“Yasaq olunmuş ehtiraslar” – Hekayə

yasaq-olunmus-ehtiraslar-hekaye
Oxunma sayı: 1313

2018-ci ilin payız ayları idi. Azərbaycan çox dəyişmişdi. Dilqəm Rusiyadan deportasiya olunmuşdu - vətənə qayıdırdı. Səkkiz il idi ki, orada yaşayırdı. Hava limanından taksiyə minib birbaşa avtovağzala gəldi. Doğma şəhəri Gəncəyə getməyi qərara aldı. Sürücüyə yaxınlaşıb gediş haqqını soruşdu. Sürücü gülümsədi. Ona kassaya yaxınlaşmağı söylədi. Dilqəm kassaya üz tutdu. Ona növbəyə keçib gözləməsini söylədilər. Dilqəm növbədə fikrə getdi – ailəsi üçün və ən əsası ağrəngli “VAZ-21 07” avtomobili üçün çox darıxmışdı. Bilet alıb avtobusa mindi. Yeri arxada idi. Yerini qabağa saldırmaq istədi – sürücüyə şirinlik təklif etdi. Sürücü qorxdu:

- Məni tutdurmaq istəyirsən?! Çəkil başımdan – görüb eləyən olar.

O təəccüblə yerinə keçdi. Avtobus tərpəndi. Televizorun olmaması və moqnitofonun işləməməsi onu darıxdırırdı. Yanındakı insanı söhbətə çəkdi:

- Qaqa, sən də Gəncəyə gedirsən?

- Bəli, nədiki?

- Deyirəm, ölkəmizin xarici görünüşü çox dəyişib – yollarımız düzəlib, Bakıda qəşəng binalar tikiblər...

Soyuqqanlı yol yoldaşı başını aşağı salıb, Tolstoyun “Dirilmə”sini oxumağa davam etdi.

Dilqəm qabaqda oturmuş uzunsaçlı oğlanı işarə edib dedi:

- Deyirəm, bu cavanların axırı nolacaq? Ona bax, yekə oğlandı, qulağına nauşnik taxıb yatır, elə bil özünü harda hiss edir.

- Əşşi, nəyimizə lazımdı?!

Dilqəm tutuldu və susdu.

Gəlib Gəncəyə çatdılar. Dilqəm evə tələsirdi. Tezbazar taksi tutmaq istədi. Ancaq alınmadı - taksi sürücüləri artıq avtobusa yaxınlaşıb, “taksi lazımdır?” sualını ünvanlamırdılar. Dilqəm məcbur olub taksi dayanacağına getdi. Bir taksiyə oturdu. Evə götürüldü.

* * *

Qapı döyüldü. Həyəcanlı ana oğlunun gələcəyini bilirdi. Tez qapını açdı:

- Dilqəm, oğlum! Təntənəli salamlaşmadan sonra evdəkilər sakitləşdilər.
Şam yeməyi hazırlandı – ailə masa arxasına keçdi. Ata:

- Oğul, danış görək nə var, nə yox...

- Ehh... mən nə danışım – köhnə hamam, köhnə tas. Amma buralar çox dəyişib. Deyəsən, siz mənə çox şey danışmalı olacaqsınız.

Ata: - Oğul, sənin deportasiya xəbərini eşidəndə çox kədərləndik. Qorxduq, başına pis işlər gəlib. Telefonla da açıq-aydın danışmadın. De görək, nə olub?

* * *

Dilqəm “böyük danışanda, kiçik susar”, “Ata dediyi qanundur”, “Palaza bürün, elnən sürün” və.s kimi yüksək əxlaqi dəyərlərlə böyümüşdü. O, əslində arvadı Tanyanı döydüyü üçün və rus millətini küçənin ortasında təhqir etdiyi üçün məhbəsdə saxlanılıb, sonra deportasiya edilmişdi. Yüksək əxlaqi dəyərlərlə böyüdüyü üçün arvadını çox qısqanırdı. Arvadı da açıq-saçıq geyinirdi. Bədbəxt rus qızı da anlamırdı ki, kişi dediyi - qanundur. Belə bir əxlaqsızla Dilqəm öz qeyrət və namusuna sığışdırıb yaşamazdı ki?! Aldığı tərbiyəyə əsaslanıb, Rusiyada ikən tutulanda atasına və ailəsinə hörmət əlaməti olaraq telefonla yalan danışmışdı: “Ataya necə demək olar ki, mən rus qızı ilə evlənmişəm?! Ailəmizin şərəfi nə olar?! El qınağı deməz ki, sənin nə qeyrətsiz oğlun var, ay İsa kişi?! Uşaqlıqdan sözlüm olan Gülaya nə deyərəm?!”. Bütün bu fikirlər ona əzab verdiyindən, “sənədlərim qaydasında olmadığı üçün məni deportasiya etdilər” demişdi.

* * *

- Ay ata, hamısı bu rus əclafların günahıdı – yaxşı pul qazandığım üçün məni şərlədilər. Sənəd problemi yaratdılar. Mən də bezmişdim oralardan. Yaxşı ki, belə oldu – çıxdım gəldim. Amma siz elə bil mənim gəlişimə o qədər də sevinmədiz.

İsa kişi tutuldu. Ana müdaxilə etdi. Kiçik oğula müraciətlə:

- Elmuraz, sən dərslərini oxumusan?

Dilqəm: - Eh... Ay ana, sən də söz danışdın. Nəyinə lazımdır oxumaq? Güya oxuyanlar ağ günə çıxıb? Allaha şükür, yaxşı qohumlarımız var, ona da bir iş taparıq. Nə qədər ki, mən ölməmişəm, bütün problemləri həll etməyə qadirəm. Qoy özü üçün şellənsin – gələcəyə allah kərimdir.

Elmuraz: – Dilqəm, mən bu dərsi başa düşmürəm, kömək edə bilərsən?

– Heç yeridi?! Bir az düşüncən olsun - görmürsən ciddi söhbət edirik?!

Elmuraz soyuq emosiya göstərdi: – Ehh, sən də...

Dilqəm yorulmuşdu. Yatmağa getdi. Anası fürsəti görüb ərinə dedi:

– Bunu necə izah edəcəyik ona? “07”-ni satıb cərimələrə verdiyimizi bilsə, çox kədərlənəcək yazıq balam. Hələ sənin məhkəməyə verildiyini bilsə...

- Narahat olma, arvad, mən birtəhər başa salaram.

Səhər açıldı, hamı səhər yeməyi yeyirdi.

Dilqəm əsnəyərək: - Nətər bərk yatmışam.

Elmuraz: – sabahın xeyir, Dilqəm, bunu demək çətin deyil axı...

– Rədd ol, küçük, buna bax, böyüyə yol göstərir.

Elmuraz gülərək çantasını çiyninə atıb, məktəbə getdi. Dilqəm masa arxasında əyləşdi. Səhər yeməyi başa çatdı.

İsa kişi dedi: - Oğlum, səninlə vacib bir şey barədə danışmalıyam. Çox ciddi məsələlər var.

– Buyur, atacan.

– Seçkilər vaxtı aldığım maşını satmışam – bizi bu allahsızlar cərimələyib, işimiz də məhkəməlikdir. Mənim həbsə getmək təhlükəm var. Neçə aydır bu məhkəmələrdən canım qurtarmır. Vəziyyətimiz indi yaxşı deyil. Ailəmizi ancaq ananın təqaüdü ilə saxlayırıq.

- Eybi yox, ata, olan mala olsun – o, kədərli cavab verdi. Bəs əmim şöbə rəisinin müavini idi – sənə kömək eləmədi?

- Oğul, artıq hər şey çox pis olub. Bu vicdansızlar sənin əmini iqtisadçıdı deyə, işdən çıxardıb başqa işə qoydular. O, artıq polis deyil. Olsaydı da kömək edə bilməzdi. Qohumluğun mənəvi dəyərini o qədər alçaldıblar ki, bu yaramazlar...

Kişinin gözləri doldu. Dilqəm heç nə demədən əsəbiləşib evdən çıxdı. Dostu Muradgilə getdi. Muradgilin evinin yaxınlağındakı kafenin qabağında gördükləri onu daha da əsəbiləşdirdi. İki polis Muradın qollarından tutub kafedən çıxardırdılar. Nəsə mübahisə düşmüşdü.

Dilqəm: - Nə olub, burda?

Polis: - Vətəndaş içəridə hay-küy yaradıb. Camaatın istirahətini pozub. Biz də onu kafedən çıxartdıq. İndi yerində cəriməni ödəmək istəmir.

Dilqəm bunu qüruruna sığışdırmadı. Cibindən pul çıxardıb polislərə verdi:

- Buraxın, o, mənim dostumdur.

Pulun qalığını aldı. Güldü.

Murad: - Xoş gəlmisən, qardaş. Onlar qucaqlaşdılar.

Dilqəm: - Burax, rədd olsunlar. Özlərini nə hesab edirlər?!

Bir-biri üçün darıxmış dostlar söhbət etməyə getdilər. “Xan Bağı”nın yanında bir çay evində oturdular.

- Ay Dilqəm, sənin üçün çox darıxmışdım. İndi adamı başa düşən çox az dost tapılır. Etibar etdiyin insanlar da artıq başqa cür yaşayır. Sənin kimi dostumun olmasına çox sevinirəm. Yalnız sən məni başa düşürsən. Diplomum olmadığı üçün məni işdən çıxartdılar. Çox pərişanam. Gördün daa, uşaqlarla oturub bir az mırtdaşırdıq - burnumdan gətirdilər. Adamla adi zarafat üstündə belə edərlər?!

- Nə etmişdin ki?

- Kafedə bir kişi var idi. Bizim küçədəki Niyaz kişiyə oxşatdım arxadan. Yaxınlaşıb başına vurub papağını yeməyin içinə saldım. Bir də gördüm ki, bu, o, deyilmiş. Əclaf da o dəqiqə polisə zəng etdi.

- Boş şeylərdi, fikir vermə. Səndən bir şey soruşum. Uşaqlıq sözlüm - Gülay haralardadır, bilmirsən?

- Dilqəm, mən səni həqiqətən çox istəyirəm. İstəmirəm ki, özünü pis hiss edəsən. O qızdan sənə yar olmaz. Tamamilə əxlaqsızlaşıb. Çox açıq-saçıq geyinir. Oğlanlarla dostluq edir. Qızla oğlanın nə dostluğu?!

- Bir az açıq danış, tam başa düşmürəm.

- Məktəbi qurtarandan sonra universitetə qəbul oldu. Elə bütün abır-həyası da orda itdi. Eşitmişəm ki, hətta, sevgilisi də var imiş. Sonra ayrılıblar. İndi Gəncədə bir təşkilatda işləyir. “Liberalizm”, “demokratiya” qışqıran zir-zibillərə qoşulub. İstəyirsən, gedək özün gör - işlədiyi yeri bilirəm. Get, kişi kimi ona sözünü de, bəlkə bir az utana.

- Murad, çox sağ ol bunu mənə dediyin üçün. Mən ona göstərərəm namus-qeyrəti itirmək nə deməkdir.

Onlar Gülayın işlədiyi bir QHT ofisinə getdilər. Qapıda iki gözətçi var idi. Murad onlara yaxınlaşıb dedi:

- Mənim dostum burda işləyən Gülayın qohumudur. Onunla görüşmək istəyir. Xahiş edirəm bizi buraxın.

