Ermənistan məğlubiyyətə görə vəzifəli şəxsləri sorğuya çəkir

Ermənistan məğlubiyyətə görə vəzifəli şəxsləri sorğuya çəkir
Oxunma sayı: 1007

Ermənistanın hüquq-mühafizə orqanları, xüsusilə də İstintaq Komitəsi son günlər ölkənin Müdafiə Nazirliyinin əməkdaşlarını və nazirliyin istefaya göndərilmiş yüksək vəzifəli şəxslərini sorğuya çağırır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.

Qəzet yazır ki, sorğu zamanı konkret olaraq 44 günlük müharibədə məğlubiyyətin günahkarları barədə suallar verilir. 

“Bundan əlavə, sorğuya çağırılan yüksək vəzifəli şəxslərə əsas olaraq “Artsax Prezidenti” Araik Arutyunyanın müharibə məğlubiyyətdə günahının olub-olmaması barədə suallar verilir. Bununla yanaşı, onlardan Arutyunyanın məğlubiyyətə səbəb olacaq hansısa addımlar atıb-atmaması da soruşulur. Qeyd etmək lazımdır ki, müdafiə ordusunun keçmiş komandanı Cəlal Arutyunyanın əleyhinə kifayət qədər çox sayda ifadələr verilib.

Əlavə edək ki, Baş Prokurorluğun nəzarəti altında araşdırılan iki mindən çox hərbi işin 41-i artıq məhkəmələrə göndərilib. 800-dən çox nəfər 44 günlük müharibə zamanı cinayət törətməkdə təqsirləndirilir. Bununla yanaşı, 7 yüksək vəzifəli hərbçi müxtəlif hərbi cinayətlər törətməkdə günahlandırılır. Onlardan yalnız Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Andranik Makaryanın adı məlumdur. General Andranik Makaryan xidmətə səhlənkar yanaşmaqda ittiham olunur. Ona qarşı irəli sürülən cinayət əməli müharibə ilə əlaqədardır. Makaryan isə öz növbəsində bu iddiaları qəbul etmir.

Məhkəməyə göndərilən cinayət işlərinin yarıdan çoxu, yəni 25-i müharibə zamanı qanunsuz silah-sursat daşımaqla bağlıdır. 28 nəfər bu cinayəti törətməkdə təqsirli bilinir. Bununla belə, 7 cinayət işi xidmət ərazisini özbaşına tərk etməklə bağlıdır. Daha 9 nəfər isə fərarilikdə günahlandırılır. Təqsirləndirilən şəxslərin əksəriyyəti əsgərlərdir”, - deyə qəzet yazır.

Günel İbrahimova