“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında tarixi oyuna çıxır.
“Qafqazinfo” xəbər verir ki, Ağdam təmsilçisi səfərdə - məşhur “Enfild Road”da ÇL-in ən çox qazanmış komandalardan olan “Liverpul”a qarşı oynayacaq.
Liqa mərhələsinin startında rəqiblərimiz açıqlananda 3 xal toplayacağına ümid etmədiyimiz komandamız İngiltərədə 1 xal ala bilsə, daha bir tarix yazaraq pley-off-a çıxacaq. İlk baxışdan bu mümkün görünmür. Amma sürprizlər edən, “Benfika”nı səfərdə, “Ayntraxt”ı evdə məğlubiyyətə uğradan Ağdam təmsilçisindən istənilən nəticəni gözləmək olar.
Əslində, xal almaq üçün münbit şərait də var. İngiltərə Premyer Liqasında uğursuz nəticələr qazanan “Liverpul” ətrafındakı söz-söhbətlər komanda daxilində gərginlik yaradıb. Baş məşqçi Arne Slota həm media, həm də klubun sabiq oyunçuları tərəfindən böyük təzyiq var. Bütün bunlar isə bizim xeyrimizədir.
Ziyanımıza olan tək məqam isə turnir cədvəlində 4-cü olan Mersisayd təmsilçisinin birbaşa 1/8 finala vəsiqə qazanması üçün xala ehtiyacı olmasıdır. Aktivində 15 xal olan liverpullular 3 xalla pley-off mərhələsini oynamadan növbəti raunda çıxa bilər.
Bəs, “Qarabağ” Arne Slotun komandasına uduzarsa, növbəti mərhələyə necə adlaya bilər?
Bu halda “Qarabağ”ın növbəti mərhələyə adlaması üçün turnirdə mübarizə aparan “Brügge”, “Kopenhagen”, “Napoli”, “Olimpiakos”, “Atletik”, PSV, “Monako”, “Bayer”, “Marsel” kimi komandalardan ən azı 3-ünün xal itirməsi lazım olacaq.
Top fərqi -2 olan “Qarabağ”ı üstələmək üçün 3 komandaya heç-heçə də bəs edə bilər. 6 komanda isə mütləq qələbə qazanmalıdır. “Brügge” ilə Marsel “Olimpik”inin bir-birini üstələməli olduğunu nəzərə alsaq, digər rəqiblərdən ikisinin maksimum nəticəyə imza atmaması ağdamlılar üçün kifayətdir.
“Barselona” evində uduzacaqsa, “Bayern” xalsız qalacaqsa, “Çelsi”, “Ayaks”, “Sportinq” və “Yuventus”un hamısı məğlubiyyət alacaqsa, “Qarabağ” üçün ÇL-də mübarizə bitəcək. Amma bütün bunların baş verməsi sensasiya olar. Ona görə də yuxarıda sadaladığımız komandalardan cəmi ikisinin büdrəməsi təmsilçimiz üçün yetərlidir.
Görünən odur ki, əgər möcüzə baş verməsə, “Qarabağ” pley-off-a adlayacaq.
Son xəbərlər
Son Xəbərlər