Elmar Qasımov İtaliya şirkətinin vitse-prezidenti ilə görüşdü - Fotolar

Elmar Qasımov İtaliya şirkətinin vitse-prezidenti ilə görüşdü
Oxunma sayı: 700

Bakı Ali Neft Məktəbi (BANM) və İtaliyanın “Maire Tecnimont Group” şirkəti arasında əməkdaşlıq genişlənir.

“Qafqazinfo” xəbər verir ki, yeni əməkdaşlıq prinsipləri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və “Maire Tecnimont Group”un Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Cianni Bardazzi və “Kinetics Technology” şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpernlə müzakirə olunub.

Qonaqları salamlayan Elmar Qasımov qeyd edib ki, əvvəlki illərdəki uğurlu əməkdaşlığın nəticəsi olaraq, BANM-in 11 tələbəsi “Maire Tecnimont” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “Kinetics Technology” şirkətində çalışır. Eyni zamanda, hər il BANM tələbələri istehsalat təcrübə proqramı keçmək üçün bu şirkət tərəfindən xüsusi olaraq seçilirlər.

Cianni Bardazzi bildirib ki, “Maire Tecnimont” şirkəti “Kinetics Technology” şirkəti vasitəsi ilə BANM ilə ikitərəfli əməkdaşlığa böyük önəm verir. O qeyd edib ki, BANM-in tələbələri şirkətdə istehsalat təcrübəsi keçərək öz biliklərini inkişaf etdirməklə yanaşı, beynəlxalq komandaya inteqrasiya da ola bilərlər.

C.Bardazzi pandemiya dönəmində “Maire Tecnimont” şirkətinin informasiya texnologiyalarına (İT) sərmayə yatırdığını və “ağıllı” (smart) iş sisteminə keçdiyini diqqətə çatdırıb. O, son bir il ərzində iş mühitində texnologiyaların rolunun artdığını və bütün ixtisas sahiblərinin, eləcə də mühəndislərin texnoloji biliklərinin yüksəldilməsinin vacibliyini qeyd edib.

“Müşahidələr göstərir ki, sizin Ali Məktəbin məzunlarının İT bilikləri yüksək olur. Beynəlxalq standartlar əsasında kadr yetişdirən Bakı Ali Neft Məktəbi digər xarici universitetlərlə əməkdaşlıq qurarkən bizim üçün nümunə rolunu oynayır. Bununla belə, təklif edirəm ki, bizim ixtisaslı mütəxəsislərimiz tərəfindən BANM-in müəllim və tələbələri üçün təlimlər təşkil edilsin”.

Görüş əsnasında Bakı Ali Neft Məktəbində avtomatik idarəetmə sisteminə keçid, tələbə və müəllimlər üçün İT kurslarının və birgə vebinarın təşkili ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, BANM-in IV və V kursları üçün nəzərdə tutulan təcrübə proqramı BANM və “Maire Tecnimont Group” şirkəti arasında 19 oktyabr 2016-cı il tarixində imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir.