Bu yerdəki vəziyyət ən azı qəsəbənin adından ayıbdır... - Reportaj

bu-yerdeki-veziyyet-en-azi-qesebenin-adindan-ayibdir-reportaj-
Oxunma sayı: 836



“İndi ən ucqar rayon kəndlərinə də qaz çəkilib. Bizim məhəllənin bəxti açılmır ki, açılmır... İllərdir ki, yolun digər tərəfindəki məhəllələr qazlaşdırılıb. Ancaq o borular biz tərəfə uzanmır. Bura erməni məhəlləsidir? Biz azərbaycanlı deyilik? Bir telefon xəttidi, bir də işıq. Vəssalam. Kanalizasiya yox, qaz yox, normal su yox. İndidən qışa odun yığırıq. Rayonlardan gələn daş maşınlarına yalvarıb, odun gətirdirik. Başqa cür mümkün deyil. Ocaq qala, soba qoy, bütün ev hisdi. Hamamda suqızdırıcı işıqla işləyir. Aya 50 manat təkcə ona veririk. Hələ qışı demirəm. Yeməyi də işıqla hazırlayanda lap baha başa gəlir. Ona görə də balon qazlardan istifadə edirik. O da aya 40 manat edir. Qazancımız işıqdadır. Öz hesabımıza kanalizasiya çəkmişik. Neyləyək, bizi düşünən yoxdur”, - deyir Qızıldaş qəsəbəsinin sakini Səliqə Həsənova.

Sakinlər deyir ki, aidiyyatı orqanlar onların bu vəziyyətindən xəbərdardır. Dəfələrlə Bələdiyyə və İcra Hakimiyyətinə müraciət ediblər. Aldıqları cavab “2013-cü il gəlsin, Qızıldaşın qaz problemi dövlət proqramına salınsın, sonra iş görüləcək, gedin gözləyin”, - olub.

Son zamanlar bu qəsəbəyə gələn jurnalistlərin sayı çoxdur. Amma nədənsə gələnləri qəsəbə sakinlərinin güzəranı deyil, yataqxanada yaşayan kimsəsiz gənclərin həyat hekayəsi maraqlandırır. Bu məsələ qəsəbə sakinlərinin gileyinə səbəb olur. “Görünür kimlərəsə daha çox çarəsiz insanların taleyi ilə gündəmdə qalmaq maraqlıdır. Halbuki bəzən onlar haqqında elə yazırlar ki, sanki məqsəd bu adamlara kömək etmək yox, əksinə ikrah yaratmaqdır. Özü də hamısı eyni adamlardan yazırlar” - deyir, adını açıqlamaq istəməyən kənd ağsaqqalı.

“Deyirlər, büdcədə pul yoxdur...”

Qəsəbə sakini Xanbala Məmmədov da iki il əvvəl qaz çəkdirmək istəyəndə “get, 2013-cü ilin planına görə sizə qaz çəkiləcək” cavabını alıb: “Qaz xətti qəsəbənin hər yerində var. Heç kimə sirr deyil ki, pul verilsə, bizdə də olar. Onlara bir-iki nəfərin yox, əhalinin pulu lazımdır. Sakinlərdən çoxunun imkanı olmadığı üçün qazımız yoxdur. Yoxsa necə olur ki, yolun o tərəfində olur, bizdə yox? Gah 2013-cü ilin planında olduğumuzu, gah da bəzi bölgələrdə qaz təmir olunandan sonra biz tərəfə baxacaqlarını deyirlər. Artıq iki ildir”. Xanbala Məmmədov yolların bərbad olduğunu da vurğuladı: “Yollar pis gündədir. Qəsəbəyə baxılmır. Deyirlər, büdcədə pul yoxdur. Düzü, qaza o qədər ehtiyac var ki, yolların bərbad olması yada düşmür. Məhəlləarası yolları özümüz düzəltmişik. İndi yaxşı günümüzdü, qışda gəlsəniz şahidi olarsınız, palçıq əlindən keçmək olmur”.

“Xarici ölkələrə qaz satan ölkənin qəsəbəsi qazsızdır”

Ziyara Balayevanın ailəsi isə 12 nəfərdən ibarətdir. Deyir ki, elektrik enerjisinə ayda 270 manat ödəyir: “Bu 12 nəfərin yeməyi var, çimməyi var. Qaz olsa, işığa bu qədər yüklənmərik. 270 manat işıqpulu veririk. Həyət evidi, qışda isinmək bilmir. Danışanda da deyirlər: “Məhəllə yenidir”. Belədirsə, onda işıq necə çəkilib? Qazı, suyu da onun kimi çəksinlər. Hələ kanalizasiyanı demirəm. Hamı həyətinə axıdır. Belə yaşayış olar? Bunlar hamısı bəhanədir. İcra Hakimiyyətinə ərizə yazdıq. Xeyri yoxdur. Yəqin gözləyirlər camaat bezib özü çəksin. Əksəriyyəti işsizdir, imkanı yoxdur. Gülməlidir, xarici ölkələrə qaz satırıq, amma paytaxtımızın kənarında yerləşən qəsəbə qazsızdır” .

