Ucarda gerçək “Kurtlar Vadisi” - Müraciət

ucarda-gercek-kurtlar-vadisi-muraciet
Oxunma sayı: 1188

Bu məsələ ilə bağlı “Qafqazinfo”ya üz tutan Ucar sakinləri hüquq mühafizə orqanlarının cinayətkar dəstənin fəaliyyətinə göz yumduğunu və onları himayə etdiyini bildiriblər. Bütün bu işlərin başında duran şəxs kimi isə onlar rayon Polis Şöbəsini və rayon məhkəməsini ittiham edirlər. Vaxtilə rayonda mövcud olan cinayətkar dəstənin üzvü olduğunu deyən Akif Cəmşid oğlu Cəfərov “Qafqazinfo”ya bildirib ki, sözügedən dəstə özünü “Kurtlar vadisi” adlandırır. O deyir ki, Ucardakı “Kurtlar Vadisi”nin “Polad Alemdar”ı Şakir Ələkbərov, “Memati”si Azad Hüseynov, “Abdulhey”i isə Elçin Əliyevdir.

Bir vaxtlar “Kurtlar vadisi” adlı mütəşəkkil dəstənin üzvü olan Cəfərov Akif Cəmşid oğlunun bildirdiyinə görə, o, “Polad Alemdar”dan aldığı göstərişlə Ucar sakini Fuad Hüseynovun “üzünə durub” və məhkəmə prosesində də bunu açıq şəkildə etiraf edib. O deyib ki, Fuad Hüseynovun sentyabrın 19-da keçirilən məhkəmə prosesi çoxlu sayda polis əməkdaşının zala daxil olması və saxta şahidlərlə diqqət çəkib. Həmçinin şahid Abdullayev Fərman, Şakir(Şahlar) Ələkbərovun onunla yeyib içdikdən sonra, içkili vəziyyətdə polis şöbəsinə getməyi və izahat yazmağı göstəriş verdiyini, ayıldıqdan sonra isə etdiklərinə görə peşman olduğunu, lakin dəstə üzvləri tərəfindən ölümlə hədələndiyini etiraf edib.

Ucarlılar “Abdulhey” kimi tanınan Əliyev Elçin Çingiz oğlunun bu hadisənin uydurma olduğu və Şakir Ələkbərovun təzyiqləri ilə həyata keçirildiyi barədə şəxsən özünün dilindən etirafları ilə bağlı çəkilişin məhkəməyə təqdim olunduğunu deyiblər.

Beləliklə də, sentyabrın 21-də keçirilən məhkəmə prosesində Hüseynov Fuad Oktay oğluna 6 il hökm oxunub. Hüquq müdafiəçisi Taleh Xasməmmədov məhkəmə barədə bu sözləri söylədi: “Bu məhkəmə tam qanunsuz və şəxsi maraqlar üzərində qurulan bir proses idi. Hakimin bir niyyəti var idi. O da Fuad Hüseynovu həbsə atmaq”. Öz növbəsində hüquq müdafiəçisi Ucarda baş verən olaylarla bağlı ölkə başçısına və Baş Prokurorluğa müraciət də ünvanladığını bildirilir.

Sözügedən məhkəmə prosesi ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu da tanış olub və bununla bağlı ciddi tədbirlərin görüləcəyini söyləyib.

Xatırladaq ki, narazı Ucar sakinləri baş verən olaylarla bağlı Prezident Administrasiyası və Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası da keçirməyi planlaşdırıb.

Hüquq müdafiəçisi Xasməmmədov Taleh Vidadi oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciəti qısa ixtisarla təqdim edirik.