Gözətçi içəri xəbər verdi. Razılıq gəldi. Onlar içəri daxil oldular. Dəhlizdəki oturacaqda oturub gözləmələrini xahiş etdilər. Zalda “homoseksualların rəsmi nikahı” mövzusunda müzakirə gedirdi. Dilqəm səbrini cilovlaya bilməyib qapını açdı. Həmin an Gülay deyirdi:

- Məncə, onların evlənməsində heç bir faciə yoxdur. Artıq Azərbaycan cəmiyyəti bir sıra dünya ölkələrinə bu sahədə nümunə olub. Bir halda ki bu, onsuz da var və başqalarına heç bir zərər vurmur - gizlin olmağındansa, rəsmi şəkildə qəbul olunmasının tərəfdarıyam.

Dilqəm qulaqlarına inanmadı. “Hanı o abırlı, başıaşağı, namuslu, ev qızı?” – deyə, düşündü. Xeyr, o, artıq yox idi. Dilqəm ürəyində fikirləşdi: “Onu Allah lənətləyib, görən günahı nə idi?!”

İçəri daxil olan Dilqəm birbaşa Gülayın üstünə yeridi. Düz gözlərinin içinə baxdı. Anidən ona bir şillə çəkdi. Qız nə olduğunu anlamadan yerə sərildi. Dərhal mühafizə içəri girdi. Onları polis bölməsinə apardılar.

Gülay onu tanımamışdı. Hətta nə vaxtsa valideynlərinin onu atasının dostunun oğlu ilə “söz”lədiklərini də unutmuşdu. “Yəqin başı xəstə adamdır” deyə fikirləşib, hadisəni unutmaq qərarına gəldi.

* * *

“KPZ”nin üçüncü günü idi. İsa kişi oğluna baş çəkməyə gəldi. Atasını görən Dilqəmi ağlamaq tutdu. “Kişi ağlamaz” prinsipini üstün tutub özünü toparladı:

- Ata, sən o qızın belə pozğun yola düşdüyünü mənə niyə deməmişdin?!

- Oğul, o, artıq bizi bəyənməzdi. Beləsinə görə üzülməyə dəyməz. Nəyimizə lazımdır? Burax rədd olsun. Qızdan çox qız var. Bir halal süd əmmiş də sənin qarşına çıxar.

Dilqəm artıq bu barədə danışmağın mənasız olduğunu anladı. Həm də onları bu axşam buraxacaqdılar. İsa kişi getdi.

Dilqəmlə Murad axşamçağı azadlığa çıxdılar. Üç ağır günün stresini atmaq üçün içməyə getdilər.

- Bu badəni də sənin sağlığına içirəm. Murad, sənin kimi dostu ölsəm də tapmaram. Görən biz niyə bu günə düşdük?!

- Kədərlənmə, Dilqəm. Mütləq bir çarə olmalıdır.

- Necə?

- Bizim cavanların belə pis yollara düşməsinin qarşısını almalıyıq. Qaqa, bilirsən nətərdi, bizim vaxtilə küçədə böyük “blat”ımız olub. İndi də öz sözümüzü deməliyik ki, gəncləri düz yola gətirək.

- Axı necə?..

- Bilirsən, indi sərbəst toplaşma deyirlər, nə deyirlər, bilmirəm, onu qəbul eləyiblər. Çıxaq öz sözümüzü deyək. Namuslu adamlar mütləq bizə qoşulacaq.

- Başımıza iş gəlməz?

- Əlbəttə, sən Rusiyetdə olanda mən bunların qayda-qanunlarını çox görmüşəm.

* * *

Onlar plakatlar hazırlamışdılar. Şüarlar var idi: “Rədd olsun Avropa qanunları! Rədd olsun əxlaqsızlıq! Rədd olsun namussuzluq!”. Plakatları əllərinə götürüb “Qlavnı”ya tərəf yeriyirdilər. Üç qoca kişi də onlara qoşuldu. Birdən polislərin onlara sarı gəldiklərini gördülər. Dilqəm qorxdu: “Vəssalam, işimiz bitdi!”. Polisin biri onlara dedi:

- Bizim ardımızca gəlin. Biz sizi mühafizə edərik.

Elmuraz və sinif yoldaşları onlara daş atmağa başladılar. Polislər uşaqları uzaqlaşdırdılar.