Elşad Abdullayev daha bir video yaydı + Video

elsad-abdullayev-daha-bir-video-yaydi-video
Oxunma sayı: 1086

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev bir sıra cinayətlərə işıq salan videoların yayımını davam etdirir. Sabiq rektor “Azadlıq”a növbəti videolar göndərib. Bu görüntüləri müəyyən mənada bir müddət əvvəl yayılmış, Rövşanə Əliyeva adlı qadınla söhbətlərin əks olunduğu videonun davamı hesab etmək olar.

Elşad Abdullayev hansı səbəbdən məhz bu videonu yaymasına da aydınlıq gətirib. O, “Azadlıq”a müraciətində yazır ki, Rövşanə Əliyeva ilə söhbətlərin əks olunduğu ötən videonu yayarkən kadrlardakı bir nəfərin üzü örtülmüşdü. Bu da müxtəlif söz-söhbətlərə səbəb olub ki, Elşad Abdullayev həmin söhbətdə iştirak etmiş üçüncü şəxsin kimliyini gizlədir. Sabiq rektor bildirir ki, bu məsələnin qaranlıq qalmaması üçün elə həmin şəxsin üzünün aydın şəkildə göründüyü kadrları yaymaq qərarına gəlib.

Elşad Abdullayev qeyd edir ki, Rövşanə Əliyeva ilə söhbətdə iştirak etmiş üçüncü şəxs onun qardaşı Eldəniz Abdullayevdir. Onu zəhərləyəndən sonra səhhətində ciddi problemlər yarandığından qohumlarının həmin videokadrlarda Eldənizi görüb pis olmasını istəməyib və bu səbəbdən əvvəlki video yayılarkən onun üzünü örtüb.

Yeri gəlmişkən, Elşad Abdullayevin “Azadlıq”a göndərdiyi son videolar arasında qardaşı Eldəniz Abdullayevin zəhərləndikdən sonra xəstəxanada müalicə olunduğu və həvəskar çəkilişlə lentə alınmış görüntülər də var.

Elşad Abdullayev, Rövşanə Əliyeva və Eldəniz Abdullayevin iştirakıyla keçən söhbətə gəlincə, burada yenə də Mahir Abdullayevin geri qaytarılmasından söhbət gedir. Elşad Abdullayev iş adamı Arzu Kazımovu, daxili işlər nazirinin keçmiş müavini Zahid Dünyamalıyevi Mahir Abdullayevin geri qaytarılacağına dair verdikləri vədə əməl etmədiklərinə görə qınayır.
Sabiq rektorun göndərdiyi son videogörüntülərdə Rövşanə Əliyeva Elşad Abdullayevin kabinetində mobil telefonla Arzu Kazımovla danışır. Təxminən 15 dəqiqə davam edən bu telefon danışığında da mövzu Mahir Abdullayevin qaytarılması haqda olur. Söhbət əsnasında bir neçə dəfə “Zahid müəllim” sözü də işlənir və sonradan məlum olur ki, söhbət Zahid Dünyamalıyevdən gedir.

“Sən də bir bəlaya düşmüsən. Allah mərdimazarın evini yıxsın. Belə oyun qurarlar adama? Sən də qalmısan pis vəziyyətdə, Elşad müəllim də...”, - Rövşanə Əliyeva Arzu Kazımova deyir.
Telefon danışığı bitəndən sonra isə bu qadın Arzu Kazımovla danışdıqlarını Elşad Abdullayevə danışır. Söhbətin gedişindən belə məlum olur ki, Elşad Abdullayev ondan pul alınsa da, qardaşının geri qaytarılmamasından, 9 aya yaxın bir müddətdə Arzu Kazımov və Zahid Dünyamalıyevin bu məsələ ilə bağlı verdikləri vədə əməl etməməsindən narazıdır. Rövşanə Əliyeva isə bildirir ki, Zahid Dünyamalıyev Arzu Kazımova söhbətdə Elşad Abdullayevi qəbul edəcəyini bildirib: “Arzu müəllim çox əsəbiləşmişdi. Deyir, Zahid ona deyib ki, Elşadı qəbul eləyəcəm, özüm onunla danışacağam, sən çəkilərsən kənara...”

Bu yerdə Elşad Abdullayev də Zahid Dünyamalıyevin ünvanına belə bir fikir səsləndirir: “Şəxsən mən özüm də, ailəm də Zahiddən qat-qat yüksək adamlarıq. Mən nə qətllərdə iştirak eləməmişəm, nə adam oğurluqlarında, nə də dövlət çevrilişlərində... Elə eləməsinlər ki, bütün bunları qışqıraq...”

Elşad Abdullayev bir daha tələb edir ki, qardaşının qaytarılması üçün söz verib pul alanlar bu vədə əməl edib Mahiri qaytarmalıdırlar: “Qardaşımı oğurlayıblar, gətirib versinlər. Nə generaldan qorxuram, nə marşaldan. Mən türmədən, hökumətdən qorxan adam da deyiləm. Qayda var, qanun var. Bu nə deməkdir? O, məni qəbul eləməsə belə, istəsəm, günü sabah düşərəm onun qəbuluna. Bütün MVD məni tanıyır. Utanmırlar, xəcalət çəkmirlər ad-familiyalarından. Haram olsun xalqın, dövlətin bunlara verdiyi çörək...”

Rövşanə Əliyeva da öz növbəsində Mahir Abdullayevin qaytarılmasının gecikməsinə görə Arzu Kazımovun günahkar olmadığını sübut etməyə çalışır. Həmçinin verilən puldan onun özünə bir manat da çatmadığını, halal-haram məsələlərinə diqqətlə yanaşdığını bildirir: “Mən belə şeylərdən qorxan adamam. Sumqayıtda korrupsiyanın rəisi vardı, Mustafa. Kimin ağlına gələrdi ki, ona 14 il iş verərlər, içəridə havalanar. Yaxud, ”Banditizm"dəki Vaqif... Gecə ilə ürəyi partladı. Adamlara nə qədər işgəncə vermək olardı..."

Daha sonra Rövşanə Əliyeva bildirir ki, Zahid Dünyamalıyev, Arzu Kazımov və onun oğlu Zaur Kazımov Mahir Abdullayevə görə SDK-ya gedib. Bir qədər də Zaur Kazımovdan danışan Rövşanə Əliyeva bildirir ki, o, Vasif Talıbovun (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri) oğlu Iziklə birlikdə Oksfordda təhsil alıb.

Elşad Abdullayev “Azadlıq”a müraciətində ailə tərkibi ilə bağlı məsələyə də toxunub. Onun sözlərinə görə, əvvəlki videolar yayılandan sonra Rövşanə Əliyeva onun ünvanına bir sıra xoşagəlməz, eyni zamanda, həqiqətə uyğun olmayan fikirlər səsləndirib. Bu fikirlərdən biri də belə olub ki, Elşad Abdullayevlə görüşdə onun bacısı Səbirə də iştirak edib. Lakin Elşad Abdullayev bildirir ki, onlar ailədə 5 qardaş və 2 bacı olublar. Onun ümumiyyətlə, Səbirə adlı bacısı yoxdur. Olan bacılarının da heç bir bu cür söhbətlərdə iştirak etməyiblər.