“Fatihə verilib”

fatihe-verilib
Oxunma sayı: 718


- Vəfa müəllim, Suriyada yüksək vəzifəli şəxslərin bu şəkildə öldürülməsi nə dərəcədə gözlənilən idi?

- Əslində Suriyada xeyli sayda vəzifəli şəxs öldürülüb. Bomba partlayışı zamanı onları müşayiət edən onlarla başqa insan, o cümlədən Əsədin yaxın adamları həlak olub. Bu məlumatların çoxunu gizlədir, üç-dörd adamın adını çəkməklə kifayətlənirlər. Bu partlayış onu göstərdi ki, Bəşər Əsədin özünün yaxınlarının sıralarında artıq Bəşər Əsəddən yaxa qurtarmağa böyük həvəs var. Başa düşürlər ki, ölkənin bu vəziyyətə o gətirib. O, hakimiyyətdən getməlidir ki, Suriyada vəziyyət düzəlsin. Bəşər Əsəd özü gizlənib, heç kim onun yerini bilmir. Qorxur ki, ona sui-qəsd olacaq.
Kim gedib Bəşər Əsədin ən yaxın dairəsində o partlayışı törədə bilərdi? Deyirlər ki, kimsə canından keçib. Ola bilməz, nabələd adam o yerə girə bilməz. Bu, Milli Təhlükəsizlik Nazirliyinin ortasıdır. Ora yad adam necə girə bilər? Deməli, kimsə öz içlərindəndir. Bundan başqa, Suriyanın müstəqil ordusu, müxalifətçi döyüşçüləri xəbər verirlər ki, Bəşər Əsədin ətrafından onlara hücumun hansı istiqamətdən olduğu ilə bağlı məlumatlar gəlir. Bu partlayışdan sonra da Suriya ordusunu kütləvi şəkildə tərk edənlər və müxalifətin tərəfinə keçənlər olub.
Mən olayların baş verəcəyini gözləyirdim. Bu diktatorun tərəfdarları arasında mütləq parçalanma olacaqdı. Bu parçalanma baş verirdi. Son bir ayda təxminən 70 min adam müxalifətin tərəfinə keçmiş, həmçinin ordunu tərk etmişdi. Məsələn, məşhur general Tlas xeyli müddətdir ki, Fransaya qaçıb. 50-60 general, həmçinin əsgərlər Türkiyədədir. Qalanlarının qaçması çox çətindir. Çünki bu halda ailələri, yaxınları məhv edilə bilər. Onlar qaçmaq üçün əvvəl ailələrini və yaxınlarını ölkədən çıxartmalıdılar. Asan məsələ deyil. Amma bu proses başlayıb. Bu gün-sabah Bəşər Əsədin orudusunda təkcə onun klanından və ailəsindən olan adamlar qalacaq. Bəlkə heç onlar da qalmayacaq. Mən hesab edirəm ki, Suriyadakı rejimin fatihəsi oxunub, bu gün sabahlıqdır.

- Amma böyük ehtimalla Bəşər Əsəd hakimiyyəti dirəniş göstərməkdə davam edəcək. Bütün bu olanlardan sonra Əsəd nə qədər davam gətirə bilər?

- Bəşər Əsədi də, onun yaxın qohumlarını və silahdaşlarını da dar ağacı gözləyir. Ona görə axıra qədər müqavimət göstərəcəklər. Onlar üçün nicat yeri yoxdur. Səddam Hüseyni yada salın. Onu yerin altından - heyvan mağarasından çıxartdılar və boğazından asdılar. Qəddafi gedib beton turbanın içində gizlənmişdi. Onu oradan sürüyüb çıxardılar, iti öldürən kimi öldürdülər. Bəşər Əsədi də bu aqibət gözləyir. Bu rejim cinayətkar rejimdir. Lavrov çox dəhşətli yalan danışdı ki, Bəşər Əsəd rejimi qalacaq, çünki xalq onun arxasındadır. Mən Suriyada olmuşam və orada xalqın bu rejim haqqında hələ 60-cı illərdə dedikləri yadımdadır. Dəhşətli qaniçən və cəllad rejimdir. Onun atası kim idi? Hafiz Əsəd inqilab etmiş zabit idi. Hakimiyyətə də gələn dövlət yox, xunta idi. Hərbi çevriliş edib hakimiyyəti ələ aldılar. Misirdə də belə olub. Camal Əbdülnəsr də çevriliş edib. Amma o, xarizmatik, xalqpərəst, ideyapərəst şəxsiyyət idi. Özü də misirli idi. Suriyada hakimiyyətə gələn Hafiz Əsəd və onun ailəsi ələvi idilər. Suriya xalqı isə sünnilərdən ibarətdir. Deməli Suriya xalqının başında dini baxımdan onlardan fərqlənən ayrı bir qrup - şiə dəstəsi dayanıb. Bunun özü də xalqın hakimiyyətə münasibətinin göstəricisidir. Onlar xalqı əzməklə hakimiyyətdə qalıblar. Bütün bu illər ərzində Suriyanı antixalq əsgəri xunta idarə edib və xalqı əzib. Atası da 30 mindən artıq adamı güllələmişdi. Amma onda Sovet Ittifaqı möhkəm idi. Hafiz Əsəd o rejimlə ittifaqa girmişdi. Indi Bəşər Əsəd Rusiyaya istinad edə bilmir. Rusiya o gücdə deyil. Rusiya onlara silah göndərib, heç kimə lazım olmayan havadan müdafiə sistemi yaradıb. Indi Suriyaya havadan heç kim hücum etmir axı.

