“Daydayı axtarırlar, indi baxır daydayın zövqünə”

daydayi-axtarirlar-indi-baxir-daydayin-zovqune-
Oxunma sayı: 944


ATV kanalının siması, hazırda “Canlı səs” verilişinin teleaparıcısı Cavid Gülün “Qafqazinfo”ya müsahibəsi:



- Yenidən ATV telekanalına qayıtmaq sizi sevindirdimi?

- O barədə düşünməmişəm. Düzü, bir şeyə görə sevindirdi ki, ATV-də çoxlu dəyişiklik oldu. Mən tək rəhbərlik dəyişməsini demirəm. Verilişlərin tam formatlarının dəyişməsi, yaxşılığa doğru getməsi məni çox sevindirdi. Biz işlədiyimiz dönəmdə 2007-ci ilə nəzər salsaq ATV çox qabağa gedən bir kanal idi. 2008-də bir az dəyişiklik oldu və ATV bayağı bir telekanala çevrilirdi. İndi artıq mənim istədiyim kanala çevrilir, əvvəlik ATV-dən də baxımlı telekanal yeni sezondan tamaşaçıların qarşısına gəlir. Mən buna çox sevinirəm.

- Hazırda “Canlı səs” verilişinin aparıcısı sizsiz. Verilişə aparıcı kimi gəldikdən sonra eks-teleaparıcı Mirsalam Mirsalamovun sizə münasibəti necə oldu?

- Bizim ümumiyyətlə sadəcə salam-sağ olumuz olub . Yaxın bir dostluğumuz olmayıb. Mən verilişə gələndən Mirsalamı görməmişəm. Nə o mənə zəng eləyib, nə də mən ona.

- Bəs kənardan deyən olub sizə Mirsalam sənin haqqında xoşagəlməz söz dedi?

- Yox olmayıb. Amma bir dəfə facebookda mənə Mirsalamın müsahibəsini göndərdilər, orda balaca bir atmaca atıb ki, “Canlı səs” verilişinin aparanın gərək musiqi savadı olsun. İndiki teleaparıcının bilmirəm nə dərəcədə musiqi savadı var”- bir bu olub.

- Siz cavab olaraq deyə bilərsiz: musiqi savadınız, var ya yox?

- Yox musiqi savadım yoxdur. Amma mən 2002-ci ildən 2008-ci ilə qədər radio dj-yi olmuşam. Mənə elə gəlir ki, bu musiqi savadından da artıq bir şeydir. Kifayət qədər bütün musiqinin janrlarını bilirəm.

- Bir çox teleaparıcılarımız toylara gedirlər, el dili ilə desək, tamada kimi. Siz necə, gedirsiniz toylara və getmirsinizsə gedənlərə münasibətiniz?

- Toylara gedirəm, niyə getmirəm ki? Toylara hamı gedir, bir çox tanınmış xarici teleaparıclardan belə məsəl üçün deyə bilərəm Beyaz, Qalkin, Urqunt və sair. Biz də niyə getməyək? Amma onu da deyim ki, toydan toya fərq var. Hər adamın işi də deyil toy aparmaq. Mən elə olur ki, dostum Şəhriyarla gedirəm toylara. Biz əslində çox vaxtı bir komanda şəklində toylara gedirik. Arada tək-tək də gedirik .

- Deyə bilərsiniz toylara neçəyə gedirsiz?

- Minumum 1000 manata, amma dostumla gedəndə 1800 qədər olur.

- Elə toylar var elit olur, eləsi də var - belə deyək, bayağıdır. Sizin üçün fərqi var, ya da nə toy oldu gedirsiz?

- Təbii ki, var, ev yiyəsi də gələndə bilir ki, kimin yanına gəlir də. Misal üçün biz gedib toylarda belə danışa bilmərik ki, “qojaldır insanı qojaldır zaman”. Məncə şoumenlə tamada arasında fərq var. Olub ki, rayonlara toya getmişəm. Düzdür, 3 qat qonorarla çox elit və səviyyəli məclis keçib. Rusiyaya da gedirik toylara. Bu yaxınlarda yenə dəvət almışıq, gedəcəyik.



Bir vaxtlar teleaparıcıların müsahibə zamanı tez-tez işlətdiyi bir söz vardı: “İkinci dəfə dünyaya gəlsəydiniz bu sənəti seçərdiz” və zaman keçdikcə bu söz gülüş hədəfinə çevrildi. Nəyə görə o dövrün teleaparıcılarının işlətdiyi söz indi lağa çevrilib və ola bilərmi ki, indiki siz işlətdiyiniz suallar da zaman keçdikcə belə hala gəlsin?

- Mən düşünürəm ki, hər dövrdə yeni suallar peyda olunur. Yəni, əvvəl 2000-ci ildə sual verirdilər ki, filan bankda nə qədər pulun batdı, sonra 2010-da artıq başqa suallar çıxıb ortaya. Ümumiyyətlə, tək suallar yox, hər şey dəyişib. Həm mentallıq insanların geyimləri. Məsələn, 1970-ci illərə baxanda yaxası açıq, bakinbortlu, trapes şalvarlı insanlara normal baxılırdısa, 90-cı illərdə bu insanları bıçaqlayırdılar. 2000-ci illərdə belə şey üstündə adam bıçaqlayan insanlar lap sırğa da taxır, saçlarını da uzadır. Hər illərdə fikirlər də dəyişir, suallarda.

