Ağdamda regional konfrans keçirildi - Fotolar

agdamda-regional-konfrans-kecirildi
Oxunma sayı: 377

Aprelin 15-də Ağdam Muğam Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdamda “Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər” mövzusunda regional konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, komitənin əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldımış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək ruhuna ehtiramlarını ifadə ediblər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra dini şüurun hüquqi dövlət və vətəndaş cəmiyyətinin tələblərinə uyğun olaraq formalaşdırılmasından, dini müxtəlifliyin təmin olunması üçün sistemli və məqsədyönlü dövlət siyasətinin aparılmasından, Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi əsaslar üzərində qurulmasından, ölkəmizdə dini müxtəliflik və multikultural mühitin qorunaraq inkişaf etdirilirməsindən, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə dini-mənəvi dəyərlərin qorunması, tarixi-dini abidələrin bərpası və din xadimlərinə göstərilən dövlət qayğısından, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdam rayonunda dini və tarixi abidələrin bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərdən, rayon ərazisində dini icmalarla aparılan mütəmadi işlərdən və maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən, yas mərasimlərində israfçılığın qarşısının alınması istiqamətində görülən tədbirlərin müsbət nəticələr verməsindən bəhs edib.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 2000-ci ildə ümummilli lider Heydər Əliyevə təqdim olunan Ağdam Cümə məscidinə aid daş parçasının illər sonra işğaldan azad edilmiş əraziyə qaytarılmasından, bu hadisənin xalqımızın sarsılmaz iradəsinin, tarixi ədalətin bərpasının və Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin rəmzi kimi xüsusi əhəmiyyət daşımasından, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bilavasitə diqqəti ilə işğaldan azad olunmuş ərazilərimizdəki dini abidələrin tarixi görkəminə qaytarılmasının milli ruhun dirçəldilməsi və xalqımızın öz mənəvi köklərinə dönüşünün rəmzləri olmasından, Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm hüquqi baza və effektiv institusional mexanizmlər əsasında qurulmasından, müasir dövrdə dövlət-din münasibətlərinin düzgün və balanslı şəkildə tənzimlənməsinin cəmiyyətin sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməsindən danışıb.

Çıxış edən Milli Məclisin deputatı Elman Məmmədov Yaxın Şərq regionunda baş verən proseslər fonunda konfransın mövzusunun aktuallığından, müəyyən dövrlərdə öz xeyirləri naminə din pərdəsi altında, dindən silah kimi istifadə edərək pozuculuq fəaliyyəti göstərən qüvvələrin cəmiyyətimizə zərər vurmağa cəhd etməsindən, hər zaman ölkəmizə və dövlətçiliyimizə qarşı edilən xarici zərərli müdaxilələrin qarşısını almaq üçün din xadimlərimizin fəaliyyətlərini müasir tələblərə uyğun şəkildə, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında qurmalı olduqlarından bəhs edib.

Daha sonra konfrans işini panel sessiyalarla davam etdirib.