Ziyad Səmədzadədən aldığım 150,000 dollar (manat)

ziyad-semedzadeden-aldigim-150000-dollar-manat
Oxunma sayı: 1061

Seçkilər zamanı ən çox məhrumiyyətlərə məruz qalan, namizədliyi məhkəmə hökmü ilə qeydiyyata alınan, polis zorakılığı ilə üzləşən, seçki qərargahı üç dəfə qapadılan, və seçiciləri ilə görüşə icazə verilməyən, görüşlərinin əksəriyyətini polislər dağıdan namizədlərdən biri də mən oldum.

Seçkidən sonra, hamı kimi mən də bir az depressiya yaşadım. Hətta, seçkidən sonra bir az özümə qapalı qaldım və şikayət vermək üçün də bütün işləri seçki qərargahımın rəhbəri Ramiz bəyin üzərinə buraxdım. O da, sağ olsun, hər şeyi düzəltdi və təqdim etdi. Amma, 100 səhifədən çox olan şikayət ərizəsi çox saylı səhvlərlə dolu idi. Buna da səbəb şikayət ərizələrini hazırlayan hüquqşünasların üzərinə düşən yüzlərlə şikayət ərizələri idi. MSK-ı şikayəti qəbul etməkdən imtina etdi və şikayət etmə vaxtı da ötdü. Beləliklə, şikayət verə bilmədik.

Seçkilərdən sonra bəzilərinin xısın-xısın söhbətlərini eşitdim ki, Ziyad Səmədzadə seçkilərdə mənə 150,000 verib. Bu 150,000-nin dollar, ya da manat olması da çoxlarını narahat edib. Qəribədir ki, mənə həmişə belə gəlib ki, Ziyad Səmədzadənin arxasında qara gün üçün saxladığı maksimum 10,000 ABŞ dolları olub. Bəlkə də yuxuda görmüşəm bunu. Amma, onun bu qədər pulu olduğuna heç vaxt inana bilmərəm. Ziyad müəllimin özü ilə də oturub durmamışam ki, yaxud görüşməmişəm ki, (İctimai kanalda debat zamanı salamlaşmışıq, Allah var üstümdə, həm də imanımı yandırmayım) onun özündən soruşum ki, bu qədər pulu mənə nə vaxt vermisən və niyə vermisən? Ola bilər ki, Ziyad müəllim özü yayıb bu şaiyələri? Hər halda mütləq onun özündən də bunu soruşmalıyam.

Hərdən düşünürəm ki, nə deyim? Deyirəm:
Ətiniz tökülsün… özü də torpağa yox, oranı da murdarlamasın!

Qəribədir ki, bunu uyduranlar Azərbaycan siyasətində özünə yer etmək istəyənlərdir. Onlar hesab edir ki, yerin altını və üstünü bilirlər. Kim onların düşündüyündən kənara çıxırsa, olur vətən düşməni. Sırf bolşevik təfəkkürü! Belələrinin ucbatından siyasətçilər etməli olduqlarını və ya vacib bildiklərini də etmirlər.

Azərbaycan siyasətində və ictimai həyatında bir neçə nəfər var ki, onların işi hər şeyi ağ-qara görmək, insanları təhqir etmək, aşağılamaq, özlərini dahi və yenilməz göstərmək və hər şeyə “mız” qoymaqdır. Əllərindən bir iş gəlməyən, məntiqləri olmayan və hər şeyə “hırıldayan” bu kəsim “xərçəng” xəstəliyi kimidir. Yapışıblar bədənə və sağaltmaq da mümkün deyil. Onları ancaq və ancaq kəsib atmaq lazımdır. İndi onların bəziləri Facebookda da peyda olub.

Müxalifət və müxalif düşərgəsində heç bir çəkisi və statusu olmayan, işini təhqir və atmacalarda bilən bir neçə nəfər sıravi şəxslər müxalifətə və müxalifliyə düzgün imic də gətirməməkdədir. Onların sayəsində bütün müxalifətə ziyan dəyir. Belə insanların fəaliyyəti nəticəsində müxalifət ziyan çəkir. Onların kinayəsindən, atmacalarından, Facebookda çılpaq qız şəkilləri altında gizlənib hər şeyə burunlarını soxmalarından gələn neqativ stakanın sınması nəticəsində dağılan parçaların sürəti qədərdir. Alimlər hesablayıb ki, bu saatda 4828 kim-dir. İndi təsəvvür edin, onların eybəcərliyi və öz eybəcərliklərini yaymaq istədikləri sürəti…

Birinin profil adı “Isa Yunus Kerimli”. Bu Facebook qəhrəmanı (saxta və qorxaq) özünü cəbhəçi və Əli Kərimli tərəfdarı kimi qələmə verir. Lakin, əslində, Azərbaycan siyasətçilərini üz-üzə qoyur. Müxalifəti parçalamaq siyasəti aparır. AXCP sədri Əli Kərimlinin belə psevdo qəhrəmanlara ehtiyacı yoxdur. Bu adam, Azərbaycanın hörmətli siyasətçilərini agent, satqın adlandırır. Azərbaycanın ən hörmətli siyasətçilərindən biri olan və Müsavat kimi bir partiyanın başqanı olan İsa Qəmbəri təhqir edir. Ən kəsgin çıxışlar edən, döyülən, söyülən Pənah Hüseyni təhqir edir. Yeni Müsavat qəzeti ilə Azərbaycanın siyasət gündəmini müəyyən, ən tənqidi məqalələr dərc edən, məhkəmələrdə çəkişən Rauf Arifoğlunu satqın adlandırır. Sən heç onların etdiklərinin zərrəsi qədər nəsə etmisənmi? Sənə AXCP adı altında gizlənib bu cür sözlər danışmaq haqqını kim verib, ay nadürüst?

Mən tək birinin adını çəkdim. Amma, öz müttəfiqlərimiz arasında da belələri çoxdur. Müttəfiqliyimiz və Azərbaycanın gələcəyi, müxalifətin birliyi üçün susmağı üstün tuturam. Nə qədər ağır olsa da…

Son sözüm

Kim zamanla ayaqlaşa bilmir, kim kütdür, savadsızdır, qəhramanlığı danışmaqda və ara qızışdarmaqda, müxalifəti biri-birinin üzərinə qaldırmaqda görür, getsin özünü çirkablı quyuya atsın. Elə quyular da Bakıda çoxdur.