“Ekspertiza nəvəmin günahsız olduğuna rəy versə də, şirkət həbsini tələb edir”

ekspertiza-nevemin-gunahsiz-olduguna-rey-verse-de-sirket-hebsini-teleb-edir
Oxunma sayı: 5382

Birinci Qarabağ müharibəsi şəhidi Füzuli Rzayevin anası Gülbahar Rzayeva nəvəsi Rzayev İqbal Mehman oğlu barəsində işlədiyi “Ultratek” MMC-nin şikayəti əsasında cinayət işi başlanıldığını deyib.

O, “Qafqazinfo”ya müraciət edərək bildirib ki, cinayət işi üzrə maddi ziyanın olub-olmamasını müəyyən etmək üçün dörd dəfə ekspertiza təyin edilib və alınan bütün rəylərdə nəvəsinin günahsız olduğu göstərilib:

“Nəvəm İqbal Rzayev indiki adı “Texnomart” olan, daha əvvəl isə “Ultratek” MMC kimi tanınan şirkətin Tovuz filialında müdir olub. Qazaxdakı mağazadan mənimsənildiyi deyilən malların pulunu da İqbaldan tələb edirlər.

Dedikləri və tələb etdikləri məbləğ 144 min manatdır. Amma işlə bağlı alınmış bütün rəylərdə heç bir ziyanın olmadığı, nəvəmin günahsız olması öz təsdiqini tapıb.

Ədliyyə Nazirliyi tərəfindən keçirilən Məhkəmə Mühasibatlıq ekspertizası zamanı məlum oldu ki, şirkətin baş ofisinin sənədləri qaydasında olmadığı üçün ziyanı müəyyən etmək mümkün deyil.

Bundan sonra şirkət özü də sənədlərinin düzgün olmadığını etiraf etdi. Daha sonra “Ultratek” MMC təklif etdi ki, onların elektron formada olan “1C” proqramı əsasında ekspertiza keçirilsin.

Hərçənd qanun mühasibatlıq ekspertizası üçün ancaq kağız sənədləri qəbul edir. Çünki elektron sənədlərə kənardan müdaxilə edilə bilir. İstintaq burada da şirkətə güzəşt etdi və “1C” proqramı üzrə ekspertiza keçirildi. Komputer texniki ekspertizası zamanı mütəxəssis də, ekspert də rəy verdi ki, həmin proqrama kənardan müdaxilə edilib, ona görə də zərəri müəyyən etmək mümkün deyil. Üçüncü dəfə ümumi ekspertiza təyin edildi, bu dəfə də rəy verildi ki, nə kağız sənədlər, nə elektron sənədlər qanunauyğundur.

Növbəti dəfə “Ultratek” MMC özləri müstəqil ekspertiza keçirmək istədi, prokurorluq buna da razılıq verdi. Təsəvvür edin, şirkət öz adamını verir ki, onun üçün ekspertiza keçirsin, istintaq da razılaşdı. Bu dəfə də həmin şəxs müdaxilə edildiyini təsdiqləyib, zərəri müəyyən edə bilmədiyi barədə rəy verdi.

Bu qədər ekspert rəylərinə baxmayaraq, istintaq bir ildən artıqdır ki, işi yekunlaşdırmır. Onu həbs etmək üçün variantlar axtarılır. İqbal mənə baxır, bütün ailəmizi, qazi oğlumu, onun xərçəng xəstəsi olan həyat yoldaşını, hamızı dolandırır. Hamımız İqbalın himayəsindəyik”.

G.Rzayevanın sözlərinə görə, nəvəsi İqbal Rzayev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilməyib, şahid kimi dindirilib. Lakin şirkət şikayətlərində onun həbsini tələb edir. Bir müddət əvvəl də şirkətin şikayəti əsasında cinayət işinin istintaqı Tovuz Rayon Prokurorluğundan alınaraq, Baş Porkurorluğun İstintaq İdarəsinə həvalə edilib:

Həmçinin oxuyun: “Aristokrat” klinikasının mühafizəçisi direktorun oğlu tərəfindən buna görə öldürülübmüş

“Nəvəmin həbsini tələb edirlər, onlar deyirlər ki, İqbalın həbsi digər işçilərinə dərs olacaq.

İndi də şirkət əməkdaşları İqballa eyni vaxtda işləmiş şəxsləri, eləcə də, kreditlə məhsul alan vətəndaşları ödənişlərində güzəşt etmək, qalan ödənişi bağışlamaq qarşılığında İqbalın əleyhinə ifadə verməyə məcbur edirlər. Çünki Ədliyyə Nazirliyinin ekspertizası İqbal Rzayevin heç bir günahı olmadığına dair rəy verib. Buna görə də indi saxta şahid ifadələri əsasında oğlumu həbs etmək istəyirlər”.

Məsələ barədə Baş Prokurorluğa sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki,“Ultratek” MMC-nin baş ofisindən Tovuz Rayon Prokurorluğuna şirkətin Tovuz rayonunda yerləşən filialında baş vermiş mənimsə faktları ilə bağlı daxil olmuş müraciət əsasında araşdırma aparılaraq 22 dekabr 2020-ci ildə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib:

“Cinayət işi üzrə məhkəmə-mühasibatlıq, məhkəmə-xətşünaslıq və digər zəruri ekspertizalar təyin edilib, qeyd edilən filialın müdiri işləyən İqbal Rzayev və digər şəxslər şahid qismində dindirilib, eləcə də, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzə  istintaq tədbirləri davam etdirilir”.

Murad Əhməd