Buzovnada dənizə çıxışı bağlayan hasarlar sökülür - Foto

Buzovnada dənizə çıxışı bağlayan hasarlar sökülür
Oxunma sayı: 7216

Buzovnada Xəzər dənizinə çıxışı məhdudlaşdıran hasarlar sökülür. Bu barədə saytımıza sakinlər məlumat veriblər.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq Xəzər rayonu İcra Hakimiyyətindən (RİH) faktı təsdiqləyiblər.

Bildirilib ki, Buzovnada dənizin içinə qədər uzanan çəpərin (baryerin) sökülməsi işlərinə başlanılıb: “Xəzər rayon ərazisində torpaq sahələrinin qanunsuz zəbt edilməsi, özbaşına tikintilərin qarşısının alınması və bu sahədə qanunauyğun tədbirlərin həyata keçirilməsi” məqsədilə Xəzər Rayon İcra Hakimiyyətində yaradılmış komissiya tərəfindən aidiyyəti dövlət qurumlarının əməkdaşlarının birgə iştirakı ilə Xəzər dənizinin sahili boyu Buzovna qəsəbəsinin inzibati ərazisində monitorinq aparılıb.  

Aparılan monitorinq zamanı sözügedən ərazidə dənizə çıxışı məhdudlaşdıran tikililərin uzun illər öncə inşa edildiyi müəyyən olunub. Qeyd olunanlarla bağlı ərazidə yerləşən tikili sahiblərinə dənizin mühafizə zolağında inşa olunan tikililərin sökülərək, ərazinin əvvəlki vəziyyətə qaytarılması ilə bağlı maarifləndirmə və izahat işləri aparılıb”.

RİH-dən o da qeyd edilib ki, aparılan izahat işləri nəticəsində vətəndaşların şəxsi təşəbbüsləri ilə Xəzər dənizinin sahili boyu Buzovna qəsəbəsinin inzibati ərazisində mövcud tikililərin (çəpərlərin) sökülərək dənizin mühafizə zolağının əvvəlki vəziyyətə qaytarılması işləri həyata keçirilir: “Sözügedən ərazidə aparılan işlər tərəfimizdən nəzarətdə saxlanılır”.

Eldar Tanrıverdi