“Burda şok nə var ki?” - Oqtay Əsədov + Yenilənib

burda-sok-ne-var-ki
Oxunma sayı: 8235

Milli Məclisin bu gün keçirilən iclasında ABŞ-nın Helsinki Komissiyasının Azərbaycanla bağlı hazırladığı qanun layihəsi ilə mazakirələr başlanıb. 

“Qafqazinfo” xəbər verir ki, çıxış edən deputat Sahib Alıyev bildirib ki, Azərbaycanla Amerika arasındakı müttəfiqlik münasibətləri var: “Bu təkcə iki ölkə arasında deyil, bütövlükdə regionda proseslərə də töhfəsini verir. Amma təəssüflər olsun ki, bu münasibətlərə kölgə salınan addımlar atılır”.

Spiker Oqtay Əsədov qeyd edib ki, ermənilərin radikal diaspor rəhbərlərindən biri olan Aram Hamparyan tvitter səhifəsində yazıb ki, onun işini dəstəkləmək üçün Kris Smitlə görüşlər keçirib: “Smit vaxtilə Demokratlar Partiyasının, Respublikaçılar partiyasının üzvü olub. İndi isə o erməni diaspora partiyasının üzvüdür. Bunu media şok, şok deyə təqdim edir. Burda şok nə var ki? Təssəvvür edin ki, biz bir komissiya yaratmışıq. Kimsə də belə bir çıxış edib. O adi deputatdır. Bu il 31 dekabrda əfv fərmanı olacaq. Bununla onlar qəsdən istəyirlər ki,əfv fərmanına kimsə düşməsin. Bundan sonra Azərbaycana qarşı istifadə etmək niyyətləri var. Ammabiz onların niyyətləri ilə iş görmürük. Amerika səfiri jurnalistlərə açıqlama versin ki, bu bəyanat Amerika dövlətinin mövqeyidirmi, yoxsa hansısa adi bir konqresmenin mövqeyidirmi?”.

***

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, Azərbaycanda hər ilin sonunda əfv fərmanı verilir: “Belə bir qanun layihəsi ilə çıxış etməklə Azərbaycanı təxribata çəkmək istəyirlər. Ayın 16-da Kristofor Smit çıxışında dedi ki, bu gün Avropa Şurasının baş katibi Tomas Yaqland Azərbaycana araşdırıcı komissiya göndərmək barədə qərar qəbul edib və biz onunla əlbir işləməliyik. Bu onu göstərir ki, bu qanun layihəsi də əvvəlcədən planlaşdırılıb. Layihə kontekstdən çıxarılmış Azərbaycana qarşı birgə təxribat əməlidir. Bizə qarşı təpkilər çox olacaq. Bizdən kəskin, düzgün olmayan reaksiyalar verməyimizi istəyirlər. Ancaq onu da bilmək lazımdır ki, bu qrup adamın mövqeyidir”.

***

Deputat Fəzail Ağamalı qeyd edib ki, Azərbaycana qarşı yenidən hücumlara yol verilir: “Azərbaycanın tutmuş olduğu yol demokratik yoldur. Məni təəssüfləndirən odur ki, Amerika ATƏT Minsk qrupunun üzvü kimi Dağlıq Qarabağın separatçıları ilə görüşür. Dövlət Departamenti bu günə kimi bu cür hallara qarşı hüquqi qiymətini verməyib. Bunun da arxasında hesab edirəm ki, erməni təsirində olan dövlət katibi Con Kerrinin dirijor çubuğu dayanır”.

Millət vəkili Fazil Mustafa vurğulayıb ki, əfv siyahısını genişləndirmək lazımdır: “Biz bunu özümüz üçün edək, kimsə üçün etməyək. Onsuz da əfvə düşə biləcək adamların içərisində elələri var ki, buraxılandan sonra hansısa proseslərə təsir etmək gücündə deyillər. Biz onları sadəcə məşhurlaşdırırıq. Onsuz da xaricdən qrant almaqla bağlı məsələlər xeyli çətinləşdirilib. İkincisi isə, Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılması çox müsbət addımdır. Amma son hadisələr onu göstərir ki, bütövlükdə hüquq-mühafizə orqanlarında üzərində parlament nəzarəti gücləndirilməlidir”.

***

Deputat Zahid Oruc deyib ki, biz Amerika ilə bütün hallarda işləməliyik: “ABŞ Konqresində Azərbaycanla dost olan konqresmenlər varmı? Əlbəttə var. Bir dəfə də onlar bizə uyğun akt hazırlayıblarmı? Ona görə biz Amerika ilə işi gücləndirməliyik”.

Spiker isə Z. Orucla razılaşmayıb. Qeyd edib ki, onsuz da Amerika ilə iş aparılır: “Eyni zamanda bilmək lazımdır ki, orada erməni diasporasının tarixi nə vaxtdan başlayır, Azərbaycan diasporasının tarixi nə vaxtdan? 2007- ci ildə Konqresdə məsələ müzakirə olunarkən biz 210 səs əldə etdik. Cəmi 15 səs çatmadı. Bu göstərici deyilmi? Amma siz hər şeyin birdən-birə olmasını istəyirsiniz”.

Deputat Elmira Axundosa isə çox maraqlı əfv siyahsıının hazırlandığını bildirib: “İndi siz bunu görəcəksiniz.Həmkarım Səməd Seyidovun da qeyd etdiyi kimi, onların siyasi məhbus adlandırdığı adamları biz azad etsək, yenə də bizə qarşı çıxışlarından əl çəkməyəcəklər”.

Günel Türksoy