Göygöldə “Göygöl Brendi-Konyak Günü” keçirildi - Fotolar

goygolde-goygol-brendi-konyak-gunu-kecirildi
Oxunma sayı: 2166

Göygöl rayonu kənd təsərrüfatı və turizm sahəsində zəngin potensiala malik olmaqla yanaşı, həm də üzümçülük və şərabçılıq ənənələri ilə seçilən bölgələrimizdəndir.

“Qafqazinfo” xəbər verir ki, tarixi alman irsi ilə iç-içə olan Göygöl şəhəri bu sahədə illərdir formalaşmış istehsal mədəniyyəti və məhsul keyfiyyəti ilə tanınır.

Göygöldə şərab istehsalının ilkin tarixi 1860-cı ilə təsadüf edir. Bu tarix Azərbaycanda genişmiqyaslı şərabçılıq sənayesinin yaranmasının və onun sonrakı inkişafının başlanğıcı hesab olunur. Azərbaycanda ilk konyak zavodunun 1892-ci ildə Helenendorf kəndində (indiki Göygöl şəhəri) “Forer qardaşları” tərəfindən təməli qoyulub.

1895-ci ildə isə “Hummel qardaşları” tərəfindən Helenendorfda konyak zavodu açılıb.

Bu gün də bölgənin aparıcı istehsalçıları həm ənənəvi istehsal üsullarını qorumaqla, həm də müasir texnologiyaların tətbiqi ilə Azərbaycanın brendi və konyak istehsalında lider mövqelərini qoruyub saxlayır, məhsul keyfiyyəti ilə beynəlxalq bazarlarda tanınırlar.

Bu dəyərli irsin qorunması, inkişafı və yerli məhsulların tanıdılması məqsədilə müxtəlif təşəbbüslər həyata keçirilir. Növbəti atılan addım olaraq, yerli üzüm məhsullarının və brendi mədəniyyətinin təbliği məqsədilə Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Turizm Agentliyi, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı ilə 2025-ci il 4 oktyabr tarixində Göygöl şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında “Göygöl Brendi-Konyak Günü” tədbiri keçirilib.

Tədbirin açılış hissəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Ralf Horleman, İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzson, Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya, Avstriya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburq, İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəlin, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının icraçı müdiri Fuad Mollayev iştirak edib.

Proqram çərçivəsində müxtəlif brendi konyak və üzüm məhsullarının təqdimatı, dequstasiyası və satış yarmarkalarının təşkili, içki istehsalı üzrə ustad dərsləri və brendi üzrə peşəkar yarışlar  keçirilmiş, həmçinin, tədbir iştirakçıları üçün zövqlü musiqi proqramları, klassik musiqi axşamları, milli mətbəx guşələri, əl işləri sərgiləri və digər istirahət zonalarının fəaliyyət göstərib.

Bu il “Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” elan edilən Gəncə  şəhərində keçiriləcək III MDB Oyunlarının iki idman növü üzrə yarışlarının  təşkili Göygöl şəhərində nəzərdə tutulmuşdur. MDB oyunlarının keçirildiyi tarix ilə Brendi-Konyak Günlərinin keçiriləcəyi tarixin üst-üstə düşməsi Göygölə gələcək yerli və xarici qonaqlara xoş anlar yaşatmaqla yanaşı, yerli məhsulların daha geniş auditoriyaya tanıdılmasına, bölgənin turizm və istehsal potensialının nümayişinə xidmət edir.