“Ədəbi mühitimizdə ciddi canlanma yaratmaq üçün Qarabağı almalıyıq!”

edebi-muhitimizde-ciddi-canlanma-yaratmaq-ucun-qarabagi-almaliyiq-
Oxunma sayı: 664

- Əsəd bəy, Azərbaycan ədəbi tənqidinin bugünkü vəziyyətini necə dəyərləndirərdiniz?
- Ədəbi tənqidimiz bu gün sözün azadlığı baxımından heç vaxt olmadığı qədər inkişaf edib, amma tənqidə məhəl qoyan yoxdur. Halbuki sovet vaxtı tənqidi məqalə yazıçının taleyini həll edirdi.
- Tənqidçi həmkarlarınızdan kimləri oxuyursunuz?
- İradə Musayeva, Elnarə Akimova və Elnarə Tofiqqızını. Onların yazılarındakı elmi baza, cəsarət, obyektivlik xoşuma gəlir.
- Gəlin sovet dövrü ədəbi tənqidçiləri ilə müstəqillik dövrü tənqidçiləri arasında oxşar və fərqli cəhətlərə qayıdaq...
- Fərqlər çoxdur: sovet dövrü tənqidçiləri - Mehdi Hüseyn, Yaşar Qarayev, Qulu Xəlilov, Nadir Cabbarlı, Akif Hüseynov daha professional idilər, çağdaş tənqidçilər daha azaddırlar; əvvəlkilərə dövlət qayğısı var idi, indikilərə yoxdur; əvvəlkilər daha çox ideologiya və ya sosiologiya, indikilər isə daha
çox estetika ilə məşğuldurlar; əvvəlkilər kirildə, indikilər latında yazırlar. Oxşar cəhətlər isə, məncə, bir şeydədir: Bernard Şounun dili ilə desək, hamı soldan sağa yazır.
- Son illərdə Azərbaycanda şair və yazıçı bolluğu olduğu halda, ədəbi tənqid sahəsinə gələnlər barmaqla sayılacaq qədər azdır. Sizcə, buna səbəb nədir?
- Hamı istəyir ki, onun haqqında yazsınlar. Tənqidçi isə başqası haqqında yazır, həmişə kənar şəxs durumunda qalır, Kamyünün yad adamına oxşayır.
Şair, yaxud yazıçı olmaq üçün istedad da bəs edir. Tənqidçi isə analitik istedada malik olmaqla yanaşı, həm də zəhmət çəkib başqalarını öyrənməlidir. Ölümündən bir qədər əvvəl ünlü fransız tənqidçisi Rolan Bart demişdi ki, o artıq oxumur və bu, dünyanı az qala şoka salmışdı: “Necə, tənqidçi oxumur?!”
Tənqidçi hamı ilə üz-üzə gələn adamdır. Birinin haqqında yazırsan, mini səninlə düşmən olur. Bir sözlə, tənqidçilik çətin peşədir.
- Bəzi tənqidi yazılarınız ədəbi aləmdə güclü əks-səda verir. Bunun səbəbini nədə görürsünüz?
- Tənqidçidə üç keyfiyyət olmalıdır: filosofluq, yazıçılıq, cəngavərlik. Bunların hansına malik olduğumu oxucular deməlidirlər. Amma bir şeyi dəqiq bilirəm ki, demək istədiklərimi üstüörtülü ibarələrlə gizləmir, açıq yazır, ədəbi mühitdəki mürəkkəb münasibətlər sistemini bir kənara qoyuram. Məncə, yazılarımın doğurduğu rezonansda bu amilin rolu az deyil. Bir də görünür ki, bu, mənim taleyimdir. Yaradıcılıq ümumən tale işidir. Heç bir ciddi yazar kefindən yazmır, yazmağa məhkumdur, amma kefindən yazanlar da var. Onlar sənəti peşə ilə qarışdırırlar.
-Sizə fatalist demək olar?
- Əgər qorxmursunuzsa, hə.