- Rusiya və Iran Əsəd rejiminin ən yaxın dəstəkçiləri idi. Son hadisələrdən sonra onlar da uduzmuş sayılırlarmı?

- Əlbəttə. Son baş verənlər Iranla Rusiyaya böyük zərbədir. Çünki onlar həlqə yaratmışdılar - Iran, Suriya və Livan. Suriya ortadan çıxan kimi zəncir qırılır. Bu dəqiqə Suriyada döyüşənlər Iran dəstələri, “Hizbullah”ın batalyonlarıdır. Elə bilməyin ki, tək Bəşər Əsəd döyüşür. Müttəfiqləri də onunla bir yerdədir. Lakin bütün dünya Suriya xalqının yanındadır. Bütün ərəb ölkələri Suriya xalqını dəstəkləyir. Bu yaxınlarda Misirin seçilmiş prezidenti bəyanat verdi ki, Misir xalqının simpatiyası Bəşər Əsədə yox, Suriya xalqınadır. Bunlar bütün dünyaya meydan oxumaq istəyirlər, amma alınmayacaq. Necə ki alınmır. Necə ki, Iraqı, Liviyanı, Tunisi, Yəməni itiriblər, eləcə də Suriyanı itirəcəklər.

- Bugünlərdə “Times” qəzetində Suriya ilə bağlı maraqlı bir məqalə dərc olunmuşdu. 6Məqalədə deyilirdi ki, Rusiyanın Suriyanı dəstəkləməsinin bir səbəbi də Putinin eyni hadisələrin öz ölkəsində təkrarlanmasından qorxması ilə bağlıdır. Bu nə dərəcədə real versiyadır?

- Çox real versiyadır. Çünki Rusiyada inqilabi vəziyyət yaranıb. Mən Rusiyanın müstəqil kanallarını diqqətlə izləyirəm. Orada artıq Rusiyanın parçalanması, ölkədə olan inqilabi vəziyyət və bu kimi məsələlər müzakirə olunur. Bəziləri deyir 17-ci ildir, bəziləri 18-ci ildir. Yəni oktyabr inqilabının ərəfəsi. Bəziləri deyir ki, hələ ki, 1905-ci ildir - yəni birinci rus inqilabı dövrü. Artıq inqilab mövzusu bütün cəmiyyətdə ciddi şəkildə müzakirə olunur. Inqilabi əhval-ruhiyyəni söndürmək üçün Putin qeyri-populyar, mürtəce qanunlar qəbul edib. Xaricdən maliyyələşdirilən bütün QHT-lər, televiziyalar, radiolar, qəzetlər agent adlandırılır. Nümayişə çıxanlara böyük cərimələr yazılır. Lakin ekspertlər deyirlər ki, bu tədbirlər payızda Rusiyada gözlənilən hərəkatın qarşısını ala bilməyəcək. Bəli, Rusiya qorxur ki, Suriyadakı hadisələr orada da təkrarlanacaq. Amma tək bu deyil. Rusiya imperiya kimi Suriyada özü üçün hərbi baza yaradıb. Rusiyanın əsgəri donanması Suriyadadır. Rusiyanın bütün əsgəri müşavirləri Suriya ordusunun içindədir. Və Rusiya bütün silahlarını Suriyaya satıb. Suriya xalqının yeməkpulu Rusiyanın heç kimə lazım olmayan silahlarına gedir. Bu silah da məğlub olur.

- Suriyada baş verənlərdən dünyadakı avtoritar və diktator rejimlər hansı dərsləri götürməlidir?

- Bütün avtoritar rejimlərin oxşar və fərqli cəhətləri var. Bu məsələyə qlobal baxanda dünyada heç vaxt mübarizə səngiməyib. Bu mübarizələr bəzən dünya müharibəsi səviyyəsinə qalxıb, bəzən də səngiyərək soyuq müharibə səviyyəsinə düşüb. Indi guya soyuq müharibə bitib. Əslində bitməyib. Rusiya-ABŞ əlaqələrində soyuq müharibə davam edir. Lakin bu barədə daha az danışılır. Ona görə ki, Rusiya özünü Amerikaya qarşı daha az aqressiv aparır. Eynilə də Amerika Rusiyaya qarşı belə mövqe sərgiləyir. Uduzmuş imperiyalar özlərini təsir dairlərini həmişə udan qüvvələrə təhvil verirlər. Ikinci dünya müharibəsində qalib ABŞ və Sovet Ittifaqı oldu. Sovet Ittifaqı özünə Şərqi Avropada, Amerika isə bütün dünyada dayaq yaratdı. Sovet ittifaqı çökəndən sonra onun bütün müttəfiqləri NATO-ya daxil oldu. Artıq Rusiyanın müttəfiqi yoxdur. Rusiya təklənib. Rusiyanı Yaxın Şərqdən süpürüb atırlar. Rusiyanın Suriya məsələsində mübarizəsinin bir səbəbi də odur ki, Rusiya Yaxın Şərqdə qalmaq istəyir. Bu da Bəşər Əsədin hakimiyyətdə qalmasından asılıdır. Bəşər Əsədin isə hakimiyyətdə qalmayacağı əvvəldən bəlli idi. Indi açıq-aydın görünür ki, Suriya xalqına ərəb aləminin, bütün qonşu ölkələrin, üstəlik Qərb dünyasının dəstəyi var. Ona görə Rusiya Bəşər Əsədi xilas edə bilməyəcək. Rusiya Suriyanı itirəndən sonra Livanı da itirəcək, Iranı da.

- Bu yaxınlarda Suriyanın bir hissəsində Ələvi dövlətinin yaradılması ideyası ortalığa atıldı. Bu ideyanın gerçəkləşməsi nə dərəcədə realdır?

- Guya Bəşər Əsəd Suriya çökəndən, özü də hakimiyyətdən uzaqlaşdırılandan sonra gedib orada Ələvi dövləti yaradacaq. Kimdir onu buraxan? Onun tutub asacaqlar. Kim yaradacaq bu dövləti? Onun qohum-əqrəbası? Onlar hamısı cinayətkardır, hamısı məhkəmə qarşısında dayanacaq. Ona görə Ələvi dövləti tamamilə puç ideyadır və uydurmadır.

- Sizcə, Suriyadan sonra dünyanın diqqəti hansı bölgəyə yönələcək?

- Gözləyək, baxaq. Dünya və onun diqqəti Amerika deməkdir. Yəni dünyanın ən güclü, ən aparıcı ölkəsi. Amerika öz strateji məqsədlərini gizlətmir. Bunlar Rusiyadır, Irandır, Çindir. Hər avtoritar rejimin öz vaxtı var.

- Bu günlərdə Allahşükür Paşazadə maraqlı bir açıqlama vermişdi ki, Azərbaycanı şimaldan və cənubdan qarışdırmaq istəyirlər. Şeyxin bu açıqlaması nə anlama gəlir sizcə?

- Allahşükür Paşazadə çox müdrik bir adamdır. Şimal və cənub sözünü işlədəndə Rusiya və Iran demək istəyir. Bunu açıq deməmək üçün şimal və cənub sözünü işlədib. Şimal o deməkdir ki, Rusiyada ləzgilərdən, başqa xırda Qafqaz millətlərindən dəfələrlə Azərbaycanın əleyhinə istifadə ediblər. Azərbaycanda metro partlayışı olanda bunu guya ki, “Sadval” təşkilatı etmişdi. Biz ləzgilərlə bir qan, bir millətik. Artıq ləzgilərlə azərbaycanlılar qaynayıb-qarışıb. Bir ovuc “banditi” yığıb onlardan istifadə etmək mümkündür. Bu hər yerdə, hər millətdə olur. Cənuba gələndə oradakılar da azərbaycanlıdır, qardaşımızdır. Bununla da bağlı vaxtilə Talış-Muğan respublikası məsələsini qaldırmışdılar. Indi də guya ki 5-6 nəfər tapıb onları bizim əleyhimizə işləməkdə ittiham edirlər. Allahşükür Paşazadə də bunlara işarə edib. /Azadlıq qəzeti/