“Evin damı uçub, üst qonşunu tapa bilmirik” - Fotolar

evin-dami-ucub-ust-qonsunu-tapa-bilmirik
Oxunma sayı: 1078

İllərdir üst qonşunun evinin baxımsızlığının əziyyətini biz çəkirik. Evin damı uçub, tamamilə yararsız vəziyyətdədir”.

Bu şikayətlə “Qafqazinfo”ya Nəsimi rayonu Vaqif prospekti 5, mənzil 45-də yaşayan Fərid Kazımbəyov müraciət edib.

O bildirib ki, evinin damı qəzalı haldadır: “Üstümüzdəki evdə illərdir heç kəs yaşamır, tapa bilmirik ki, bu adamları haradadır. Yağış yağanda üstdən bizə, bizdən də aşağı qonşuların evinə sızır. Dəfələrlə aidiyyəti quruma müraciət etmişik.

Bir dəfə gəlib köhnə avadanlıqlarla düzəltdilər, lakin sonradan yenə axıntılar oldu. Məcbur qalıb qonşularla öz vəsaitimiz hesabına 3 min manata evin damını düzəltdik. Lakin yenə də problem davam edir. Özüm buna ümumilikdə 15 min manatdan çox pul xərcləmişəm, nəyə görə?! Kimin problemidirsə, o da həll etməlidir. Ancaq nə üst qonşu tapılır, nə də qurumlar səsimizə səs verir...”

Fotoda: Fərid Kazımbəyovun evi 

Sakinin sözlərinə görə, üst ev iki nəfərin adınadır, lakin heç biri orada yaşamır: “Onlardan biri özünə aid olan hissəni təmir etdirdi, amma rütubət o qədər pis idi ki, köçüb getdi, hazırda burada heç kəs yaşamır, çətinliklərinə isə biz dözməli oluruq. Hələ də gəlib baxış keçirən olmayıb. Bütün qonşular bu vəziyyətdən narazıdır”.

Problemlə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, qeyd olunan ünvana FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları tərəfindən baxış keçirilib: “Baxış zamanı sözügedən binanın damının yararsız hala düşdüyü və yağış sularının mənzillərə axdığı, nəticədə mənzilin tavanının bir hissəsinin qoparaq töküldüyü müşahidə olunub. Bu barədə müvafiq tədbir görülməsi üçün aidiyyəti üzrə rayon icra hakimiyyətinə məlumat verilib”.

Şikayətlə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinə də sorğu ünvanlamışıq. 

Fidan Etibar