“Bu şərtlərlə mənə vəzifə lazım deyil” - Postdan gedən direktor

bu-sertlerle-mene-vezife-lazim-deyil-
Oxunma sayı: 10222

Zaqatala meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru İqbal Əliyev öz ərizəsi ilə işdən çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SİA-ya İ. Əliyevin özü məlumat verib. O, bir neçə gün əvvəl Zaqatala meşələrinin qırılaraq Göyçaydakı taxta sexinə daşınması ilə bağlı yayılmış məlumatları təkzib edib:

“Hesab edirəm ki, bu, həqiqətə uyğun deyil və mənə qarşı aparılan qara kampaniyadır. Mən meşə qırıntısına yol verməmişəm və indiyədək işimi vicdanla yerinə yetirmişəm. Yoxlama da bunu göstərdi. Məndən əvvəlki direktorun qırıntısından 15-20 dəfə az qırıntı çıxıb ki, bu da meşə gözətçisinin orda-burda 2 ağac qırmasının nəticəsidir. Əslində mütəxəssislər də görür ki, bir sahədən 1-2 ağacdan söhbət gedir. Yəni heç maşınla gəlib onu yükləyib aparmağına da dəyməz”.

İqbal Əliyev işlədiyi nazirliyə haqlı olduğunu sübut etdiyini də qeyd edib:

“Onu bilsinlər ki, vəzifəyə görə çalışmamışam, vicdanımla çalımışam. Hansısa şər-böhtan kampaniyasına görə adımı hallandırırlar və görürəm ki, belə hücumlar dayanmır. Bu şərtlərlə mənə vəzifə lazım deyil. Ona görə də öz ərizəmlə vəzifəmdən getməyə qərar verdim.”

Xatırladaq ki, virtualaz.org-da dərc edilmiş həmin yazıda Akif Çovdarovun Bakının Masazır qəsəbəsində yerləşən nəhəng istixana kompleksinə pomidor yeşikləri hazırlamaq üçün taxtaların Göyçay rayonunda fəaliyyət göstərən sexdən göndərildiyi göstərilmişdi. Habelə yazıda deyilirdi ki, Zaqatala Meşə Təsərrüfatı İdarəsinin direktoru MTN-in rayon şöbəsinin qohumudur.