“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər - Video

formula-1-azerbaycan-qran-prisi-2022-marsallari-ucun-novbeti-telimler
Oxunma sayı: 1263

Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2022” yarışlarına hazırlıq çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində Bakı Marşal Klubu marşalların bacarıq və təcrübələrinin artırılması məqsədilə 21-22 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlimlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynovun rəhbərliyi ilə təşkil olunan təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.

Təlimin nəzəri hissəsində Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.

Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.

Mayın 14-dən başlayan təlimlər artıq 4-cü dəfədir ki keçirilir. Nəzəri və praktiki hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 190 nəfərə yaxın marşal iştirak edib.

Qeyd edək ki, növbəti “Formula-1 Azərbaycan Qran Prisi 2022” bu ilin 10-12 iyun tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində 1400 marşalın iştirakı nəzərdə tutulub.