Fuad Muradov yeni təşkilatından danışdı - Müsahibə

fuad-muradov-yeni-teskilatindan-danisdi-musahibe
Oxunma sayı: 721

- Böyük İpək Yolu beynalxalq gənclər təşkilatın yaranmasının məqsədi nədir?
- Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyi gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, habelə ümumi maraqlarını təmsil və müdafiə etmək üçün yaradılmış bir təşkilatdır. Təşkilatın əsas məqsədi və fəaliyyət sferası – mədəniyyətlərarası və dinlərarası dialoq, qlobalizasiya məsələləridir. 27-28 İyun, 2012-ci ildə, Bakıda keçirilən Böyük İpək Yolu Beynəlxalq Gənclər Forumu, Asiya, Afrika və Avropadan 25 ölkənin gənc nümayəndələrini birləşdirməklə, müxtəlif mədəniyyətlər, ənənələr, dövlət və ictimai quruculuqları təmsil edən unikal gənclər təşkilatının – Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyinin əsasını qoydu. Artıq bir neçə gün öncə təşkilat rəsmi olaraq dövlət qeydiyyatından keçib.

- Yaxın gələcəkdə olan planlarınız, pyoyektləriniz nədən ibarətdir? Yeni yaradılmış təşkilatın strukturu nədir?
- Qazaxstan nümayəndə heyətinin təşəbbüsü ilə oktyabrda Astanada Üzvlər Şurasının iclası keçiriləcək. Nizamnamə və Prosedur Qaydalarının son variantlarının qəbulu, həmçinin Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyinin Baş Katibin seçilməsi bu görüş zamanı nəzərdə tutulub.

Tarixi olaraq Böyük İpək Yolu ilə birləşən bütün ölkələrin bu vahid gənclər platformasında birləşdirilməsi məqsədilə üzv ölkələrin sayının artırılması nəzərdə tutulub. Bakıda yerləşən katiblikdən əlavə olaraq, təşkilat İttifaqın tamhüquqlu üzv ölkələrində də rəsmi nümayəndəliklərin açılmasını planlaşdırır. Təşkilat gələcəkdə daha qlobal səviyyəyə yüksəlməyi, bununla da beynəlxalq hökumətlərarası gənclər strukturuna çevrilməyi planlaşdırır.

Struktura gəldikdə isə iştirakçılar tərəfindən könüllü olaraq irəli sürülən namizədlər arasından Birliyin Prezidenti, 4 Vitse- Prezidenti, 7 Büro Üzvü və Nəzarət – Təftiş Komissiyasının Sədri seçilib.

- Azərbaycanın təşkilatda olan sədrliyi bizim üçün hansı imkanlar yaradır?
-Azəbaycan Böyük İpək yolunun mərkəzində yerləşdiyi üçün müxtəlif din və dillərə mənsub olan xalqların birləşmə nöqtəsi olub. Biz çalışacağıq ki, qədim ənənəni davam etdirək və sivilizasiyalararası dialoqun daha da inkişafı üçün səylərimizi ortaya qoyaq. Onu da qeyd edim ki, bu təşkilata sədrlik seçkilidir. Ola bilər ki, növbəti seçkilərdə təşkilatda təmsil olunan digər ölkələrdən birinin nümayəndəsi sədr olsun.

- Böyük İpək Yolu Beynəlxalq Gənclər Təşkilatının üzv ölkələri hansı istiqamətlərdə əməkdaşlıq edəcək?
- Təşkilatımızın əsas fəaliyyət dairəsi gənclər, idman və mədəniyyət sahələrini, mədəniyyətlərarası dialoqu əhatə edir. Bizim planlarımız arasında dövlət, beynəlxalq və gənclər təşkilarlarının nümayəndələrinin iştirakı ilə Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyi haqda tanışlıq təqdimatları, gənc jurnalistlər üçün beynəlxalq müsabiqə, gənc rəssamlar üçün isə sərgi, bununla yanaşı idman tədbirləri və hər il gənclər festivalı keçirməkdir. Üzv ölkələrin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirləri ilə görüşlər keçirib gələcək fəaliyyət planları barədə müzakirə aparırıq. Artıq Hindistan, İraq, İordaniya, Mərakeş, Türkiyə və Ukrayna səfirləri ilə görüşlər keçirilib və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin yaxın vaxtlarda Macarıstan, Yunanstan, Gürcüstan, Qazaxstan, Çin və Pakistan səfirləri ilə görüşlər keçiriləcək.