“Əfv sərəncamı bu çətin günlərdə cəmiyyətdə müsbət aura yaratdı” - Millət vəkili

efv-serencami-bu-cetin-gunlerde-cemiyyetde-musbet-aura-yaratdi
Oxunma sayı: 2543

Yeni Azərbaycan Partiyasının funksioneri, millət vəkili Malik Həsənov Prezident İlham Əliyevin "Məhkum edilmiş  bir sıra şəxslərin  əfv olunması haqqında" sərəncamına uyğun olaraq yaşı 65-dən yuxarı olan 176 nəfərin cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə münasibət bildirib. 

Malik Həsənov "Qafqazinfo"ya açıqlamasında deyib ki, bu günlərdə dünyanı təhdid edən koronavirus pandemiyası dönəmində bütün beynəlxalq humanitar təşkilatların çağırışlarına Azərbaycan dövləti və dövlət başçısı ilk reaksiya verənlərdən biri oldu:

"Beynəlxalq təşkilatların çağırışlarından biri də bu idi ki, dövlətlər humanist addımlar atsınlar, xüsusilə, cəzaçəkmə müəssisələrində olan şəxslərlə müsbət davransınlar. Onların azadlığa buraxılmasının mümkünlüyü haqda çağırışa Azərbaycan dövləti ilk reaksiya verən dövlətlərdən biri oldu. Bu prosesin əvvəlində mart ayı ərzində yüzlərlə məhbus şərti azadlığa buraxıldı. Bu siyasətin davamı olaraq ölkə Prezidenti əfv sərəncamı imzaladı. Prezident İlham Əliyevin hər il bir neçə dəfə əfv sərəncamı verməsinə baxmayaraq, bu dəfəki qərar xüsusi bir qrupa aid edildi. Koronavirusa görə xüsusi risk qrupuna aid edilən yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın sağlamlığının təminatını prioritet məsələ kimi önə gətirildi və onlar əfv edilərək azadlığa buraxıldı. Onların arasında heç bir fərq qoyulmadı. Bununla da dövlət öz humanist siyasətini göstərdi. Bu fərmanla 176 məhbus ailəsinə qovuşdu. Onların içində 11 qadın və  ömürlük azadlıqdan məhrum edilmiş 2 nəfərin olması xüsusi səciyyələndirilməlidir. Bu əfv fərmanı, Prezidentin bu addımı koronavirusa görə neqativə köklənən, çətin situasiyalarda keçən cəmiyyətdə müsbət aura yaratdı. Statusundan, tutduğu mövqedən asılı olmayaraq hər bir ölkə vətəndaşının Prezident İlham Əliyevin diqqət mərkəzindən kənarda qalmadığı bir daha sübut olundu. Sosial şəbəkələrdə əfvlə bağlı aparılan müzakirələr, bu qərarın cəmiyyətin müxtəlif qrupları tərəfindən təqdir edilməsi bunun bariz nümunəsidir. Yaşı 65-dən yuxarı olanların əfv edilməsi ölkəmizdə həyata keçirilən insanpərvər siyasətinin növbəti təzahürü oldu. 

Bu qərar dövlətin humanizm siyasətini, eləcə də öz vətəndaşlarına humanist münasibətini əks etdirən mühüm faktlardan biridir. Bu müsbət ənənənin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Cəmiyyətdə Prezident İlham Əliyevin Ulu öndər Heydər Əliyevin siyasətini davam etdirərək dövlətin humanist addımlarını bundan sonra da həyata keçirəcəyinə əminlik var. Bu il ərzində növbəti amnistiya aktının verilməsi də istisna olunmur. Bu dəfəki amnistiya aktının daha geniş kütləni əhatə edəcəyi güman olunur. Azərbaycanda son 20 ildə hər 3-4 ildən bir amnistiya aktının verilməsi bir ənənəyə çevrilib. Sonuncu amnistiya aktının da bir neçə il əvvəl qəbul edildiyini nəzərə alsaq, bu il də yeni amnistiyanın imzalanması istisna deyil. Bu siyasətin davam etdiriləcəyinə cəmiyyətdə böyük ümid var. İnsanlar cənab Prezidentə inanır, bu ağır günlərdə də onun "Biz birlikdə güclüyük!" şüarı ətrafında birləşib. Həbsxanaların içərisində və çölündə həyata keçirilən siyasət və bu addımlara cəmiyyətin verdiyi reaksiyalar onu göstərir ki, insanlar bu şüarın ətrafında birləşərək Azərbaycanın bu bəladan tam güclü formada çıxmasına dəstək olacaqlar. Ölkəmizdə mütəmadi olaraq əfv sərəncamlarının imzalanması, amnistiya aktlarının qəbul olunması dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir. Vətəndaşlar da bu siyasətə dəstək olmalı, həm dünən azadlığa buraxılan keçmiş məhkumlar, onların yaxınları və cəmiyyətin bütün üzvləri özünü təcrid edərək, Prezidentin və dövlətin bu istiqamətdə apardığı işlərə kömək etməlidirlər. Biz bu çətin dönəmdən birlikdə çıxacağıq".