Əlindəki göyərmələrdən danışdı

elindeki-goyermelerden-danisdi
Oxunma sayı: 891

ABŞ Prezidenti Donald Tramp həkimlərinin tövsiyə etdiyindən daha yüksək dozada aspirin qəbul etdiyini və əlindəki göyərmələrin səbəbinin də bununla bağlı olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, “Wall Street Journal”a (WSJ) müsahibə verən Tramp sağlamlığı ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

O qeyd edib ki, həkimlərin məsləhət gördüyündən artıq aspirin qəbul etməsi əlində görünən göyərmələrə dair sualları artırıb.

“Deyirlər ki, aspirin qanı durulaşdırmaq üçün faydalıdır və mən ürəyimdən qatı qan axmasını istəmirəm. Nazik, gözəl qan axmasını istəyirəm. Başa düşdünüzmü?”, - yüksək dozada aspirin istifadəsini izah edən Tramp deyib.

Tramp 25 ildir müntəzəm olaraq aspirin qəbul etdiyini vurğulayıb.

Müsahibədə o, ayağındakı şişkinliyi azaltmaq üçün xüsusi tibbi corablardan istifadə etməyə cəhd etdiyini, lakin onları “xoşlamadığı” üçün bundan imtina etdiyini bildirib.

Tramp çox yatmadığını və idman etməyi sevmədiyini qeyd edib:

“Saatlarla qaçış zolağında gəzmək və ya qaçmaq bəzi insanlar üçündür, mənim üçün deyil”.

Prezident görüşlər zamanı yuxuya getməsi ilə bağlı iddiaları təkzib edərək, yalnız gözlərini dincəltdiyini söyləyib. Eşitmə ilə bağlı isə eyni anda çox adam danışanda çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, ABŞ mediası son günlər Trampın sağlamlıq vəziyyətini yenidən gündəmə gətirib. Xüsusilə onun sağ əlində aylardır müşahidə olunan göyərmələrə diqqət çəkilib.

Ağ Evdən verilən açıqlamada isə Trampın sağ əlindəki göyərmələrin sıx görüş qrafiki səbəbindən tez-tez əl sıxması və müntəzəm aspirin istifadəsi ilə əlaqəli olduğu qeyd edilib.