Cəlilabadda Novruz bayramı şənliyi - Fotolar

celilabadda-novruz-bayrami-senliyi
Oxunma sayı: 2071

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Seyrəngahında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bayram şənliyində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, RİH başçısı aparatının əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini və məişətini əks etdirən pavilyonlarla tanış olublar. 

Ümumrayon şənliyində Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub. 

RİH başçısı Rafiq Cəlilov mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biri olan Novruzun gəlişi münasibətilə bütün cəlilabadlıları, eləcə də tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edərək onlara ən xoş arzularını çatdırıb.

Həmçinin Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəkləri, rəqs və mahnı qruplarının folklor nümunələri və idman məktəblərinin nümunəvi idman çıxışları olub.

Daha sonra rayon rəhbəri Rafiq Cəlilov alqış sədaları altında bayram tonqalını yandırıb.

Tədbir rayonun incəsənət ustaları və mədəniyyət kollektivlərinin iştirakı ilə geniş proqramlı bayram konserti ilə davam etdirilib.