Qumla qab yuyanlar...

“O qədər kasıbıq ki... Qaz yoxdur, işıq isə baha. Ona görə qışda işığı da çox işlədə bilmirik. Soyuqdan ölürük. Yoldaşım karyerdə daş atır, mən isə yenicə çörək zavodunda işə düzəlmişəm. Günə 7 manat, 5 çörəyə işləyirəm. Məhəlləyə su çəkilməyib. İmkanı olanlar özləri evlərinə su çəkib, kasıblar da mənim kimi. Suyu qonşudan daşıyırdım. Son iki ayda vəziyyətimiz daha da pisləşib. Suya sayğac qoydular. Daha üzüm gəlmir qonşudan su istəməyə. Qabları qumla yuyuram. İki uşaqla susuz qalmışam”, - deyir Kifayət Quliyeva.

“Qaz olan bölgələrin də borularını söküb, yenisini çəkəcəyik”

Məsələyə münasibət bildirən, Qaradağ Rayon İcra Hakimiyyətinin Qızıldaş qəsəbəsi üzrə nümayəndəsinin müavini Məmməd Məmmədov Qaradağ Qaz İstismar İdarəsinin Şonqar qəsəbəsində bütün qaz sistemini dəyişdiyini dedi: “Növbə Qızıldaşa da çatacaq. Harda qaz yoxdursa, çəkiləcək. Hətta qaz olan bölgələrin də borularını söküb yenisini çəkəcəyik. Üç aydır dayanmadan iş gedir. Planda Şonqar və Qızıldaş qəsəbələri var. Üç aya bitməlidir”.

İşsizlik dərdi

Qəsəbə sakinlərinin digər problemi isə işsizlikdir. Əksər ailə başçıları daş karxanalarında günəmuzd işləyir. Ordan gələn gəlirin isə heç nəyə çatmadığını deyirlər. Ramil Həsənov da daş karxanasında çalışır. Onun sözlərinə görə, bir günlük əmək haqqı siqaret puluna güclə yetir: “Günü 15 manatdı. O da ki, hər gün iş olmur. Həftədə 3 dəfə növbədə oluram. Bu da edir 45 manat. Bununla həm həyat yoldaşım və iki uşağıma, həm də xəstə anama baxmalıyam. Elə bircə dəfə həkimə aparanda, iki aylıq əmək haqqım civarında iynə-dərman yazır. Nə deyəsən? İş ağır, əmək haqqı cüzi. Qəsəbə işsizlərlə doludur. Onların sırasına qoşulmamaq, övladlarımın üzünə baxa bilmək üçün məcburam işləyəm. Bizim üçün daş atmaqdan başqa iş şansı yoxdur”.

Dövlət proqramında Qızıldaş qəsəbəsinin qazla təminatına qoyulan vaxt bitib

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın (4 may 2011-ci il № 1490) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2.4.3. bəndində 2011-2012-ci illərdə Qızıldaş qəsəbəsinin Şonqar yaşayış massivinə daşıyıcı qaz kəmərinin çəkilməsi, 4-cü və yeni salınmış yaşayış massivlərinin qazlaşdırılması nəzərdə tutulub. İş Dövlət Neft Şirkətinə həvalə olunub. 2.4.33 bəndində isə Qızıldaş qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması nəzərdə tutulub. Bunun həyata keçirilməsi isə 2012-2013-cü illərdə nəzərdə tutulub, həvalə olunub “Azərsu”ASC-yə.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları çərçivəsində həm də yeni iş yerlərinin açılması nəzərdə tutulub. “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda yeni müəssisə və iş yerlərinin açıldığı xüsusi qeyd olunub.

Ayrılan vəsait...

“2011-13-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na 300 milyon, 308 min manat vəsait ayrılıb. Proqram haqqında olan sənəddə deyilir ki, “Bakı şəhərinin 97 faizi qazlaşdırılıb, əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək məqsədilə elektrik stansiyaları tikilib”.
Dövlət Proqramının yekunlaşmasına cəmi bir il qalır. Yəqin ki, növbəti ilin sonunadək Qızıldaş sakinlərinin də problemi qalmayacaq.

Gülər Mehdizadə