Layihəmizin ilk mövzusunu gənclərin ev probleminə həsr etmişik. Bu problemlə bağlı redaksiyamızda debat təşkil etdik. Həmin debatda AXCP Gənclər komitəsinin səri Əbülfəz Qurbanlı, Ümid Partiyasının Gənclər Komitəsinin sədri Ruslan İzzətli, “Nida” Gənclər Təşkilatının üzvü Ümid Xəzər iştirak edib. Hakim partiyanın Gənclər Təşkilatından, “İrəli” İctimai Birliyindən debatda iştirak etmək üçün nümayəndə dəvət etsək də, onlarmüzakirəyə qatılmadı.
Günel Türksoy: Gənclərin ev problemini necə həll etmək olar?
Ümid Xəzər: Gənclərin ev problemindən söhbət gedərkən iqtidar deyə bilər ki, bunu ipoteka krediti vasitəsilə həll etmək olar. Yaxud tələbələrə yataqxana ilə təmin edildiyini deyə bilər. İqtidar həmişə arqument gətirir. Amma arqumentlər əsasızdır. Mən özüm hazırda Tibb Universitetinin yataqxanasında qalıram. Bizi ikinci kursda yataqxanadan təmir adı ilə çıxardılar. Orada yeyinti işləri oldu. Əslində yataqxana maksimum 3, 6 ay müddətində təmirə bağlanmalı idi. Deyirlər ki, təmir işləri super səviyyədə aparılıb. Amma əslində elə deyil. Xaricdən gələn tələbələrlə bizim aramızda ayrı-seçkilik salırlar. Bu gün gənclərin əksəriyyəti, eləcə də tanınmış jurnalistlər, yazarlar kirayələrdə qalırlar. Aldıqları məvacibin yarıdan çoxunu kirə pulu verirlər.
İpoteka krediti ilə bağlı bir fakt açıqlayım. Mənim bir tanışım ipoteka kreditini bankdan almaq üçün rüşvət verib. Bunun üçün ondan 10000 min dollar rüşvət istəyiblər.
Ruslan İzzətli: Rəsmi statistikaya görə, Azərbaycanda 12 min kvadrat km ərazidə əhali yaşayış yeri ilə təmin olunur. Dünyada bu göstərici 22 və ya 24 min kv.km-dir. Bu da Azərbaycanda əhalinin yaşayış yerindən üç, dörd dəfə azdır. Azərbaycanda hər üç, dörd nəfərdən biri evsizdir. Bu təxminən 25 faiz əhalinin evsiz olduğu deməkdir. Tutaq ki, hökumətə təklif etdik ki, ipoteka kreditlərini faizsiz və ya çox aşağı faizlə ver. Ola bilsin, buna əməl etdi. İpoteka kreditində aylıq ödəniş 500-600 manatdır. Gəlin baxaq, bu gün Azərbaycan gənci minimum 500-600 manat maaş alırmı ki, o krediti ödəyə bilsin. Hakimiyyətdən birinci əsas tələbimiz gənclərin işlə təmin edilməsidir. İpoteka krediti haqında qanun standartlara çox yaxındır. Amma gənclərin işsizlik və əməkhaqqı problemi olduğu üçün o evləri ala bilmirlər. Biz təklif edirik ki, gənclər dövlət və özəl sektorlarda işlə təmin edilsin. Xüsusi dövlət qurumlarında minimum əməkhaqqı 500 manat olsun. Bizdə orta əməkhaqqı 250 manatdır. Bu əməkhaqqı ilə ipoteka krediti götürmək mümkün deyil.
