“Dünən başlayan Pakistan-Əfqanıstan qarşıdurması göstərir ki, yerləşdiyimiz region indi dünyada ən böyük risklərlə üz-üzədir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
“Lakin Xocalıdan verilən mesajın mənası odur ki, biz artıq qurban deyilik, soyumuz yaşayır və biz təkcə öz taleyimizi yox, regionu və erməniləri də dəyişdiririk. Qələbəmiz təkcə torpaqlarımızı yox, həm də Ermənistanı keçmiş imperiyalardan xilas edir. Ona görə də xalqlarımızı barışa hazırlamalıyıq. Doğrudur, yaralarımız təzədir, düşmənçilik dərinə işləyib, lakin Ermənistanla sülh müqaviləsini bağlayandan sonra daha böyük düşmənlərimizi görəcəyik.
Məgər tarixdə iki xalq arasında dinc birgəyaşayış olmayıbmı? Əlbəttə olub! İkinci dünya müharibəsində erməni diviziyalarında azərbaycanlılar qəhrəmanlıqla vuruşurdular və “Sovet İttifaqı Qəhrəmanı” adını alan soydaşımız var. Halbuki yalnız baqramyanları, babacanyanları, isakovları qabardırlar.
Erməni kinoşünaslığını Sabir Rzayev adlı çoxlarının tanımadığı həmyerlimiz yaradıb. 70 il sovet Ermənistanını qurub-yaradan azərbaycanlılar bütün vəzifələrdə təmsil olunublar.
Xalqımızın mədəni konstitusiyasını yaradan böyük Üzeyir 1919-cu ildə bütün qafqazlılara müraciət edir və deyirdi- milli və dini ayrılıq bir ittifaqda yaşamağa mane olmur!”, - deyə millət vəkili qeyd edib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər