“Bunlar epilepsiyaya səbəb ola bilər”

bunlar-epilepsiyaya-sebeb-ola-biler
Oxunma sayı: 4006

Uşaqlarda rast gəlinən ən vacib xroniki xəstəliklərdən biri də epilepsiya xəstəliyidir. Övladında epileptik qıcolmalar (sudoroqa) olan ailələr çox narahat və qorxu içində olurlar. Uşaqlarını tək qoymaqdan çəkinirlər. Bəzi hallarda hətta uşaqlarının cəmiyyətdə neqativ hallara məruz qaldıqlarını görərək uşaqları evdən çölə çıxmağa, məktəbə getməyə, cəmiyyətə qaynayıb-qarışmağa icazə vermirlər.

Mövzu ilə bağlı "Qafqazinfo"nun suallarını "Ege Hospital"ın həkimi, Türkiye Hacettepe Unversitetində uşaq nevrologiyası üzrə üst-ixtisas təhsili (yandal uzmanlığı) almış Dr.Cavid Sərdarzadə cavablandırıb.

- Epilepsiya nədir? Tam olaraq nəyə epilepsiya deyirik?

- Beynimizdə “neyron” adı verilən milyonlarla sinir hüceyrələri var. Hər bir sinir hüceyrəsinin elektrik aktivliyi sayəsində onlar bir-biri ilə əlaqəli şəkildə işləyirlər. Bu hüceyrələrin normal işləməsi nəticəsində beyin bizim davranışlarımızı, hərəkətlərimizi, düşüncələrimizi, hisslərimizi idarə edir. Hər-hansı bir səbəbdən beyin-sinir hüceyrələri anormal şəkildə elektrik aktivliyi qazanaraq ani, nəzarətsiz elektrik boşalmaları ola bilər ki, bunun da nəticəsində tutmalar görülür. Tutmalar özünü müxtəlif qeyri-normal hərəkətlərlə göstərir. Məsələn, qeyri-iradi hərəkətlər, əzələ yığılmaları, şüurun itirilməsi, özündən getmə halları, qoxu almada, görmədə dəyişikliklər və s. Beyində olan bu meyillilik səbəbiylə 2 və ya daha çox sayda tutma halı olanda buna epilepsiya deyirik.

- Epileptik tutmaların səbəbi nədir?

- Epilepsiyanın bu gün bilinən səbəblərinin yarıdan çoxu irsi (genetik) səbəblərdir. Ancaq beynin funksiyasını pozan hər hansı bir faktor epilepsiyaya səbəb ola bilər. Məsələn, yeni doğulmuş körpələrdə, vaxtından əvvəl doğulanlarda, beynin oksigensiz qalma hallarında və ya beyində su toplanma hallarında epileptik tutmalar görülə bilər. Digər səbəblər arasında metabolik xəstəliklər, qanda şəkərin az olması, qanın mikroelementlərində olan anormallıqları göstərmək olar. Uşaq yaş qruplarında epileptik tutmaların əsas səbəbləri beynin infeksiyon xəstəlikləridir – meningit, ensefalit, beyin travmaları, beyin qan-damar xəstəlikləri, beynin şiş xəstəlikləri, beynin inkişaf pozğunluqları, anadangəlmə metabolik xəstəliklər. Qısası, beynin forma və funksiyasını pozan hər şey epilepsiyaya səbəb ola bilər.

- Epilepsiya xəstəliyi hansı əlamətlərlə özünü göstərir?

- Epileptik tutmalar zamanı müxtəlif anormal hallar baş verir. Bunlara qıcolmaları misal göstərə bilərik. Əgər qıcolma bədəndə bir tərəfdə varsa və ya lokal bir sahəni əhatə edirsə, buna qismi, təktərəfli qıcolma deyirik. Bu zaman şüurun itirilməsi ola da bilər, olmaya da bilər. Qıcolma bədəndə yayılıb hər tərəfi tutarsa, buna yayılmış-yayğın qıcolma deyirik. Bəzi epileptik tutma növlərində qıcolmalar olmur. Uşaq sabit bir tərəfə baxır və ya oyun oynadığı zaman donub qalır. Bədəndə ümumi boşalma, süstlük olur. Yeni doğulan körpələrdə velosiped sürən kimi ayaqlarını oynatma, ağız marçıldatma və s. kimi hallar olur. Bəzi hallarda xəstələr burunlarına anormal qoxu gəlməsindən, baş gicəllənmələrindən, göz səyriməsi, üzdə səyrimədən şikayət edir ki, bunlar da epileptik tutma əlamətləri ola bilər.