Bir məsələyə diqqət yetirək. Gənclərin xaricdə təhsil almağa göndərməkdə məqsəd ehtiyat dövlət kadrlarının yetişdirilməsidir. Amma baxaq. Neçə nəfər xaricdə təhsil alıb qayıtmış gəncimiz dövlət qurumlarında işlə təmin edilib. Az bir qismi Prezident Aparatında, digəri isə özəl sektorda işlə təmin edilib. Bəs niyə milyonlarla pul xərcələyib gənclərimizi xaricdə oxumağa göndəririk? Onlar gəlib bu ölkədə işsiz qalırlar. Deməli, bu hakimiyyətin gənclər siyasəti yanlışdır. Bu siyasət kökündən dəyişməlidir ki, gənclər işlə təmin edilsin. Məsələn, bu yaxınlarda Prezident Aparatında yaranan yeni qurum haqqında KİV-də elan verilmişdi. Təxminən 25 nəfər vakansiya yeri elan olunub. Birimiz ora ərizə verək və testdən keçək. Sonuncu turdan keçə biləcəyikmi? Azərbaycan gəncliyinə Prezident Aparatının 25 nəfərlik vakansiya elan etməsi utopik görünür. Heç bir sıradan gənc PA-nın o qurumunda işlə təmin edilə bilməz. Xüsusilə, biz müxalif düşüncəli olduğumuz üçün, hətta müxalifətdə olmasaq belə, fərqli düşüncəyə sahib olsaq da, o qurumda işləyə bilmərik. Gənclərlə bağlı siyasətin kökündən dəyişdirilməsini biz etməliyik. Biz Gənclər və İdman naziri Azad Rəhimova məktub hazırlayırıq. Bunu yaxın vaxtlarda mediaya da ötürəcəyik. Gənclər və İdman naziri təkcə YAP-da olan gənclərin naziri deyil ki? Problemimiz olanda maraqlanmalıdır. Niyə dövlət əhəmiyyətli qurumların tədbirinə biz dəvət almırıq?
Paytaxtda çox az qisim yataqxanalar var. Təkcə, Bakı Dövlət Universitetinin keçən ilki statistikaya əsasən 17000 tələbəsi var. Amma 200 nəfərlik yataqxanası yoxdur. 17000 tələbənin 60-70 faizi rayondan gələnlərdir. Bunlar harada qalmalıdır? Aldıqları təqaüd də maksimim 80-100 manatdır. Bu təqaüdlə tələbə Bakıda hər hansı ev tuta bilərmi? Deməli, bu ölkənin gənclər siyasəti fiaskoya uğrayıb. Və gəncləri məhvə aparır.
Bankların ipoteka məsələsində marağı yoxdur. Bank mənə 20- 30 min hipoteka krediti verə bilmir. Çünki bilir ki, bu sahə ölü bir sahədir. Gənclər işlə təmin edilərsə, ipoteka məsələsi də həllini tapar.
Günel Türksoy: AXCP Gənclər Komitəsi “Hər gəncin evi olsun” devizi altında bir kampaniya başladıb. Bu kampaniyanın mahiyyəti nədən ibarətdir?
Əbülfəz Qurbanlı: Təxminən, yay aylarında bir araşdırma apardıq. Qərara gəldik ki, ipoteka ilə bağlı kampaniya başladaq. Ölkəmizdə evsiz və işsiz gənc ailələr var. İpoteka fonduna ev üçün müraciət etmiş 100 min ailə var. Hökumətin ipoteka siyasəti gənc ailələrin evlə təmin edilməsinə imkan vermir. Gənc ailələr arasında Azadlıq qəzetində, Gənclər Meydanında sorğu keçirtdik. Sorğunun nəticəsi bizim gözlədiyimiz kimi oldu. Əksəriyyət ailələr kirayələrdə yaşayır. Partiyanın Rəyasət Heyətinin üzvü iqtisadçı İlham Hüseynli ilə araşdırma apardıq. İlham Hüseynlinin ipoteka siyasəti ilə bağlı məruzəsi oldu. Bizə tam aydın oldu ki, kampaniya aparmağımız yerində olan məsələdir.
Azərbaycanda ipoteka fondu yaradılıb. Amma 2012-ci ildə ipoteka fonduna cəmi 20 milyon manat vəsait ayrılıb. Bu da ən yaxşı halda 600 ailənin evlə təmin olunması deməkdir. Bundan əlavə, ipoteka kreditinin faiz dərəcələri də yüksəkdir. Dövlət sektorunda işləmək, eyni zamanda minimum 400 manat əməkhaqqı tələb olunur. Bunlardan əlavə, 20-yə yaxın sənəd də tələb olunur. Şəxsiyyət vəsiqəsi dövlət sənədidir. Amma yenidən onu notariusda təsdiq etmək lazımdır. Bütün bunların hamısı əlavə vaxt itkisi deməkdir. Evsizlik o qədər ciddi problemə çevrilib ki, ailələr hazırkı şərtlərlə də krediti almağa məcbur qalıblar. Cəmi 400 nəfər evlə təmin edilib.
Kampaniyanın adı “Hər gəncin evi olsun” adlanır. Videorolikdə iki gənc ailə iştirak edir. Onlar ipoteka şərtlərinin ağırlığını görürlər. Nəticə etibarilə bu siyasətin dəyişməsini istəyirlər. Bir gəncin birinci növbədə evi olmalıdır ki, o özünü rahat hiss etsin.
Bütövlükdə hökumətin gənclər siyasətinin hər bir istiqaməti ilə bağlı kampaniyalar aparmaq mümkündür. Çatışmayan cəhət ondan ibarətdir ki, tutaq ki, hər hansı bir gənc taksi sürücüsüdür və aya 700 manat gəliri var. Amma hazırkı şərtlər onun evlə təmin edilməsinə imkan vermir. Mütləq dövlət sektorunda işləməlidir. Tələblərimizdən biri də bu oldu ki, mütləq dövlət sektorunda işləmək tələbi aradan götürülsün. Sənədlərin sayı azaldılsın. Bütövlükdə isə sistem dəyişməlidir. Biz də gənclərin diqqətini cəlb etmək üçün bu kampaniya üstünlük verdik. Hələ ki, kampaniyanın ilkin mərhələsindəyik. Video roliklərlə işimizi yekunlaşdırmışıq. Düşünürük ki, 30000 buklet çap edək. Bu bukletləri Bakının müxtəlif rayonlarında, o cümlədən Gəncədə, Sumqayıtda, Mingəçevirdə ailələrə paylayaq. Hazırkı ipoteka siyasətinin şərtləri, bizim ipoteka ilə bağlı olan təkliflərimiz bukletlərdə əks olunub. Məqsədimiz gənc ailələrlə bağlı problemi vətandaşların diqqətinə çatdırmaqdır.
Günel Türksoy: Ruslan bəy, bu kampaniyanı necə dəyərləndirirsiniz?
Ruslan İzzətli: Həqiqətən də, o video rolik cəmiyyətdə ciddi təsir etdi. Seminarlar, tədbirlər bunlar daimi olan şeylərdir. Amma əvvəl də vurğuladığım kimi, ipoteka məsələsi kütlənin önündə sənədin açılması kimidir. O sənədi açanda isə sənə aid olmadığını görürsən. Kampaniya keçirib faizləri aşağı salmaqla məsələ həll olunmur.
Əbülfəz Qurbanlı: Bizi yanlış başa düşməyin. Biz ATƏT-in bu barədə təlimləri ilə tanış olmuşuq. Bu kampaniyanı da həmin tədbirdə öyrəndiklərimizə söykənir. Bizim məqsədimiz burada hökumətə təzyiq göstərmək deyil. Mən əminəm ki, Azad Rəhimov hətta bizi qəbul etsə belə, onunla görüşməyimizin heç bir nəticəsi olmayacaq. Əvvəllər də belə qəbullar olub. Və biz məqsədli şəkildə iştirakdan imtina etmişik. Çünki biz bu hökuməti legitim saymırıq. Onu hər hansı qurumunun tədbirlərində, görüşlərində də iştirak etmirik. Bu gün də göründüyü kimi debata gəlməyiblər. Ona görə gəlməyiblər ki, deməyə sözləri yoxdur. Azərbaycanda o münasibətlər yoxdur ki, biz dövlət strukturlarının qarşısında hər hansı məsələni qaldıraq. Bizim məqsədimiz sadə vətəndaşlara mesaj verməkdir. Baxın, sizin evlə təmin olunmaq haqqınız var. Bu kampaniya düzgün başa düşülsün.
Ruslan İzzətli: Yox, Əbülfəz bəy, video rolik məsələsi ilə təbii ki, insanlar maraqlandı. Çox sayda insanlar var ki, o proqramın nə olduğunu bilmir. Çünki informasiya qıtlığı var. O kampaniya insanların diqqətini çəkdi. Təbii ki, sən bu məsələni qaldıra bilərsən. Amma bizim yanaşmamız kökündən həll edilməlidir.
Ümid Xəzər: Əsas problem Əbülfəz bəyin dediyi kimi sistemdədir. Mənim o tanışım dövlət işindən 800 manat maaş alsa da, yenə də ipoteka kreditini almaq üçün rüşvət verməli olub.
Günel Türksoy: Bəs beynəlxalq təcrübədə vəziyyət necədir? Xarici ölkələrdə də gənclərin ev problemi varmı?
