DİN və Baş Prokurorluq narkobaronun ölümünün təfərrüatını - Açıqladı

din-ve-bas-prokurorluq-narkobaronun-olumunun-teferruatini
Oxunma sayı: 5852

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin öldürülməsi ilə bağlı məlumat yayıb. 

"Qafqazinfo"ya daxil olan məlumatda deyilir:

"Fevralın 27-də saat 14 radələrində Yardımlı rayonunun Eçara kəndi ərazisində Masallı rayon sakinləri Şəmsəddin Kərimovun və oğlu Elməddinin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə baxış keçirmişlər.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 12 radələrində Nurəddin Kərimov və oğlu Kənan kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən yaxın qohumları olan Şəmsəddin Kərimov və oğlu Elməddin ora gələrək etirazlarını bildirmişlər. Yaranmış mübahisə nəticəsində Kənan odlu silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçmışdır.

Hadisə yerindən bir ədəd, Nurəddin Kərimova məxsus fermadan isə iki ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Nurəddin Kərimov saxlanılmış, cinayəti törətməkdə şübhəli bilinən oğlu Kənanın isə tutularaq istintaqa təhvil verilməsi, habelə faktın tam və hərtərəfli araşdırılması məqsədilə təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".