Budapeştdə türkdilli diasporun birgə fəaliyyəti müzakirə olunub

budapestde-turkdilli-diasporun-birge-fealiyyeti-muzakire-olunub
Oxunma sayı: 834

Türk Şurasının Budapeştdəki nümayəndəliyinin rəhbəri, səfir Yanoş Hovari ilə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüş zamanı səfir dünyadakı macar icmaları, miqrasiya problemləri, müxtəlif ölkələrdəki diasporların yerli cəmiyyətlərə inteqrasiyası və türkdilli diasporun birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.

Dövlət Komitəsinin sədri Fuad Muradov səfirin diqqətini dövlətimizin yürütdüyü diaspor siyasətinə cəlb edib. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş zirvə görüşü, türkdilli diasporların müxtəlif ölkələrdəki toplantıları haqqında geniş məlumat verən F.Muradov bildirib ki, Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşdırılmasını strateji hədəf kimi müəyyənləşdirmiş Dövlət Komitəsi artıq ümumtürk diasporu şəbəkəsinin yaradılması istiqamətində addımlar atmaqdadır. Komitənin hazırladığı “Türkdilli diasporların inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycan və Türkiyə, eləcə də ümumilikdə türkdilli diasporların birgə fəaliyyəti xüsusi yer tutur. Gələn il türkdilli gənclərin yay düşərgəsinin təşkil ediləcəyi fikri qarşı tərəfdə böyük maraq doğurub.

Sonra Dövlət Komitəsinin adından Y.Hovariyə Azərbaycanın tarixinə və mədəniyyətinə dair xatirə hədiyyələri təqdim edilib.

Görüşdə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev və nümayəndə heyətinin üzvləri iştirak ediblər.