Ruslan İzzətli: Gürcüstanda işləməyən şəxslərə 200 lari pul verirlər. Bu bizdə də var. Əgər işləmirsənsə, Məşğulluq İdarəsinə yaxınlaşıb adını yazdırırsan, sənə 208 manat əməkhaqqı verir. Alimlərin minimum əməkhaqqısı 160-170 manatdır. Hansı bir adam Məşğulluq İdarəsinə adını yazdırıb 208 manatı alır? Bu sadəcə boş statistikadır. Bu gün rayonda yaşayan hər 3 nəfərdən ikisi banklardan asılı vəziyyətdədir. Üstəlik də faizlər 20-25, bəzən 36 faizdir. Türkiyə hökuməti isə 8 faizlə kredit verir. Azərbaycan Belarusiyaya ilkin ödənişsiz, bəzən də 3 faizlə kredit verir. Amma öz vətəndaşına 25 -30 faizlə verir. Məsələn, Mərkəzi Bank bankların yüksək dərəcədə inkişaf etməsi üçün 3 faizlə kredit verir. Azərbaycanda elə bir bank yoxdur ki, Mərkəzi Bankdan pul götürə bilsin. Bir sıra banklarda işləyənlərdən soruşmuşam. Deyirlər ki, utopiyadır. Biz o bankdan pul götürə bilmərik. Banklar istəyir ki, aşağı faizlə kredit versin , inkişaf etsin və pulu dövriyyədə olsun. Rəqabət yaransın. Amma iqtisadiyyatımız monopoliya altında olduğu üçün banklar da bunu edə bilmir.
Əbülfəz Qurbanlı: Hətta Liviyada belə, Azərbaycanla müqayisədə vəziyyət daha yaxşıdır. Rusiyada və Qazaxıstanda da o cümlədən əlverişlidir. Bu şərtlər də onların evlə təmin edilməsinə şərait yaradır.
Ruslan İzzətli: Hakimiyyət çox iş yeri açdığını deyir. Rayonlarda Olimpiya Mərkəzi, Heydər Əliyev Mərkəzi və Mərkəzi Klinika. Heydər Əliyev Mərkəzində işləyən 2-3 nəfərdir. Onlar da 100-120 manat maaş alır. Klinikalarda isə işləməyə həkim yoxdur. Çünki ağıllı və savadlı həkim Bərdədə 200-210 manata işləməz. İdman sahəsi də London Olimpiadası göstərdi ki, o da boş şeydir. Gənclər siyasətini həyatımızda, mətbəximizdə görürükmü? Yox. Siz də məmur övladları kimi yaşamaq istəməzsinizmi? Ya da xarici ölkədə magistr oxumaq. Azərbaycan parlamenti məsələn, Türkiyədə olan İpoteka haqqında qanunu “copy-paste” edir. Daha düşünmür ki, Türkiyədə əməkhaqqı nə qədərdir, bizdə nə qədərdir. Bürokratik əngəlləri aradan qaldırmaq lazımdır.
Günel Türksoy: Kampaniyanın nəticəsindən nə gözləyirsiniz?
Əbülfəz Qurbanlı: Bizim hökumətdən heç bir gözləntimiz yoxdur. Azərbaycanda iki dəfə gənclər siyasəti ilə bağlı proqram imzalanıb. Biz siyasi partiya olaraq vətəndaşları siyasi və ictimai aktivliyə cəlb etmək istəyirik. Bu kampaniya da həmin formalardan biridir. Evsizlik, işsizlik ucbatından gənclərin evlənə bilmədiyini yaşının ötdüyünü də bilirik. Bütün bunların qarşısını almaq üçün biz vətəndaşların qapısını təkcə seçki dönəmində yox, bütün vaxtlarda döyməliyik. Adamlara ismarıclar verməməliyik. Sosial kampaniyaları ən yaxşı həyata keçirənlər İngiltərənin leyboristlər partiyasıdır. Orada işçilərin hüquqları ilə bağlı kampaniya keçirilmişdi. Və nəticədə Toni Bileyer də qələbə qazanmışdı.
Azərbaycanda sosial kampaniyanı bu formada həyata keçirən ilk siyasi partiya AXCP və onun Gənclər Komitəsidir. Məqsədimiz gənc ailələrə daha yaxşı yaşamaq imkanlarının olduğunu bildirməkdir. Təxminən biz 30000 -40000 Bakıda yaşayan ailələrə bukletlər vasitəsilə mesajlarımızı verəcəyik. Bir tərəfdən də həmin mesajlarda görünəcək ki, hökümətin ipoteka siyasəti yarıtmazdır və gənclərə heç nə vermir. Digər tərəfdən isə Azərbaycanda məhz sizin vəziyyətinizi düşünən, sizlə bağlı daha əlverişli , səmərəli yaşamağınızı istəyən bir partiya var. Biz bu nəticəni gözləyirik. Müəyyən hissə vətəndaşın aktiv seçiciyə çevrilməsinə də nail ola bilərik. Seçkiyə qədər dövrdə həmin insanların yaddaşında qalacaq ki, belə bir partiya var və onun təklifləri var. İnanırıq ki, müsbət nəticəsi olacaq. Bukletdə partiyanın loqosu və rəhbərinin fikirləri olacaq. İnternetdə isə video roliki 4000 mindən çox adam izləyib. Ümumiyyətlə isə, insanlar hətta bizim sıralarımıza qoşulmayacağı təqdirdə də hökumətin bu siyasətinin yarıtmaz olduğunu başa düşəcəklər.
