Dişlərim gözəlləşdi, qaraciyərimsə təhlükədədir - Həkim qurbanları XIII

dislerim-gozellesdi-qaraciyerimse-tehlukededir-hekim-qurbanlari-xiii
Oxunma sayı: 1775

Bir az əvvəl diş kabinetlərindəki vəziyyətlə bağlı araşdırma onu göstərdi ki, elə insanımız var ki, bu mövzu onun üçün çox yenidir. Aramızda çoxu dişi hesabına yeni xəstəlik qazanma riskini daşığından xəbərsizdir. Ən azı maarifləndirmə baxımından bu sahədə səhiyyə nazırliyinin və ona bağlı idarələrin görəcəyi çox iş var. Bu işdə yaxşı həkimlərin dürüst qənaəti, mövcud problemləri dilə gətirməsi isə ən əsas məsələdir. Bütün problemləri görməzdən gəlmək, qüsürları malalamaq nəticədə özümüzün zərərli çıxmağımıza gətirəcək. Bəzi diş kabinetlərində antisanitariya, gigiyena, sterilizasiya qaydasına əməl olunmamasında məsuliyyətsiz həkimlərə sözsüz dəstək verənlər var. Bəli, dəstək. Bu sadalanan problemlərin mövcudluğuna göz yuman səhiyyə idarələridir. Ən əvvəlci yerdə Respublika Baş Sanitariya və Epidemiologiya Mərkəzi durur. Bu idarənin məlumatına görə, mərkəz 2012-ci ilin hardasa yarısına gəlsə də, hələ də xüsusən özəl diş kabinetlərindəki vəziyyəti hələ də ətraflı yoxlamayıb. Mərkəz nə səbəbdənsə insanların hər an təhlükəli, yoluxucu xəstəliklərə yaxalanmasına göz yummağı üstün tutur. Çünkü bu idarə hamıdan yaxşı bilir ki, harada təhlükəsiz şəkildə dişlərini düzəltdirmək olar. Özlərinin də işi düşəndə, həmin məkana, uzağı xarici mütəxəsislərə üz tuturlar. Amma bizim də bu məlumatları bilməyə haqqımız var. Biz də dözülməz diş ağrımız olanda rahatlıqla, stressiz həmin mərkəzin xeyir-duasını almış diş kabinetinə üz tutmaq istəyirik. Kim bilir bəlkə də, bəzi diş kabinetləri hələ də aktiv infeksiya yayan rolunu oynamaqda davam edir.

Reyhan Nəbiyeva (42 yaş) artıq bir ilə yaxındır Hepatit C virusu daşıyıcısıdır. Xanımın sözlərinə görə, bu virus ona diş kabinetlərindən birində uzun müddətli müalicə müddətində yoluxdurulub. Şikayətçi əvvəllər bu iddiasında daha çox şübhə ilə yanaşsa da, sonralar bir neçə həkim də onun bu fikirlərini, iddiasını təsdiqləyiblər. Reyhan xanım başına gələnləri danışır : “Dişlərimin estetik cəhətdən daha yaxşı görünməsini istəyirdim. Bizim nəsildə genlə keçir bilmirəm, amma hamıda gənc yaşlarından diş problemləri olur. Q.Qarayev metrosu yaxınlığında yaşayıram, ora yaxın diş kabinetlərindən birinə müraciət etdim. Onu da deyim ki, qəbulunda olduğum stomatoloq Namik həkim peşəkar, təcrübəli həkimdir. Bunu hər onun kabinetinin yanından keçəndə növbədəki xəstələrinin sayından görmək olur. Bəlkə də xidmət qiymətləri də camaatın cibinə uyğundur deyə belədir. Namik həkimin sənəti barədə heç kəs nə isə naxoş söz deyə bilməz. O, işinin mütəxəsisidir. Amma gedin, baxın bu gün də onun kabinetində vəziyyət ürəkaçan deyil. Ora daxil olan kəs sterilizasiya məsələsi bir tərəfə qalsın, otağın səliqə-səhmanından da vəziyyət barədə fikir yürüdə bilər. O vaxt mən stomatoloqun pasiyenti olanda kabinet nisbətən yaxşı vəziyyətdə idi. Amma dişimin məni qəliz işə salacağını ağlıma belə gətirməzdim. Məni yalnız “dişimə nə edirlərsə etsinlər ağrısız olsun” məsələsi düşündürürdü. Alətlərin təmizlənməsi, sterilizasiyası heç maraqlandırmırdı da. Dişlərimi bir neçə ay ərzində qaydaya saldım. Amma təxminən bir neçə ay sonra özümdə yorğunluq, üşümə kimi xüsusiyyətlər hiss edirdim. Bu vəziyyət məndə yay fəsli boyu da davam etdi. Fikirləşdim ki, satıcılıq peşəmlə əlaqəli yorqunluqdu, amma iştəhasızlıq meydana gələndən sonra qan müayinəsindən keçmək qərarına gəldim. Maraqlısı ondadır ki, ilkin müayinənin cavabına görə, qanımda hepatit C virusu aşkarlanmışdı. Səhiyyəyə inamsızlıqdan başqa özəl klinikada da təkrar analiz vermək qərarına gəldim. Oradan isə bu barədə tamam başqa cavab aldım. Burada qanım təmiz çıxdı. Nəhayət , həkimlərin yekun rəyi ilə hepatit C –nin daşıyıcısı olduğum təsdiqləndi. Düz bir həftə ağladım. Xəstəlik barədə eşitdiklərim məni qorxudurdu. Elə bilirdim yaxında öləcəm. Tək yaşadığımdan uzun müddət idi nəvəmin biriylə qalırdım. Həkimlər mənə müalicə kursu yazdılar. Ümumi müalicəm 2000 manata başa gəldi. Yaxınlarımın yardımı və bankdan kredit almaqla müalicəyə nail oldum. Mənə psixoloji gərginlik yaradan o idi ki, həkimlər nəvəmdən uzaq qalmağımı məsləhət gördülər. Onun da yoluxma riski vardı. Dörd yaşlı nəvəmsə vəziyyəti başa düşə bilməzdi, məndən əl çəkmək istəmirdi. Mənlə yatıb-qalxan, mənə öyrəşən nəvəmdən bir müddət ayrı qalmalı oldum. Qısa müddətdə xeyli arıqladım. Məni həmişə necə yoluxmam maraqlandırırdı. Amma öyrənəndə ki, qanla təmas nəticəsində yoluxma baş verir, ağlıma ilk olaraq dişim gəldi. Doğrudan da, mən həmin müddət ərzində yalnız diş həkimində olmuşdum, mənə yalnız orada tibbi müdaxilə edilmişdi. Gözəllik salonlarında manukür və pedikür kimi xidmətlərdənsə, ümumiyyətlə istifadə edən deyiləm. Bunu mənə sonra da dedilər. Yalnız diş kabinetindəki alətlər məni yoluxdura bilərdi. Çünki həkimin qəbulunda pasiyentlər bir –birinin ardınca otağa daxil olurdu. Alətlərin qısa müddətdə təmizlənməsinin şahidi də olmamışdım. İndi yadıma düşür ki, həkim özü də təmizlik qaydalarına riayət etmirdi. Ağız yaxalamq üçün bir stəkan qoyulmuşdu. Xəstələr həkimə gedəndə, diş həkiminə müraciət edəndə diqqətli olmalıdırlar. Heyif ki, bizim gigiyenaya nəzarət edən idarələrimiz yalnız pul barədə düşünürlər. Pul almaqla həm özləri, həm də həkimləri məsuliyyətsizliyə alışdırırlar. Mən onu bilirəm ki, indi fikrim-zikrim qaraciyərimdədir. Onun təhlükəsini azaltmaq üçün daim nəzarətdə, müalicədə olmalıyam, pəhriz saxlamalı, özümü qorumalıyam. Üstəlik də, əsəblərim çox pozulub.”
Bir daha xatırladım ki, hepatit C diğər hepatitlər arasında ən qorxulu və təhlükəli olanıdır. Qaraciyəri hədəfləyən mikrob xəstəlik törədir, bu orqanı tədricən zədələyir, qaraciyər sirrozuna səbəb olur. Vaxtında tam müalicə kursları keçmədikdə, insan həyatla vidalaşır.

