Orada nəqliyyat bizdən daha çoxdur. Bunlar absurddur. Azərbaycanda heç bir seçici yoxdur. Bir seçici bütün yerləri təyin edir. Gülər Əhmədova mandatından imtina edib. Bir nəfəri qurban veriblər. Qoyun heç olmasa, ona etiraz edək.
- Oktyabrın 13-də nə olacaq?
- Ayın 13-nə icazəli yürüşə icazə vermədilər. Yəni sanksiyalaşdırmadılar. Dünən Koordinasiya Şurasının toplantısı olub. Mən orada iştirak etmədiyimə görə məlumatsızam. Amma çox üzücüdür. Gülər Əhmədova qalmaqalından sonra oktyabrın 1-də Milli Məclisin iclasında bu haqda bir kəlmə danışılmaması, indi də müxalifətin bu saxta seçkiləri elan etməsinə imkan verilməməsi sübut edir ki, rəsmi olaraq Azərbaycan hakimiyyəti bu saxtaşalmanın başında durur.
- Müsavat 20-ci sahə ilə razılaşar, sizcə?
- Çətin ki, razılaşsın. Bu məsələni bugun biz müzakirə edəcəyik. Demirlər ki, Azərbaycan analoqu olmayan ölkədir. Bakı dünyanın ən gözəl şəhəridir. Bu dünyanın ən gözəl şəhərində təkcə 20-ci sahə var? Niyə məhz yalnız ora gedilməlidir? Qanunda qadağa olunan yerlər yazılıb. O da barmaqla sayacaq qədərdir.
- Hakimiyyət deyir ki, 20-ci sahəni yaxşı təmir etmişik...
- Söhbət ondan gedir ki, Azərbaycanda çox təəssüf ki, mediada da sərbəst toplaşmağın fəlsəfəsini başa düşmürlər. Onlar bizə yer göstərməli deyillər. Bakı böyük şəhərdir. Məsələn, Dərnəgül stansiyasının çıxışı mitinq üçün ideal bir yerdir. Orada əhali sıxlığı, avtomobil də yoxdur. Camaat da metro ilə rahat gələ bilər. Niyə imkan vermirlər? Əksinə, 20-ci sahədə biz bir neçə dəfə aksiya keçirtdik. Yol bağlandı, tıxac yarandı. Seçkilərin saxtalaşdırılması ilə bağlı mən parlamentin qarşısında aksiya keçirməliyəm, 20-ci sahədə yox. Çünki qorxurlar. Özlərinə güvənmirlər. Saakaşvili istədiyi vaxt müxalifətə yer ayırdı. Bunlar danışırlar ki, müxalfətin tərəfdarı yoxdur. Yoxdur, daha yaxşı. Sən bizə Fəvvarələr meydanını ver. Camaat da görsün ki, orada 100-200 adam var. Onlar icazə verməməklə bizim güclü olduğumuzu sübut etmiş olurlar.
- Nigar Yaqublunun məsələsi nə yerdə qalıb?
- İstintaq tamamlanıb. Nə Nigar, nə də onun ailəsi onun məsuliyyətdən yayınmasını istəmir. Törətdiyi əmələ görə qanuna uyğun şəkildə cavab verməyini istəyirik. Başqa cür ola da bilməz. Amma saxtalaşdırılaraq onun haqqında həbs qəti- imkan tədbiri seçildilər. İstintaqdan yayınıb dedilər. Yalandır. Hadisədən dərhal sonra mənim, ailəmin yaxınlarımın telefonun izlənilməsi bir daha bunu sübut edir. Qəza baş verib. Video görüntüdə istədiklərini etsinlər. Bizim elə narahatçılığımız yoxdur. Keçib gedər hər şey.
Günel Türksoy