Bukletlər hazırdımı?
Bukletlərin dizaynı artıq hazırdır. Sadəcə olaraq onu çap etmək üçün maliyyəmiz yoxdur. Təxminen 30000 bukleti Qanun nəşriyyatı bizdən güzəştlə 1500 manat istədi. Bizə həmişə deyirlər ki, xaricdən maliyyələşirsiniz. Bəyinizin cangüdənləri var. Özünüz yaxşı yaşayarsınız. Amma təəssüf ki, pulumuz yoxdur.
Bu kampaniyadan hökumət də narazı olmağa başlayıb. Bu yaxınlarda Gənclər və İdman nazirliyinin müavini İntiqam Babayev açıqlama verdi ki, ipoteka ilə bağlı təklifləri Milli Məclisə göndərmişik. Çatdıra bilsək, Milli Məclisin büdcə məsələləri müzakirə olunan günə kimi kampaniyanı yekunlaşdıracağıq. Mümkün olmasa, bunu internet üzərindən və maddi imkanlarımıza uyğun olduğu şəkildə həyata keçirəcəyik.
Azərbaycan hökumətinin növbəti dəyişikliklərdə gənclərin maraqlarını nəzərə alacağına məndə ümid var. Kampaniya vasitəsilə jurnalist və QHT-larında çalışanlara da mesajlarımız var. Çünki ipoteka kreditini hökumətə yaxın şəxslər ala bilirlər. Eyni zamanda QHT sektorunda çalışanlar var. Onlar normal əməkhaqqı alır, ancaq hipoteka kreditini ala bilmir. Eləcə də şəhid alilələrinin övladlarının hipoteka siyasətindən yararlanmalarını da istəyirik.
Ümid Xəzər: Bu mövzuda çox görüşlər keçirmək olar. Cəmiyyətin intellektual kəsimi yığışıb hakimiyyətə təzyiqlər də göstərə bilər. Gözdən pərdə asmaq üçün müəyyən güzəştlər edəcəklər. Amma bunlar görüntü xatirinə olacaq. Siyasi mamarifləndirmə aparılmalıdır.
Əbülfəz Qurbanlı: Yaxşı olardı ki, əks tərəfin nümayəndələri də debatlara qoşulsunlar. Niyə çəkinirlər ki? Hər birimiz öz fikirlərimizi bölüşək. Sonra deməsinlər ki, hökumətin nümayəndəsi olmadan onun sağına-soluna vurursuz. Arqumentlərimizi onlara da çatdıraq.
Ruslan İzzətli: Hökumətin nümayəndəsinin iştirakı dah yaxşı olardı təbii ki... Fərid Şahbazlı səviyyəsində təmsilçisini nəzərdə tutmuram. Adam danışır, arqument tələb edəndə isə deyir ki, mən hökuməti təmsil etmirəm. Təbii ki, debatda başqa nümayəndələrinin iştirakı lazımdır. Bəkə də həqiqətən də onlar haqlıdırlar. Gəlsinlər, izah etsinlər. Bu ölkənin aidiyyatı qurumları bizi dinləməyə və qəbul etməyə borcludur. Gənclər proqramı və Fond yaradılanda bizim fikirlərimizi almadılar. Bəlkə bizim bu proqramlarla bağlı daha ciddi fikirlərimiz olacaqdır. Biz hökumətin legitimliyini tanımırıq, nazirini qəbul etmirik demirik. Bu absurddur. 89 -cu illərdən qalıb. Bu ölkə mənim ölkəmdir. Sən də mənim məmurumsan. Hansı partiyaya məxsus olduğun məni ilgiləndirmir. Məni masa arxasında qəbul etməlisən. Küçələrdən, çayxanalardan avantürist, həbsə çəkən çıxışlardan masa arxasına gəlməliyik.
Günel Türksoy
Tədbir “Qızılbaş” GMİB-nin QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən ” “Gənclərin problemlərinin mediada müzakirəsi, ictimai debatlar” layihəsi çərçivəsində hazırlanıb.