- Şou-biznesdə olan müğənnilərlə dostluq edirsiz?

- Yox, şou-biznesdə olan insanla adam dost olmaz .

- Eşitdiyimizə görə yeni televiziya layihəsi hazırlayırsan və eyni zamanda da Azərbaycanda olmayan təzə jurnal çıxartmaq fikrin var. Bu haqda danışardın?

- Düzdür, layihələr həmişə olub. Başıbəlalı bir Şəki layihəmiz də var. Başıbəlalı deyəndə çox vaxt aparan bir proyektdir. Onu avqustun sonunda bitirəcəyik. Sentyabr ayında iki yeni layihə üzərində çalışacağıq. Birinci jurnal layihəmiz olacaq. Jurnalda yalnız və yalnız yeməklərdən ibarət olacaq. Azərbaycanda belə jurnal ilk dəfə işıq üzü görəcək. Çoxları bir iş görəndə deyir ilk dəfədir amma bizdə həqiqətən də elədir. Bizdə belə jurnallar var, amma bu tipdə yoxdur. Sırf mətbəxə aid və yalnız milli və xarici yeməklərdən ibarət bir jurnal olacaq. İkinci layihəmiz TV layihəsidir . Bu haqda hələ çox danışmaq istəmirəm. Bir də deyə bilərəm ki, böyük bir layihədir. Doğurdan da büdcəsi, komandası, povilyonu, texnikası yüksək səviyyədə olan bir proyektdir. 400-500 kvadratlıq povilyonu olacaq. Böyük, professional, adlı-sanlı bir heyətlə işləyəcəyik. Mən sadəcə verilişin aparıcısı olacağam. Bu layihədə heyət üzvlərindən yalnız iki nəfər Azərbaycandan olacaq, qalanı isə xaricdən gələcək. Rusiya və Türkiyədən vaxtaşırı qonaqlarımız olacaq.

- Ətrafımızda sizə pərəstiş eləyən xanımlar yəqin ki, çoxdur. Sosial şəbəkələrə baxanda ən çox qızlar tərəfindən şəkilləri müzakirə olunan tanınmış simalardan bilirsiniz. Bu sizə xoşdurmu?

- Yəni yaxşı tərəfdən baxanda yəqin ki, bu mənə xoşdur. Bir də var ki, facebookda öz şəkillərini paylaşırsan, görürsən ki, altından paxıl fikirlər yazılır . Bir də var real fikirlər olur. Bəzən olur sosial şəbəkədə bir yazı paylaşıram, görürsən o paxıl, boş-bekar insanlar artıq-əskik sözlər yazırlar, onlarda ki bədbəxt insanlardı.

- Geyimlərdə necə brend geyinirsiz, yoxsa nə gəldi?

- Yox fərq etməz, nə oldu geyinirəm. Yaraşan olsun, əsası odur.

- Özünüzə rəqib gördüyün teleaparıcı varmı Azərbaycanda?

- Yox, heç kimi özümə rəqib görmürəm.

- Bəyəndiyiniz və bəyənmədiyiniz aparıcılar kimlərdir?

- Biz də bəyəndiyim Nəsib Nur, bir də türk şoumen Okan Bayürgəni çox xoşlayıram.

- Cavid Gül deyəndə insanları bir çoxu bu sözü deyir “hə, o özündən razı teleaparıcı”. Bu belədirmi?

- Nə bilim vallah, mən özümdən razı görsənirəm. Düzdür, belə deyirlər, nə görə deyirlər. 2001-ci ildən aparıcılığa başlayanda özümə bu formatı seçmişəm. Hərə bu işə başlayanda özünə bir format seçir. Kimsə mülayimliyi, kimsə nənələrlə, ay-ay danışmağı. Mən də Okanı bəyəndiyim üçün, sözü üzə deməyi, bir insandan xoşum gəlmirsə üzünə deyirəm ki, səndən xoşum gəlmir. Bizim mühitdə 60 faiz insanlardan xoşum gəlmədiyi üçün və aqressiv yanaşdığıma görə olar da gedib deyirlər ki, Cavid özündən razıdır, qoy desinlər. Elə insanları söylədiyi, heç bir söz mənə maraqlı deyil.

- Bizim telekanallarda xoşladığın və xoşlamadığın verilişlər hansılardı?

- O qədər var ki, elə verilişlər, teleaparıcılar da çox bayağı danışırlar. Mən bilmirəm o insanlar niyə çıxır efirə. Toy tutmaq üçün çıxmır. Çünki o insanı heç kim toya aparmaz. Danışa bilməyən, verilişi ləhcəylə aparan insan bir məqsədlə çıxa bilər efirə, oğlandırsa özünə dayday tutmaq üçün, qızdırsa o, da elə. İndi baxır daydayın zövqünə (gülür).
Bəyəndiyim verilişlər “Atv”də “10-lar” “21-ci saat”, “Xəzə” tv-də Səxavət Nurun verilişinə, “Ans”də “Günəbaxan”a hər səhər baxıram.

- Sevgidə şanslı insansız və sevdiyiniz xanım varmı hazırda?

- Bələ şanslıyam sevgidə və sevdiyim xanım da var.

Aynur Balamirzəqızı