Əmanətlərin verilməsinə başlanıldı

emanetlerin-verilmesine-baslanildi
Oxunma sayı: 647

Əmanətçilərə fərdi birdəfəlik ödəmələr 1 yanvar 1992-ci ilədək olan əmanət qalığının məbləğindən asılı olaraq hesablanacaq. Bu zaman 4 qəpiyə (2000 rubla) qədər olan əmanət qalığına əmanət qalığının hər qəpiyi (500 rubl) üçün 75 manat, 4 qəpikdən 10 qəpiyə (2000 rubldan 5000 rubla) olan əmanət qalığına görə 300 manat üstəgəl 4 qəpikdən artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat, 10 qəpikdən 20 qəpiyə (5000 rubldan 10000 rubla) qədər əmanət qalığına görə 600 manat üstəgəl 10 qəpikdən artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat, 20 qəpikdən (10000 rubldan) yuxarı əmanət qalığına görə 1000 manat üstəgəl 20 qəpikdən artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat verilməsi nəzərdə tutulub.

Fərdi birdəfəlik ödəmələrin alınması üçün əmanətçilər tərəfindən şəxsi əmanət hesabının bağlanması göstərilməklə müvəkkil banka (“Kapital Bank” ASC-yə) ərizə ilə müraciət edilməli və ərizəyə əmanət (bank) kitabçası, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, soyad və ad dəyişikliyi olduğu halda həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti və vəsait vərəsələrə ödəniləcəyi halda vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti və ya bu barədə müvafiq məhkəmə qərarı əlavə olunmalıdır.

Əmanət kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə əmanətçinin verdiyi məlumatlar üzrə bankda üzləşdirmə aparılacaq və əmanətçinin öz ərizəsində verdiyi məlumatlar təsdiqini taparsa, bank sənədləri bu məqsədlə yaradılmış xüsusi komissiyaya göndərəcək. Həmin komissiyanın qərarı əsasında əmanətçiyə əmanət kitabçasını əvəz edən sənəd veriləcək və birdəfəlik ödəmənin verilməsi həmin sənədə əsasən həyata keçiriləcək.

Ödəmələri yalnız Azərbaycan vətəndaşlığı haqqında qanunda göstərilən meyarlara uyğun olan və Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları ala bilərlər və buna görə onlar Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Vətəndaşlar maliyye.gov.az saytına daxil olmaqla sol tərəfdə Kassaların dislokasiyasına daxil olmaqla öz məntəqələrini seçə bilərlər.

mediaforum.az