Dünyanın hər yerində eyni qarşılanmayan Yeni il - Fərqli adətləri ilə...

dunyanin-her-yerinde-eyni-qarsilanmayan-yeni-il
Oxunma sayı: 3488

Bu gün dünya 2024-cü ili qarşılayacaq. Necə? Çünki məlumdur ki, ölkələr Yeni ili müxtəlif cür, fərqli adət-ənənələrlə qarşılayır.

“Qafqazinfo” dünyanın hər yerində eyni qarşılanmayan Yeni il adətlərini təqdim edir:

ABŞ-də Yeni ilin əsas hadisələri küknar ağacı ilə bağlıdır. Onlar həmin gecə bu ağacı əsas simvol sayaraq onun ətrafında rəqs edib şənlənirlər. Amerikalılar hədiyyəsevərdirlər, Yeni ildə də bir-birinə hədiyyə verməyi xoşlayırlar.

Argentinada Yeni il gecəsində bütün köhnə əşyalardan, xüsusilə kağızlardan qurtulmağa çalışırlar. Sözügedən Cənubi Amerika ölkəsində bütün lazımsız kağızlar, qəzetlər, jurnallar, kitablar pəncərədən çölə atılır. Onlar bu adətdə stress atmağın yolunu görürlər.

Almaniyada Yeni il gecəsi bura sevgi ölkəsinə çevrilir. Çünki həmin gecə bütün nişanlı oğlanlar sevdikləri qızın evinin altına gələrək gələcək həyat yoldaşı ilə göyə atəş açır. Onlar inanırlar ki, göyə nə qədər çox atəş açarlarsa, gələcək ailələri bir o qədər möhkəm olacaq. 

İrlandiyada əyləncə əsas plana keçir, içki məclisləri qurulur və  həmin gün bütün evlərin qapıları açıq saxlanılır. Belə anlarda istənilən şəxs evə daxil ola bilər. Çünki ev sahibi xalis irland viskisinə qonaq edəcək adamı gözləyir. 

İtaliyada  da Yeni il günü sakinlər öz köhnə əşyalarını və mebellərini pəncərədən küçəyə atırlar. Bu adət artıq unudulur, lakin bir çox şəhərlərdə hələ də qalmaqdadır. Ölkə daha çox Bobbi Natale (Şaxta baba) kimi qırmızı rəngə bürünür. İnsanlar həmin gün qırmızı rəngdə geyinib, qırmızı şərab içib, evlərinin kənarlarını qırmızı rəngə boyayırlar.

Avstraliyada Yeni il yay fəslinə təsadüf edir. Buna görə Avstraliyada bayramı çimərliklərdə, açıq havada qeyd edirlər. Santa Klausun görkəmi isə tam fərqli olur.

Kubada bayram günü hər kəs evdəki qabı, stəkanları su ilə doldurur. Saat 12 radələrində bütün su dolu qablar evlərin pəncərəsindən çölə axıdılır. İnanca görə, bununla yeni il su kimi axar və açıq il olur. Ən maraqlı adət isə kubalıların bayram gecəsi ilin aylarını simvolizə edən 12 üzüm dənəsi yemələridir. Bu, uğuru simvolizə edir. 

Yaponiyada  təzə il daxil olanda məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlara görə, həmin zəng zərbələri insandakı mənfi cəhəti öldürür. Xoşbəxtlik gəlməsi üçün onlar mənzillərinin qapısına bambuk, küknar və şam ağacının budaqlarını bağlayırlar. Başqa bir adət isə onlar hansı peşəyə sahib olmaq istəyirlərsə, onun şəklini çəkib öz yastıqlarının altına qoymalıdır. Yeni ildə həmin istəklər reallığa çevrilə bilər.

İsveçdə Yeni il gecəsi qonşuların qapısında qab-qacaq sındırılır. Bu, qəmi, kədəri köhnə ildə saxlamaq inancı ilə bağlıdır.

Böyük Britaniyada Yeni il axşamı evdə təmizlik işləri görülür. Sonra illərin yerdəyişməsi üçün evin bütün qapıları geniş açır. Bir müddət sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə ilin necə keçəcəyi içəri girən adamın görünüşündən asılıdır. Qadınlar, sarışınlar və əsmərlər neqativliyə işarədirlər. Ən uğurlu qonaq isə kürən kişi hesab olunur. Çatmaqaş adamın içəri girəndə isə ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özü ilə viski, şirin çörək və kömür gətirməlidir. Ailə ocağının daha gur yanması üçün kömür ocağa atılır.