- Kimdən, nədən qorxacağam ki?
- Həm dindarlar, həm də ateistlərdən.
- Alnımıza yazılanlardan əlimizlə yazdıqlarımıza qayıdaq. Yazılarınızdakı açıq ifadə üsulu sizə müxtəlif prizmalardan yanaşılmasına da gətirib çıxarır. Bütün bunlar ədəbi-tənqidi fəaliyyətinizə hər hansı bir səviyyədə təsir göstərirmi?
- Nitşe insanları iki qismə bölürdü: həşəratlara və cəngavərlərə. Mənə cəngavərlərin sözünün təsiri olur.
- Gənc, orta və yaşlı nəslə mənsub olan yazarlar arasında qəribə bir qarşıdurma, biri-birini bəyənməmək hiss olunur. Bunu cəmiyyətdə gedən siyasiləşmə, hər şeyə müxalifətdə olmaq kimi xoşagəlməz bir ənənə ilə izah etmək olarmı?
- İnkişaf olan yerdə qarşıdurma olması təbiidir. Hətta durğunluq adı verdiyimiz sovet dövründə də bu belə olub. Bu qarşıdurma bizim dövrdə xüsusilə kəskin və açıq forma alıb. İndi azadlıq var. Amma bu azadlıq 70 illik əsarətdən sonra qəfil əldə olunduğundan eybəcər formada üzə çıxır və məsələnin ən pis tərəfi də budur.
Sizin dediyiniz siyasiləşmə də dövrün qəfil verdiyi bu azadlıqla bağlıdır. Ədəbiyyatın siyasətlə qarışıq salınması “Azadlıq”, “Müsavat” kimi qəzetlərdə başlanmışdı. “Azadlıq” radiosu saytının “Oxu zalı” bu meyli kulminasiya həddinə çatdırdı. Bu sayt ədəbiyyata Azərbaycan Yazıçılar Birliyi və ona qarşı duran yazarlar, xüsusilə də gənclər arasındakı poliqon kimi baxır, ədəbi cəbhələşdirmə siyasəti aparır.
- Məqsəd nədir?
- Son məqsəd yazarlar arasından öz dininə, xalqına və dövlətinə qarşı duran kollaborasionistlər - rüşdilər, pamuklar və hüseynilər yetişdirməkdir. Maliyyə dəstəyi aldıqları xarici qüvvələr düyməni bassa, onlar yetişdirdikləri bu yazıçılara “Ermənilər, bizi bağışlayın, Qarabağ sizindir!” sözlərini dedirdəcəklər. Bunun ilk işartıları artıq görünməkdədir.
- Nə işartıdır o elə?
- Erməni-azərbaycan məhəbbətindən bəhs edən əsərlər.
- Ədəbiyyat ümumbəşəridir axı.
- Amma yalançı bəşəriliyin nə ədəbə, nə də ədəbiyyata dəxli yoxdur. Kiminsə mənə kələk gəlməyə çalışmasını sevmirəm.
- Müasir şair və yazarlar arasından kimləri çox təqdir edirsiniz?
- Azərbaycan bədii nəsr potensialının ən ciddi perspektivini Kamal Abdullanın yaradıcılığında görürəm. Kamalizm Azərbaycan nəsrinin əyalət çərçivələrini dağıdıb, dünya meridianlarına çıxmaq gücünü nümayiş etdirir. Onun “Yarımçıq əlyazma”sı nəsrimizdə nəzəri təfəkkür işığında yazılan ilk postmodernist romandır. “Sehrbazlar dərəsi” öz mistik aurası etibarilə hələ ki ilk və son milli romanımızdır. “Unutmağa kimsə yox” isə istər bədii təsir gücü, istərsə də kamil dil və texnikası baxımından nə Eko, nə Pamukun romanlarından geri qalır.
- Amma Kamal Abdullaya qədər İsa Muğanna, Sabir Əhmədli, Əkrəm Əylisli, Anar, Elçin, Yusif Səmədoğlu və digər ciddi imzalar olub.
- Olub və heç kəs onların xidmətini inkar etmir. Həyatın inkişaf dialektikası isə daimi yeniləşmə tələb edir. Sabir Əhmədli, Anar, Elçin, İbrahimbəyov qardaşları nəsr düşüncəmizi kənd çərçivəsindən çıxardılar, gəlişmə məkan kateqoriyası ilə müəyyənləşdi. Düşüncə yönündən də bu, nəinki Əbülhəsən, Əli Vəliyev, Mehdi Hüseyn, həta İlyas Əfəndiyev və Ənvər Məmmədxanlının da nəsri olmayıb, tamamilə yeni bir şey idi.
Yusif Səmədoğlu bu işi daha mürəkkəb zaman, İsa Muğanna isə ondan da mürəkkəb metafizik qatda həyata keçirdi. Məncə, Kamal Abdullanın nəsrində bütün bu plastlar sintez olunur.
Poeziyada bu təyinat Salama məxsus idi. Və o bu işi bacardığı qədər yerinə yetirdi, sadəcə olaraq, kortəbii şəkildə. Amma bu, onun zəif olduğu qədər də üstün tərəfidir. Onun şeirləri dərin şüuraltı qatlardan gəlir. Bizdə bu cür çoxqatlı şeirlər Salamdan öncə yalnız bir dəfə - Füzulidə olub.
- Bəs gənc nəsil yazarlar arasında kimlərə daha çox ümid bəsləyirsiniz?
- Son nəsil yazarlardan üçünün imzası getdikcə daha qabarıq görünməyə başlayır - Kəramət Böyükçöl və Cavid Zeynallı nəsrdə, Qismət şeirdə. Kəraməti öz yaşıdları arasında ən istedadlısı saymaq olar. Lakin o, feysbukda statuslar yazmaqdan əl çəkib, mütaliəsini dərinləşdirməklə məşğul olmalıdır. Sofist istedadı ilə nə qədər getmək olar? Üç il əvvəl yazdığı “Çöl” romanının orbitində nə qədər fırlanmaq olar? Ortaya təzə işlər qoymaq lazımdır.
Qismət erudisiyası ilə yaşıdlarından seçilsə də, bu, onun şeirlərinə həm də kitabdangəlmə səciyyə verir. Ədəbiyyatın daha ciddi mənbəyi isə taledir. Təkcə son günlər dərc etdirdiyi “Klassika məşqləri” şeirində yox, demək olar ki, əksər yazılarında Qismət hələ də “razminka” edir. Yaş isə otuzu haqlayıb, bəs o nə vaxt özünə çatacaq? Özünə çatmaq problemi onun müstəqil fikir və mövqeyə yiyələnməyində də özünü göstərir. Məncə, kifayət qədər ağıllı bu gəncə özü olmaq imkanı vermək lazımdır.
Cavidin bir müddət öncə dərc etdirdiyi “Günəşi gözləyənlər” romanı ondan daha yaxşı romanlar gözləməyə əsas verdi. Onun hələ oxuyub başa çatdırmadığım “Leyla” romanı isə şouya meyillənmək təhlükəsindən xəbər
verir. Ümumən, Cavid bu üçlükdə orta mövqe tutur - onda həm Kəramətə, həm də Qismətə məxsus problemlər var. Amma onlarda olduğu qədər kəskin deyil. Debütant şairlərdən ən çox Emin Piriyə inanıram. Onun şeirlərində suqqestivlik keyfiyyəti var - oxuyursan və səni elektrik kimi vurur, ən azı bir detalı ilə yadında qalır. Çünki orada ədəbiyyat oyunu yox, tale var.
Publisistik pafosun poeziyanı bəzən açıq-aşkar üstələməsinə, sözlə pinti davranmasına baxmayaraq, Aqşin Evrenin də şeirləri pis təsir bağışlamır, xüsusən də qlobal düşüncəsi ilə. Bu, artıq əyalət respublikası yox, dünya vətəndaşının düşüncələridir.