Adı çəkilən Namik Zamanzadə adlı stomatoloqun keçmiş pasiyentinin iddiasına qarşı fikrin də bilmək maraqlı olardı. Sözsüz, hansısa həkimin məsuliyyətsizliyini boynuna almaq kimi hala rast gəlinməyib. Amma yenə də həmin diş kabinetinə üz tutdum. Həkimi iş saatında yaxalaya bilməsəm də, ətrafa göz gəzdirmək kifayət etdi. İstəyən kəs ora gedib gözüylə görə də bilər. Kabinetin ən əvvəl təmirə ehtiyacı var. Döşəməsi bərbad vəziyyətdə, toz içində olan linolinumu artıq kabinet haqqında nəsə deməyə imkan verir. Pasiyentlərin gözləmə məkanı ilə həkimin otağının bir arada olması, otağın səliqəsizliyi əsas məsələ olan sterilizasiya barədə fikirləşməyə heç yer də qoymur. Tək onu demək olar ki, düz metro çıxısı yaxınlığında, göz qabağında olan bu kabinet necə aidiyyatlı orqanların nəzarətindən və diqqətindən qaça bilər? Həkimə məsuliyyət və qaydaları xatırlatmaq, onu buna məcbur etmək kimi vəzifə niyə layiqincə yerinə yetirilmir?

Resbublika Baş Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdürü Ziyyəddin Kazımova görə, pasiyent bu iddiasını sübuta yetirə bilməz. “Ən əvvəl ona görə ki, hepatit virusları orqanizmə daxil olduqda altı ay ərzində gizli şəkildə yaşayır. Hər hansı əlamət və simptom aşkarlanmır. Bu müddət ərzində xəstənin başqa tibbi müdaxiləsi zamanı da yoluxma baş verə bilər. Hələ özəl diş kabinetində yoluxma iddia olunursa, bunu sübut etmək lap çətindir.” Hər halda mərkəzin bu diş kabinetini təcili yoxlaması mütləqdir. Əlbəttə ki, istəsə və tələssə.

Hüquqşünas Kamal Əliyev də deyilən fikirləri təsdiqləyir. Onun fikrincə, mövcud iddia həkim-pasiyent münasibətlərindəki qanunların olmamasından xəbər verir. Amma həkimin məsuliyyətsizliyi və sterilizasiya qaydalarına əməl etməməsi sübuta yetirilərsə, stomatoluqun cəzalandırılması şərtdir. “Əlbəttə ki, yoluxmanın məhz orada baş verdiyini sübuta yetirən tutarlı dəlil olmalıdır. Dünya ölkələrinin çoxunda bu məsələlər hüququ qiymətini alıb. Ona görə də, belə vəziyyətlərdə yalnız müvafiq prosedur qaydalarına əməl etmək kifayətdir. Bizdə isə hələ də “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsi işlənsə də, MM tərəfindən nə müzakirəyə çıxarılıb, nə də təsdiq olunub. Qanun təsdiq olunarsa, yaradılacaq tibbi komissiya problemlərin araşdırılmasında xüsusi səlahiyyətlərə sahib olacaq. Hazırda tibbi xidmətlə bağlı şikayətlərə yalnız Səhiyyə Nazirliyinin nəzdnində xüsusi şöbə tərəfindən baxılır. Bəzən insanlar şikayətlərində haqlı olsalar belə, cavabdeh tərəf barəsində hər hansı cəzalar tətbiq olunmur.”

P.S. Bu yaxında bir xəstə Səhiyyə Nazirliyində olub. Yaşlı xəstə əvəllcə təmir olunmuş, təm-təraqlı nazirliyə daxil olub, ona elə gəlib ki, istəyi o dəqiqə həll olunacaq. Səhiyyə Nazirinin qəbuluna yazılmaq istəyib. Ona deyiblər ki, anket doldur, sonra iki həftə gözlə, sənə cavab verəcəyik. Lazım olsa, məsləhət görsələr qəbula düşəcəksiz. Kişi də, görüşü baş tutarsa, hansısa tibb müəsisəsindən nazirə şikayət edəcəkmiş. İndi xəstə kişi deyir ki, kor atın kor nalbəndi olar, vəssalam.

Raminə Eyvazqızı