(“Kurtlar Vadisi” adlı mütəşəkkil cinayətkar dəstənin ifşa olunmasına dair )

Müraciət:

Son aylar ərzində ardıcıl olaraq Ucar rayon sakinləri əllərində qərəzli çıxarılmış məhkəmə qətnamələri və qərarları ilə “Hüquq və Qanun 2010” MMC-ə müraciət edirdilər. İlk vaxtlar bu hallar diqqəti çəkməsə də, daha sonra bizə məlum oldu ki, istər mülki, istərsə də cinayət işlərində “zərərçəkən və şahidlər” eyni şəxslərdir. Belə ki, bunun səbəblərini araşdırdıqda müəyyən etdik ki, bu cinayətkar, mütəşəkkil dəstə özlərini “Kurtlar Vadisi” adlandırır, istədikləri hər bir şeyi (cinayətləri) edə bilirlər. Həmin mütəşəkkil dəstə Ucar Rayon Polis şöbəsinin sabiq polis rəisi Ənvər Quliyevin rəhbərliyi, Ucar Rayon məhkəməsinin sədri Çingiz İsgəndərovun və polis şöbəsinin bəzi əməkdaşları ilə əlbir olaraq alçaqcasına insanları şərləmək, haqsız yerə həbsə atdırmaq, ölüm işlərini gizlətmək, cinayət törətmiş şəxsləri şantaj edərək onların vasitəsi ilə insanları şərləməklə üzə durğuzmaq və sair əməllərlə varlanmaq kimi bir çox cinayətlər etməkdədirlər.

Bu cinayətlərin açılmasında bizə “Kurtlar Vadisi”-nin şantajla əllərində saxladıqları üzvləri artıq ölümlərini də gözə alaraq bunları ifşa etməyə cürət ediblər. Hal-hazırda həmin şəxslər müvəqqəti gizlənməklə adlarının məxfi saxlanılmasını istəyirlər və bu dəstəyə qarşı çıxdıqlarını biruzə vermək niyyətində deyillər.

Ucar rayonunda “Kurtlar vadisi”-nin törətdiyi cinayət əməllərinə diqqətlə nəzər salsaq onların etdikləri Hacı Məmmədov dəstəsindən heç də geri qalmır, əksinə olaraq bu cinayətkar qrup daha açıq şəkildə dinc sakinlərə zülm edir.

Həmin dəstə əvvəllər cinayəti olmuş şəxsləri üzə durmağa, iş verməyə “pritonlar” və “mavi” olanlardan hər cür vasitə ilə şantaj əməlləri ilə istifadə edərək cinayətə sövq etməklə xoşlanmadıqları şəxsləri aradan götürmək üçün istifadə edirlər.

Nəzərinizə çatdırım ki, bu cinayətkar qrup təxminən 5-6 il öncə Ucar Rayon Polis şöbəsinin sabiq polis rəisi Ənvər Quliyevin rəhbərliyi ilə polis işçiləri, Ucar Rayon sabiq prokuroru Mirramil Ağamirov və mülki şəxslərdən ibarət bir komanda olmaqla əsas məqsədləri özlərinin himayəsində olan “üzəduranların” köməkliyi ilə günahsız insanları həbsə atdırmaqla, dinc sakinlərə zülm etmək yolu ilə külli miqdarda pul mənimsəməkdən ibarət olub.

Cinayətkar dəstənin həyata keçirdiyi cinayət əməllərindən bizə faktlarla məlum olan günahsız həbsə alınanlardan Kərimov Ruslan, Hüseynov Fuad Oqtay oğlu, Məmmədov Fuad Nizami oğlu, Qarayev Müşfiq Knyaz oğlu, Natiq, Eldəniz və s. kimi heç bir cinayət işləmədən bu dəstənin qurbanı olublar.

Bununla yanaşı bu dəstə tərəfindən Kamilov Sadiq Faxrət oğlu, Əfəndizadə Tahir, Ələkbərov Vüsal, İsmayılova Almaz, Məmmədova Fərqanə, Məmmədova Brilliant, Kərimova Nailə, Nərmin, Rüstəmova Zülfiyyə, Kərimov Ələkbər, Ələkbərov Zakir və bunlardan başqa onlarla Ucar rayon sakinləri zərər çəkiblər”.

