Bu yollardakı görüntülər müzakirə yaratdı - Foto

bu-yollardaki-goruntuler-muzakire-yaratdi
Oxunma sayı: 1584

Sosial şəbəkələrdə Bakı-Şamaxı və Bakı-Qazax magistralında eyni yol nişanlarının ard-arda təkrar şəkildə qoyulması ilə bağlı görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, görüntülərdən müxtəlif xəbərdarlıqedici və qadağanedici yol nişanlarının eyni yerdə quraşdırılması məlum olur.

Müzakirələrə səbəb olan mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov sorğumuza cavab olaraq bildirib ki, hazırda ölkənin magistral yollarında yol nişanlarının quraşdırılması həyata keçirilir: “Eyni zamanda köhnə, istismar vaxtı bitmiş nişanlar da yeniləri ilə əvəzlənir. Köhnə nişanlar hündürlüyünə, ölçüsünə və ən əsası işıqqaytarma qabiliyyətinə görə standartlara cavab vermir. Gecə saatlarında bir çox magistral yollarda işıqlandırma olmadığından nişanların işıq qaytarıcılıq qabiliyyəti təhlükəsizlik baxımından çox böyük önəm kəsb etdiyinə görə bu amilə xüsusi diqqət ayrılır. Köhnə nişanların işıqqaytarma qabiliyyəti ya zəifləyib, ya da tamamilə itirilib. Yeni nişanlar vahid rəng və ölçü standartlarına uyğun formada istehsal olunur, bütün nəqliyyat vasitələrinin sürücülərinin rahat görə biləcək hündürlükdə quraşdırılır və qaranlıqda yüksək işıqqaytarma qabiliyyətinə malikdir.

Bütün yol nişanları standartlara gətirilir. Nümunə olaraq, ötən il ərzində eyni proses Aeroport şosesində aparılıb və çoxlu sayda həm yol nişanı, həm də istiqamət göstərən məlumatverici nişan (böyük tablolar) quraşdırılıb, köhnə nişanlar isə əvəzlənib.

Quraşdırmanı və demontajı fərqli qruplar həyata keçirdiklərinə görə bəzi yerlərdə proses ərzində müvəqqəti təkrarlanma halları müşahidə olunur”.