Elşad Abdullayev bu dəfə hakimin videosunu yaydı + Video

elsad-abdullayev-bu-defe-hakimin-videosunu-yaydi-video
Oxunma sayı: 712

Budəfəki video görüntü sabiq rektorun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirir.

«Mənim əvvəlki müraciətlərimi dərc etdiyiniz və göndərdiyim vidematerialları yaydığınız üçün Sizə təşəkkürümü bildirirəm. Sizin vasitənizlə bir daha oxucularınıza çatdırmaq istəyirəm ki, mənim məqsədim qardaşım Mahir Abdullayevin Azərbaycanda fəaliyyət göstərən mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanmasının təfərrüatlarını ictimaiyyətə çatdırmaq və bu işin açılmasına nail olmaqdır.

Əvvəlki müraciətlərimdən sonra Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən 4 oktyabr 2012-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunda qardaşım, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin oğurlanması faktına görə, başlanmış cinayət işinin istintaqını aparmaq məqsədi ilə Müstəqil İstintaq Komissiyası (MİK) yaradılmışdır. Bundan sonra, mən bui şlə əlaqədar şəxsi təşəbbüsümlə topladığım sübutları MİK-ə təqdim etmişəm. Bu sübutların bir hissəsi əvvəllər də mənim tərəfimdən hüquq-ümhafizə orqanlarına təqdim olunsa da, təəssüf ki, 9 il müddətində 12 müstəntiq heç bir araşdırma aparmamış, tədbir görülməmişdir və bunun üçün Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsinin zəruri olmasını qeyd etmişlər. Məndə belə bir təsəvvür yaranır ki, MİK də bu sübutları araşdırmaq üçün lazımi tədbirlər görmür, hər halda onun fəaliyyəti arzu etdiyim səviyyədə deyil.

Hazırda MİK-ə təqdim etdiiym sübutlardan biri də Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Babayev Hacı Ağababa Fərman oğlu ilə söhbətimizin video və audio yazılarıdır. Bu materialları mən 2 mart 2009-cu ildə rəsmi qaydada, protokol ilə MTN-in əməkdaşı Rəsul Rəsulova vermişəm və bunu əks etdirən video kaseti MİK-ə təqdim etmişəm...
Mən, hakim Hacı Ağababa Babayevlə söhbətimiz əks etdirilmiş video görüntülərindən birini Sizə göndərməklə onu yaymağınızı xahiş edirəm. Hesab edirəm ki, bu görüntünün yayılması nəinki istintaqa mane olmayacaq, əksinə onun obyektiv aparılmasına və daha da sürətlənməsinə kömək edəcək”, - deyə E.Abdullayev müraciətində yazır.

Sabiq rektor hakimlə söhbətinin 2007-ci ilin iyuluna təsadüf etdiyini bildirir.