Ramil Əhmədin şeirdə, Musa Əfəndinin nəsrdəki ilk addımları hələ ki öz büllur saflığı, işığı ilə yadda qalır. Mətləb Muxtarovun hər iki sahədəki debütlərinə isə bu fikirlərin çoxunu aid etmək olar. Onun “Araba sahibindən satılıqdır” hekayəsi son illər hekayə janrının yaddaqalan nümunələrindəndir.
* Son vaxtlar Azərbaycanda bir roman bumu var.
* Daha doğrusu, həvəskar roman bumu.
* Yəni arasında sənətkarı yoxdur.
* Əgər söhbət yeni nəsildən gedirsə, Etimad Başkeçidin “Min yol mənə söylər” romanını vurğulamaq olar. Xüsusi razılıq doğuran romanın dilidir. Gənc roman həvəskarları Etimadın nəsr dilindən çox şey öyrənə bilərlər. Burda zərif lirizmlə kəskin ironiyanın, bədiiliklə elmiliyin heyrətamiz dərəcədə təbii sintezi var. Bu, mənim son on ildə birnəfəsə oxuduğum üç romandan biridir.
* Bəs, o biri ikisi hansıdır?
* Züskindin “Əttar”ı, Kamal Abdullanın “Yarımçıq əlyazma”sı.
- Sizcə, niyə Qarabağ yanğısı ədəbi əsərlərdə ya öz əksini tapmır, ya da bu taleyüklü məsələyə zəif şəkildə toxunulur. Bu, istedadlı yazarların olmaması ilə əlaqədardır, yoxsa onun arxasında bizdə milli vətənpərvərlik şüurunun zəif olması dayanır?
- Bu, Qarabağ məsələsinin sindrom xarakteri ilə bağlıdır. İyirminci əsrin böyük filosoflarından olan Santayanaya məxsus bir fikir var: “Çox böyük tarix lazımdır ki, heç olmasa, bir az ədəbiyyat alınsın”. Dünya ədəbiyyatının 2500 illik tarixi də bu fikri təsdiq edir. Antik yunan tragediyası yunanların farslar, Şekspirin dramaturgiyası İngiltərənin İspaniya, XIX əsr rus ədəbiyyatı rusların fransızlar üzərindəki qələbəsindən doğmuşdu.
Bəs məğlub xalqın yazıçısını yaradıcılıq qələbəsinə nə ruhlandırmalıdır? Buna baxmayaraq, Qarabağ mövzusunda yazanlar az deyil: Xalq yazıçısı Elçinin, Aqil Abbasın, Elçin Hüseynbəylinin adlarını xüsusi qeyd etmək olar. Sonuncunun “Gözünə gün düşür” hekayəsi hətta ermənilər tərəfindən plagiat olunaraq ssenariləşdirilmiş və Oskar komissiyasına təqdim olunmuşdur.
- Sizə elə gəlmirmi ki, günümüzdə İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə kimi öz sözü, nüfuzu olan yazıçı və şairlərə ehtiyac var.
- Sizi cəlb edən yəqin ki, onların vətəndaşlıq mövqeyidir. Müasir yazıçı isə daha çox qlobalist təfəkkürlüdür. Odur ki, yazıçı və şairin İsmayıl Şıxlı, Xəli Rza, yaxud Bəxtiyar Vahabzadə tipinin yenidən meydana çıxacağını gözləmək bir az çətin məsələdir.
- Qarşıdan Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı gəlir. Bu qurultaydan nələr gözləyirsiniz?
- Şair Şaiq Vəlinin dili ilə desək, “olacaqlar, olacaqlar!”
- Sizcə, ədəbi mühitimizdə ciddi canlanma yaratmaq üçün nə etmək lazımdır?
- Qarabağı almalıyıq!
Söhbətləşdi: Əziz Mustafa