Daşkəsən sakininin silahla bağlı iddiasına cavab

daskesen-sakininin-silahla-bagli-iddiasina-cavab
Oxunma sayı: 2191

Daşkəsən rayon Astaf kənd sakini Lətif Orucov ona məxsus silahın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə edildiyini iddia edib. Onun sözlərinə görə, şöbədə ondan müəyyən məbləğdə pul da tələb edilib.  

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya bu iddialarla bağlı açıqlama verib: “İyulun 2-də, Lətif Orucovun övladı, Arzu Orucov RPŞ-yə müraciət edərək, babasından qalma tək lüləli ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib. Polis Şöbəsində hal şahidlərinin iştirakı ilə, TOZ- 8 markalı silaha baxış keçirilən zamanı onun yivli silah olması məlum olub və bu barədə RPŞ-nin Təhqiqat Qrupunda müvafiq araşdırmalar başlanılıb.

Polis əməkdaşının ondan müəyyən məbləğdə pul istəməsi iddiasına gəldikdə isə, bu barədə onun oğlu A. Orucov özü könüllü şöbəyə gələrək atasının bu cür yola əl atmasının qərəzli olmasını və həmin silahı geri qaytarmaq üçün etdiyini bildirib. Eyni zamanda, qeyd edirik ki, “Xidməti və mülki silah haqqında” qanuna əsasən vətəndaşlar yivli silah saxlaya və gəzdirə bilməzlər”.