- Epileptik tutmalar nə qədər davam edir?

- Epileptik tutmalar bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edə bilər. Az hallarda tutmaların müddəti 30 dəqiqədən daha çox ola bilər. Tutmaların uzun müddət davam etməsi təhlükəli haldır. Bu zaman beynin oksigensiz qalma müddəti artır ki, nəticədə beyinə müxtəlif dərəcədə zərər gələ bilər. Ancaq əksər hallardada tutmalar bir neçə dəqiqəyə öz-özünə sonlanır. Qısamüddətli tutmalar beyinə zərər vermir.

- Epilepsiya xəstəliyinin diaqnozu necə qoyulur?

- Tibdə bəzi xəstəliklərin əlamətləri epilepsiya tutmaları zamanı ortaya çıxan əlamətlərə bənzəyə bilər. Bu səbəblə epileptik olduğundan şübhələndiyimiz hər uşaq uşaq nevroloqları tərəfindən müayinə edilməlidir. Öncə xəstə yaxınlarından ətraflı məlumat almaq lazımdır. Xəstə yaxınları tərəfindən hadisə ətraflı dinlənilməli, sonra əgər epileptik tutma zamanı xəstə yaxınları telefon vasitəsi ilə video çəkiblərsə, ona baxılmalıdır. Bundan sonra diaqnoza yönəlik xəstə müayinə edilməli, radioloji və labarator analizləri aparılmalıdır. Bura beynin elektroensefaloqraması – EEG, MRT, Kompüter Tomoqrafiyası, qan analizləri daxildir. Hər zaman bunların hamısnın olunmasına ehtiyac olmaya bilər.

- Diaqnoz qoyulduqdan sonra müalicəsi nəcə aparılır?

- Epilepsiya xəstəliyi xroniki bir xəstəlik olduğu üçün mualicəsi uzun vaxt tələb edir. Xəstələrin 90 faizə qədəri dərmanla müalicə olunur. Digər 10 faizə qədər xəstələr isə ketogenik pəhriz, əməliyyat və beyinə elektrostimulyator implantasiyası metodları ilə müalicə olunurlar. Uşaqlarda epilepsiya xəstəliyinin 70-80 faizi müalicəyə tabe olur, tutmaları ya tam şəkildə aradan qalxır ya da böyük ölçüdə azalır. 20 faizə qədəri isə müalicəyə çətin tabe olur.

- Epilepsiya xəstəliyi olanların həyat tərzi necə olmalıdır?

- Hər şeydən əvvəl dərmanları vaxtlı-vaxtında qəbul etməlidirlər. Epileptik tutmalara səbəb olan faktorlardan uzaq durmaq lazımdır. Bunlara aclıq, yuxusuzluq, yorğunluq, ekrana çox baxmağı aid edə bilərik. Bu xəstələr cəmiyyətdən qoparılmamalıdır. Normal həyatlarına davam etməlidirlər, epileptik tutmaları olan uşaqlar bağçaya, məktəbə, universitetə gedib həyatda müxtəlif nailiyyətlər əldə edə bilərlər. Tarixdə epilepsiyası olan, ya da epilepsiya olduğundan şüphə edilən məşhur adamlar çoxdur. Bunlardan İsak Nyuton, Yuli Sezar, Leonardo Da Vinçi, Fyodor Dostoyevski, Napoleon, Bethoven, Alfred Nobel, Vinsent van Qoq, Sokrat, Janna D’arkın adlarını çəkmək olar. Bu insanlar ölkə rəhbəri, alim, yazıçı, rəssam, şair və ya başqa sənətlə məşğul olub böyük uğurlar əldə ediblər. Epilepsiyaları onların həyatına çox təsir etməyib.