Görün, zibildən nələr hazırladılar - Azərbaycanda + Fotolar + Video

gorun-zibilden-neler-hazirladilar
Oxunma sayı: 5428

Sahəsinin böyüklüyünə və yanından keçənləri “valeh etdiyi” üfunətinə görə dillər əzbəri olan məşhur Balaxanı zibilliyini “Təmiz şəhər” kollektivi tarixə qovuşdurub.

Xarici ölkələrdə olduğu kimi artıq ölkəmizdə də tullantılar çeşidləndiyi üçün həm xammal, həm də enerji baxımından büdcəyə xeyli yardımçı olur. Çeşidlənmiş tullantılardan il ərzində 286,6 mln. KVt/saat elektrik enerjisi əldə edilir ki, bu da 100 minədək ailənin enerjiyə olan tələbatını ödəyir. Bundan başqa, təkrar emal vasitəsilə xammal ehtiyacını ödəyən tullantılar metal, neft və təbii qaz kimi bərpa olunmayan sərvətlərin tükənməsini ləngidir. Bir sözlə, artıq hesab etdiyimiz, heç kimə gərəkli olmayan tullantılardan müxtəlif məqsədlərlə istifadə etmək olar, ancaq ən gözəli ondan sənət yaratmaqdır.

Bəlkə də çoxlarımızın xəbəri yoxdur ki, Azərbaycanda nəinki tullantılardan əsərlər yaradılır, hətta həmin əsərlərin təqdim olunduğu muzey də var. Bu müasir sənət muzeyi ölkənin ən qədim yaşayış məskənlərindən biri olan Qala qəsəbəsində yerləşir. Muzeyə gedən yolda səliqə ilə düzülmüş mavi-yaşıl tullantı konteynerləri diqqətimizi çəkir. Çeşidlənmə prosesisini asanlaşdırmaq üçün quraşdırılan bu zibil qabları qida və qeyri-qida tullantıları üçün nəzərdə tutulub.

 

Bu yeniliyin qəsəbə sakinlərinə necə təsir etdiyini isə ən gözəl qəsəbə sakini Qərənfil xanım ifadə etdi: “Əvvəllər zibili yığırdıq meşoxlara, belimizə alıb zeytun bağlarının yolunu alırdıq. Ora atıb heç kim bizi görməmiş qaçırdıq düz evimizə. İndi hər dalanda bir zibil qabları var”.

Zibil konteynerlərinin boşaldılma və daşınma prosesini də izlədikdən sonra onlardan yaradılan sənət əsərlərini görmək üçün muzeyə daxil olduq. Heydər ƏLiyev Fondunun təşəbbüsü ilə "Təmiz Şəhər" ASC-in təsis etdiyi muzeydə 4 il ərzində keçirilən sərgilərdə nümayiş olunan ekspanantlar yer alıb. Həm yerli, həm də xarici sənətkarlar öz təxəyyüllərini işə salaraq tullantılardan sənət əsərləri yaradıb. Elə muzeyin adı da burdan gəlir: “Tullantıdan sənətə”...

30-dan çox ölkədən gələn 80-dən artıq sənətkarın müxtəlif əsərləri yer alır. Sənətkarlar ətrafda gördüyümüz hər şeyə material gözü ilə baxdığı üçün ortaya maraqlı əsərlər çıxıb. Muzeyi gəzdiyimiz zaman “Təmiz şəhər” ASC-nin mətbuat katibi Vüqar Babayev maraqlı məlumatlar verdi. Onun sözlərinə görə, təbiətdə ən zərərli və emalı çətin tullantı materiallarından olan elektron məhsullar kreativ istifadə olunduqda ortaya maraqlı əsərlər çıxır:

"Sənətkarların əsərləri ilə yanaşı konsepsiyaları da çox maraqlıdır. Onlar deyir ki, insan illər sonra korladığı təbiət möhtac qalır, ondan yardım istəyir. Tullantıya düzgün yanaşdıqda bəşəriyyəti xilas etmək mümkün olduğu kimi, səhv istifa edildikdə isə o, insan həyatını məhv edən bir xəstəliyə çevrilə bilər. Biz tullantıların xammal, enerji funksiyaları ilə yanaşı incəsənət faktorunu da qabartmaq qərarına gəldik”.

Hər il sərgi üçün paslamış və əzik köhnə metallardan incəsənət nümunələri yaradan Selçuk Yılmaz ekspanantları ölkəmizə göndərərkən maraqlı bir çətinlik yaşayıb. Sənətkar zibilxanalardan yığdığı köhnə metallarla hazırladığı şir heykəlini gömrükdən keçirə bilməyib. Ona heykəlin sənət əsəri olduğunu deyərək buna razı olmayıblar. Bu hal onu göstərir ki, tullantı məhsullarını sənət əsərinə çevirmək məhz bizim əlimizdədir.

Muzeydə azərbaycanlı sənətkarlardan Nəzrin Musayevanın polietilen torbalardan, Aytən Abdullayevanın jurnal və kitab sətrlərindən, Cavid Yəhyayevin təkər və müxtəlif tullantılardan hazırladıqları əsərlər də yer alır.

Tess Feliksin plastik əşyalardan hazırladığı Qara Qarayev portretini isə muzeyin ən gözəl eksponantı adlandıra bilərik. Muzeylə tanış olmaq istəyənləri tələsməyə çağırırıq, çünki yaxın zamanlarda qəsəbədəki muzeylər üçün vahid bilet təşkil ediləcəyi və muzeyə girişin pullu olacağı bildirildi.

Günel Hacı
Fotolar: Nuran