Deputatlığa namizəd Vəsimə Qarayevanın seçicilərlə görüşləri - Fotolar

deputatliga-namized-vesime-qarayevanin-secicilerle-gorusleri
Oxunma sayı: 1521

80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Qarayeva Vəsimə İsmayıl qızının Beyləqan rayonundan bu Dairəyə aid olunan yaşayış məntəqələri üzrə görüşləri yanvarın 28-dən start götürüb. 

“Qafqazinfo” xəbər verir ki, siyahıda İkinci Şahsevən, Qaradağlı və Yuxarı Çəmənli, Aşağı Çəmənli, Qaralılar, İmamverdili kəndləri olub.  Öncə İkinci Şahsevəndə Şəhidlər Abidəsi ziyarət olunub. Kəndlərdəki görüşlər səmimi şəkildə reallaşıb. İmamverdili kəndindəki Şəhidlər Abidəsi də ayrıca ziyarət olunub. 

Seçicilərlə görüşlər yanvarın 29-da Sarısu kəndi, Şərq qəsəbəsi, Türklər, Bünyadlı, Gödəklər kəndlərində davam etdirilib, Şərq qəsəbəsində Şəhidlər Abidəsi ziyarət olunub. 
Yanvarın 30-da görüş Qəhrəmanlı kəndi, Bahar qəsəbəsi, Dünyamalılar kəndində reallaşıb. Qəhrəmanlı kəndində Şəhidlər Abidəsi ziyarət olunub, daha sonra Dünyamalılarda Şəhidlər abidə kompleksi və Sovet İttifaqı Qəhrəmanı, bu yurdun igid oğlu Gəray Əsədovun abidəsinə gedilib, önünə gül dəstələri qoyulub. 

Yanvarın 31-də Aşıqalılar, Əhmədli kəndlərinə yollanıblar. Bu iki kənddə keçirilən görüşlər yekun olub.  Bununla da, 80 saylı Dairənin Beyləqan qismi əhatə olunmuş sayıla bilər.
Seçicilərlə görüşlər İmişli kəndlərindəki görüşlərin üslubunda cərəyan edib. Söhbətlər tutur, səmimi dialoq şəraiti yaranıb. Qarayeva sözünü deyir, deyilənləri diqqətlə dinləyir, sualları cavablandırıb. İmkan düşdükcə ilk növbədə şəhid ailələrinə baş çəkib, onlara mənəvi dəstək olub, yaşayış şəraitləri, bir problemlərinin olub-olmadığı ilə maraqlanıb. 

Eyni problemlər bu kəndlərdə də qabardılıb. Deputatlığa namizədə sözünü deyən yerli insan – seçici – sadə vətəndaş öz şəxsi çətinliklərini deyil, onları düşündürən ümumi problemlər üzərində dayanıb. Bu isə o deməkdir ki, bu Dairədən seçilən deputatı ciddi sınaq gözləyir. İnsanların etimadını doğrultmaq böyük zəhmət, ciddi çalışma tələb edəcək.

Seçicilərə təqdim olunan təbliğat və təşviqat materialları öz yerində,onlara hədiyyə olunan “Beyləqan” ensiklopedik toplusu görüşə gələnlərin gözündə böyük dəyərə malik idi. Onlar Vəsimə Qarayevanın müəllif olduğu bu sanballı nəşrdən xəbərdardır. Burada Ulu Beyləqan var, onun ulu keçmişi və indisi var, onun namuslu, əməksevər, dəyərli insanları var. Ürəklərincə olan bu ərməğan onlarda məmnunluq doğurub, razılıqla qarşılanıb, uşaqlıq illərindən bu yerlərə bağlanıb və bu bağlılıqdan doğan əsərə görə müəllifə sağ ol deyib, məhz ona səs verəcəklərini bildiriblər.

Əlbəttə, Vətən Ocağını sözdə sevmək ayrı, əməldə sevmək ayrı...

Müəllif – indi isə 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən deputatlığa namizəd Vəsimə Qarayevanın insanların bu xoş münasibətindən, onun intellektual zəhmətinə bu dərəcədə yüksək dəyər vermələrindən, 9 Fevral seçkilərində ona etimad göstərəcəklərini bildirmələrindən duyğulanmış kimi görünürdü...