Hüquq müdafiəçisi öz müraciətin dəstənin əməllərindən zərər çəkən insanların siyahısını əlavə edib, onlara qarşı hansı cinayət əməllərinin həyata keçirildiyini göstərib. “Baş verən hadisələrlə yanaşı,sözü gedən dəstənin və Ucar rayon Polis Şöbəsinin qanunsuz əməlləri nəticəsində,2 il əvvəl Eldəniz adlı şəxs, 2 ay əvvəl isə Natiq adlı bir şəxs öz həyat yoldaşı və polis əməkdaşı Mahir tərəfindən şərlənərək həbsə alınmışdır.

Ucar rayonu H. Zərdabi küç. d. 2 ev 75-də yaşayan Nəbiyev Pərvin Mehman oğlu, 28 may küç. ev1/1-də yaşayan İslamova Maral Məmmədhüseyn qızı və həmin ünvanda yaşayan Kərimov Ələkbər Eldar oğlu Həbib, Şükür və s. polis əməkdaşları tərəfindən döyülmüşdür.

Ucar rayon sakini Kamilov Sadiq Faxrət oğlu Ələkbərov Şahlar Xəlil oğlu tərəfindən aldanılaraq 58.000 (əlli səkkiz min) ABŞ dolları mənimsənilmişdir. Ucar rayon məhkəməsinin sədri Çingiz İsgəndərov Ələkbərov Şahların (Polat Ələmdar) tapşırıqlarını yerinə yetirdiyi səbəbindən zərərçəkən pulunu geri almaq əvəzinə nəinki pulunu almış, əlavə olaraq 08 iyun 2011-ci il tarixdə məhkəmənin qərarı ilə yalan iddianı təmin edərək Kamilov Sadiqdən 6.900 (altı min doqquz yüz) ABŞ dolları alınaraq Şahlar Ələkbərova (Polad Ələmdara) verilməsinə dair qətnamə qəbul edilmişdir.

Yuxarıda qeyd edilənlər “Kurtlar Vadisi” mütəşəkkil cinayətkar dəstənin əməllərinin bir hissəsinin qısa təsviridir. Həmin cinayət işlərində cinayətkar dəstə ilə yanaşı Ucar rayon Polis Şöbəsi, Ucar rayon prokurorluğu, Ucar rayon məhkəməsinin hakimi Çingiz İsgəndərov və digər şəxslərin “fəallığı” nəticəsində günahsız insanalrın həbsi və çoxlu sayda zərər çəkən insanların hüqüqları pozulmaqda davam edir.

Hal-hazırda Ucar rayonunda nəinki yüzlərlə, hətta minlərlə sakinlər bu cinayətkar dəstəyə müvafiq hüqüq-mühafizə orqanlarının “dur” deyəcəyini gözləməkdədir. Həmin dəstə haqqında xeyli sayda maddi sübutlar (video çəkilişlər və audio yazılar) 12 avqust 2011-ci il tarixdən dəstənin bəzi üzvləri və yalançı şahidlər tərəfindən toplanmaqla ifşa olunur.

Bizə daxil olan müraciətlərə hüquqi qiymət verərək, belə bir qənaətə gəlirik ki, cinayət faktları aşkar şəkildə biruzə olunur, zərərçəkənlər rayon səviyyəsində şikayətlərini ünvanlamağa yer tapa bilmir və bizə etdikləri müraciətlərin qısa formasını sizə ünvanlayırıq. Cinayət törətmiş şəxslərin həbsini, günahsız həbsə alınanlarının dərhal azad olumasını, həyatı təhlükədə olanların təhlükəsizliyinin təmin edilməsini və zərərçəkənlərin hüqüqlarının bərpa edilməsi üçün ciddi tədbirlər görülməsini Sizdən xahiş edirik”.


Hüquq müdafiəçisi “Yalançı zərərçəkən və şahidlərin video çəkilişləri”, “Yalançı zərərçəkən və şahidlərin audio səs yazıları”, “Qanuni əsası olmayan məhkəmə qətnamələri və qərarları”, ““Kurtlar vadisi” adlanan cinayətkar dəstənin üzvünün etiraf ərizəsi”, “Haqlı şahidlərin müraciətləri”ni də müraciətə əlavə edib.