Əflatun Amaşov mətbuatın builki vəziyyətindən danışdı

eflatun-amasov-metbuatin-builki-veziyyetinden-danisdi
Oxunma sayı: 648

Bunu Trend-ə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Onun sözlərinə görə, istər qanunvericilik baxımından, istərsə də digər sahələrdə Azərbaycanda mətbuatla bağlı həyata keçirilən islahatlar davam edir.

"Biz Azərbaycan mətbuatının birdən-birə dəyişməsini gözləyə bilmərik. Bu proses davam edir. Mətbuat Şurasının əsas fəaliyyət istiqaməti Azərbaycan mətbuatının iqtisadi bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi olub", - Amaşov deyib.

O, bildirib ki, artıq bu tədbirlər Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən həyata keçirilir və 2011-ci ildə nəzərdə tutulan büdcə 2010-cu ilin büdcəsindən çox olub.

Amaşov Azərbaycan jurnalistikasının problemlərinin hər şeydən əvvəl jurnalistikanın iqtisadi bazasının lazımi səviyyədə olmaması ilə bağlı olduğunu deyib.

"Elə digər problemlər də bu problemdən yaranır. Bu baxımdan, MŞ 2011-ci ildə mətbuatın inkişafı ilə bağlı müəyyən təkliflər, o cümlədən reklam bazarının genişləndirilməsi, KİV-lərin iqtisadi inkişafını artırmaq üçün onlara müəyyən güzəştlərin şamil olunması təklifini irəli sürüb", - Amaşov qeyd edib.

Onun sözlərinə görə, Şura Türkiyədə tətbiq edilən rəsmi qurumların reklam və elanlarının mətbuatda verilməsi təcrübəsini artıq öyrənib.

"Həmin təcrübəni bu il Azərbaycanda tətbiq edə bilmədik. Ancaq 2012-ci ildə bu məsələni gündəmə gətirməyə və həmin təcrübəni Azərbaycanda tətbiq etməklə mətbuatın iqtisadi bazasının yaxşılaşmasına kömək etməyə çalışacayıq", - Amaşov qeyd edib.