“Gilənar çiçəkləri”nin altında sənin nəğməkar bibini...” - Fikrətoğlunun lətifələri

gilenar-ciceklerinin-altinda-senin-negmekar-bibini-fikretoglunun-letifeleri-
Oxunma sayı: 882




Orxan Fikrətoğlunun danışdığı lətifələr


1. Səttar Zərdablı adlı maraqlı bir adam var idi. Həmişə Leylindən yazardı, əksər kitabları Leylin haqda idi. Əkrəm Əylisli həmişə onu ələ salıb deyərmiş ki “Ayə, Leylin baban nətərdi, Leylin baban neyniyir?”. Bir gün də hansısa iclasda Ə.Əylisli, Səttarı görüb soruşur ki, “Ayə Leylin baban neyniyir?”.

Səttar Zərdablı da eləmir tənbəllik cavab verir:
- Leylin babam “Gilənar çiçəkləri”nin altında sənin nəğməkar bibini “o məsələ”.


***

2. Muxtar Manayev və Eldəniz Zeynalov eyni fraqmentə çəkilirmiş. İkisinin də başında papaq olmalı imiş. Eldənizin papağı böyük olur. Üzünü Muxtara tutub deyir:
– Ay qardaş, papağım böyükdür e, neyniyim? – Muxtar da tez cavab verir:
– Ə götür, yun corabla geyinərsən.

***

3. Bir dəfə Fikrət Sadıqla böyük imkanları olan bir məmurun qəbuluna getmişdik ki, F.Sadığın kitabını çap etdirsin. O, üzünü Fikrət müəllimə tutub dedi:
– Ay Fikrət müəllim, bu dəqiqə məni oxumurlar, heç Məhəmməd Füzulini oxumurlar. Neynirsiniz ki, kitab buraxdırıb? Kitab oxuyan var?!
Mən də dözməyib dilləndim:
– M.Füzulini oxumurlarsa bu xalqın eşşəkliyidir, səni oxumurlarsa bu sənin eşşəkliyindi.

***

4. Televiziyada işləyəndə bir gün atam yanıma gəldi, mən də ona kofe aldım, yemək aldım. Televiziyada işləyən yaltaqlardan biri yaxınlaşıb dedi:
– Orxan, atana yaman “girir”sən, yaltaqlanırsan ha, xeyirdirmi?
Mən də dilimi dinc qoymadım:
– Sən camaatın atasına girə bilirsən, mən öz doğmaca atama girməyim?

***

5. Bir gün böyük sənətkarımız Habil Əliyev evlərinin yaxınlığındakı dükana gedir. Dükanın satıcısı da pəltək imiş. Dükandar Habil müəllimdən soruşur ki, harada idiniz Habil müəllim görünmürdünüz. Habil müəllim də xəstə olduğunu deyir. Dükandar əl çəkmir:
– Allah şəfa versin, nə olmuşdu?
– Prostat vəzimdən əməliyyat olunmuşdum.
– O nə xəstəliyidir elə, necə olur?
Habil müəllim görür ki, bu pəltəyi başa sala bilməyəcək, xəstəliyi loru dillə izah edir.
– Bax sən necə danışırsan ha, mən də o cür sidik ifraz edirəm.


***
6. Bir dəfə F.Sadıq nərd oynaya-oynaya çay içirmiş, çay bitən kimi övrətinə deyirmiş ki,
– Dur çay gətir.
– Ana babam da qızının istismar olunduğunu görür və F.Sadığa deyir ki, “dur mənə çay gətir”. F.Sadıq yaşlı qayınatasının sözündən çıxmır və gedib çay gətirir. Çayı gətirib qayınatasının qabağına qoyan kimi, övrətinə deyir:
– Dur çay gətir.
***

7. Bir dəfə Yazıçılar Birliyinin qabağında bir nəfər rayonlu oğlan F.Sadıqdan soruşur ki, “burdan avtovağzala necə getmək olar?
F.Sadıq yolu heç cür yadına sala bilmir, axırda deyir:
– Get rayona, ordan min avtobusa gəl avtovağzala.


Lətifələri toplayan: Fərid Hüseyn