“FHN də bezib, ölüm olmamış çarə qılmaq lazımdır” - Video

“FHN də bezib, ölüm olmamış çarə qılmaq lazımdır”
Oxunma sayı: 2609

“Kiminsə bəxtinə liftin gün ərzində çalışdığı yarım saat düşsə, o, bəxtəvər adamdır. Yoxsa 11-ci mərtəbəyə kimi piyada qalxmalıdır”. 

Bu sözləri “Qafqazinfo”ya şikayətində Nizami rayonu, Elşən Süleymanov 59 ünvanında yerləşən “Çənlibel” MTK-ya məxsus bina sakinləri deyir. 

Bildirirlər ki, 10 ildən çoxdur ki, binanın lift problemi həll edilmir:

“Mütəxəssis çağırmışıq, liftə baxıb deyib ki, bu liftlər işləməyə yararsız vəziyyətdədir. MTK sədri ustanı göndərir, 5 dəqiqə işləyir, sonra yenə dayanır”. 

10 ildir ki, sözügedən binada yaşayan Pikə Qasımova hər gün 11-ci mərtəbəyə piyada qalxıb-düşür. Onun sözlərinə görə, dəfələrlə MTK sədri ilə görüşmək istəsələr də, bu, mümkün olmayıb:

“Təklif eləmişik ki, maddi baxımdan kömək edək, liftlər yenilənsin. Biz onunla görüşə bilmirik. Çağırırıq, gəlmir. Onların Günəşlidə başqa bir binası da var. Eyni problemlər orada da yaşanır. 

Biz bu binadan mənzilləri alan zaman sədr belə bir vəd verdi ki, binada təmir işləri davam etdiyi üçün liftlər müvəqqəti quraşdırılıb. Bir müddət sonra liftlər yenisi ilə əvəzlənəcək. Bunun üçün biz ödəniş də etmişik, müqavilədə də öz əksini tapıb. 

Yaşlı insanlar, hamilə qadınlar, körpəli analar binada çoxdur. Dəfələrlə müraciət etmişik. Nə şikayətimizə baxılır, nə problem həll olunur”.

Bina sakini Çimnaz Əmrahqızının sözlərinə görə, liftdə qalan zaman halı pisləşib:

“40 dəqiqə liftdə qalmışam, komendant çıxarıb. Kommunal ödənişləri istəyirlər. Demişik bu ay verməyəcəyik. Mənə lazım olanda nə lift işləyir, nə bir şey. 

Aybəniz Abışova binada lift işləmədiyindən hər dəfə pilləkənləri dərman içərək qalxdığını söyləyir:

“Fövqəladə Hallar Nazirliyi nə qədər adamı liftdən çıxarıb. Hər dəfə gəlir, insanları çıxarır gedir. Vallah, FHN də bezib, nə qədər eyni liftdə qalmaq olar? Bir ölüm olmamış, buna çarə qılmaq lazımdır. Bir dəfə lift də düşüb. Uşaq olduğuna görə problemsiz qurtarıb. Ağır çəkili, yaşlı adam olsaydı qurtara bilməzdi”. 

MTK sədri Vüsal Abdullayev “Qafqazinfo”ya məsələ ilə bağlı açıqlamasında bildirib ki, yaxın vaxtlarda liftlərin dəyişdirilməsi gözlənilmir:

“10 ildir, texnika işləyir, xarab ola bilər. Hazırda bu problemin üstündə işləyirik ki, aradan qaldırılsın. Yeni liftlərin qoyulması planda yoxdur. Artıq bina təhvil verilib. Çıxarışları var. Sakinlər özləri pul yığıb yeni liftlər alıb qoya bilər”.

Çəkiliş zamanı öyrəndik ki, lift işləmədiyindən yuxarı mərtəbələrdə yaşayan sakinlər mağazaya düşməkdə də çətinlik çəkirlər. Bu səbəbdən içərisinə pul qoyulmuş torbaları eyvandan aşağı göndərirlər, aşağıdakı mağaza işçiləri isə siyahıdakı məhsulları torbaya yığaraq yuxarı qaytarırlar. 
 
Günel Hacı

Fotolar-Video: Nuran Məmmədov





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi