“Gündəlik həyatda biz artıq rəqəmsal ünsiyyət kanalları, süni zəka ilə qarşılaşırıq”

gundelik-heyatda-biz-artiq-reqemsal-unsiyyet-kanallari-suni-zeka-ile-qarsilasiriq
Oxunma sayı: 2183

“Demək olar ki, bəşəriyyət hələ bir müddət “koronavirus dövrü”ndə yaşayacaq. Buna görə də, işgüzar əlaqələri daha çox rəqəmsal formatda qurmaq tələb olunur. Etiraf etməliyik ki, şirkətin bu istiqamətdə genişlənməsi kimi, bu keçid də müxtəlif biznes sahələrinin inkişafında getdikcə məntiqli bir mərhələyə çevrilir. Pandemiya vaxtı öz fəaliyyətini onlayn formata keçirməyən, bununla bağlı yaranan çətinlikləri aradan qaldıra bilməyən şirkətlərin öz fəaliyyətinə son verməsi faktı belə bir qənaətə gəlməyə imkan verir. Halbuki, "rəqəmsallığı mənimsəməyə" nail olanlar müsbət nəticələr əldə edərək öz gəlirliliyini artırdılar. Həqiqətən də, hazırkı şəraitdə belə bir yanaşma gələcək inkişaf üçün qaçılmaz olaraq güclü bir potensiala çevriləcək.

İş proseslərinin “rəqəmsal” mühitə günümüzdə trenddən daha əhəmiyyətli bir şeydir. Bu, biznesin daim dəyişən iqtisadi və sosial məkanda uğurla fəaliyyət göstərməsi üçün danılmaz zərurətdir, onun aktual inkişafıdır. “...Azərbaycanda şirkət rəhbərlərinin 60%-nin rəqəmsal transformasiyaya investisiya yatırmağı planlaşdırdığını onların 67%-nin isə biznesin əsas prioritetinin ixtisaslı, savadlı və adaptasiya olan işçilər olduğunu düşündüyünü” iddia edən PwC Azərbaycan Şirkətinin məlumatına istinad etmək istərdim. Cari ilin aprel ayında Prezident İlham Əliyev rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzaladı. Və bu, dövlət başçımızın dəstəklədiyi məşhur “texnologiyalar dəyişikliklərin güclü mühərrikidir” kəlamının canlı sübutudur. Onun yaxından nəzarəti altında Azərbaycanı regionda rəqəmsal mərkəz qismində lider mövqeyinə çatdırmaq üçün ardıcıl islahatlar aparılır. Prezidentin tapşırığı ilə rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində davamlı iş gedir. Reallığın, biznesin aparılmasına ənənəvi yanaşmaların, yeknəsəq sxemlərin və inhisarçılığın təbii proseslər səbəbiylə “anaxronizm” kateqoriyasına aid ediləcəyinə gətirib çıxaracağını qaçılmaz bir həqiqət kimi qəbul etməliyik. Biz artıq yeni texnologiyaların və yeni rəqəmsal xidmətlərin cəmiyyətdə dəyişikliklərə və insanlar arasında qarşılıqlı əlaqələrə necə təsir göstərdiyinin şahidi oluruq. Bir çox onillikdən əvvəl məhşur olan əfsanəvi “Hər şeyi kadrlar həll edir!” şuarı yenidən olduqca aktual hala gəlir. Buna görə də, məziyyətləri biliyinin dərinliyi və həcmi, problemlərin həllinə çevik yanaşmalar axtarmaq bacarığı, öyrənmə tempi və yeni çağırışlar qarşısında stresə dayanıqlılıq olan insan kapitalı uğrunda rəqabət güclənəcək. Hesab edirəm ki, şirkətin uğurlu inkişafı yolunda məhz peşəkarlar ən “önəmli kapital” olacaq. Sərt pandemiya şəraiti və karantin məhdudiyyətləri, biznesin aparılmasının, bəzən sovet yanaşmasının izlərinin müşahidə edildiyi adi prosesdən köklü şəkildə fərqlənən bir səviyyəyə yüksəldiyini dərk etmək üçün özünəməxsus stimul olaraq, müəyyən mənada müsbət rol da oynadılar”.

- Siz, ümumi bir cavanlaşma gözləməli olduğumuza işarə edirsiniz? Və bu halda yaşı “...keçənləri” nə gözləyir?

- Mən birmənalı şəkildə bəyan etmirəm ki, indi müstəsna olaraq “gənclərin dövranıdır”. Əsla! Fikrimcə, bu gün işçinin uğurlu və rəqabət qabiliyyətli olmasının vacib şərtlərindən biri də tənbəlliyə yol vermədən öz peşəkar inkişafına görə üzərinə məsuliyyət götürmək və bu məsuliyyəti daşımaq bacarığının olmasıdır. Sadə dillə desək, bu, iş yerində “o saatdan bu saatadək” vaxt keçirmək deyil, tutduğu vəzifənin haqqını verməkdir. Doğum ili burada heç bir rol oynamır! Burada daha çox söhbət “komfort zonasını tərk etmək” qabiliyyətindən gedir. Belə ki, pandemiya biznesin aparılması prosesinin təklif olunan mövcud şərtlər daxilində dəyişdirməyin nə qədər çətin olduğunu göstərdi. Əvvəlki “tox” onilliklərin ardıcıllığı hansısa mənada müəyyən bir ətalətə səbəb oldu və rutin həyatımızı pandemiya işğal etdikdə kifayət sayda şirkət fəaliyyət qabiliyyətini sadəcə ona görə itirdi ki, onların müasir texnologiyaların imkanlarından istifadə etməyə hazır olan, çılğın tempə və biznesin aparılması xüsusiyyətlərinə uyğunlaşdırılmış mütəxəssisləri yox olmadı. Bəsitcə, kifayət qədər bilik və bir şeyi “vərdiş edilmiş sxemlər” çərçivəsindən kənar həyata keçirmək üçün bir növ cəsarət olmadı. Axı yeni texnologiyaların sürətli inkişafı, təhsilin bütün mərhələlərində keyfiyyətini yaxşılaşdıran prosesləri sürətləndirmədiyimiz halda bizə heç bir çıxış yolu tanımır. Üstəlik, öz biliklərini zənginləşdirməyə çalışanlar üçün çoxlu təlim proqramları mövcuddur, İnternetdə çoxlu sayda treninqlər var. Burada da həmin rəqəmsal transformasiyaların praktiki olaraq yalnız fərdi tələblərlə məhdudlaşan nümunəsi olan on-line coaching var. Odur ki, insanın rəqabət qabiliyyətli olması yalnız onun özündən asılı olan bir şeydir. Bu gün rəhbər vəzifələr də daxil olmaqla, bu və ya digər vəzifəni tutmaq azdır. Öz biliklərinlə həmin vəzifəni tutmaq hüququnu, peşəkarlığının səviyyəsini və FİƏ-nı (faydalı iş əmsalını) daim sübut etmək zərurəti yaranıb ki, bunlar şirkətin effektiv fəaliyyətinin və inkişafının tərkib hissələridir. Və bu halda, insan kapitalı sahəsində rəqabət ayrı-ayrı şirkətlərin deyil, bütövlükdə Respublikamızın irəliyə hərəkəti üçün əla bir stimuldur.

- Belə çıxır ki, “rəqəmsallıq” zərurəti əks etdirir?

- Biz, bir neçə onilliklər ərzində rəqəmsallaşdırmanın, çox sayda iş proseslərinin sürətinin, rahatlığının və təhlükəsizliyinin artırılmasında bir köməkçi rolunu oynayan kompüter əsaslı istehsal və ofis avadanlığının, verilənlər bazası üçün nəhəng serverlərin, avtomatik mühafizə sistemlərinin və bir çox digər texnoloji həllərin həyatımızın ayrılmaz hissəsinə necə çevrildiyini hiss etmədik. Və burada yeri gəlmişkən qeyd etmək lazımdır ki, məhz texniki və proqram təminatının, eləcə də onun daha ənənəvi və ya köhnəlmiş təcrübələri əvəz etməsi rəqəmsallaşmanın əsasını təşkil edir. Halbuki rəqəmsal transformasiyanın avtomatlaşdırmadan əsas fərqi bu prosesin qlobal xarakter daşımasındadır. Texnologiyaların özü ilə yanaşı, ayrıca götürülmüş bir şirkətdə o, strategiyaların, mövqeyin və ümumilikdə korporativ mədəniyyətin dəyişdirilməsinə yönəldilə bilər. Etiraf etmək lazımdır ki, rəqəmsallaşma bu və ya digər dərəcədə hər bir biznes sahəsinə təsir edib ki, bu da hələ bir başlanğıcdır. Və bu səbəbdən də bu gün bir çox sənaye sahələri ətraf aləmin sürətlə dəyişən şərtlərinə uyğunlaşmaq üçün mümkün olan yeganə vasitə kimi bu inkişaf yolunu seçirlər. Deyvid Vaysın sözləri yada düşür: “Gələcəkdə iki növ şirkət olacaq – sürətli və ölmüşlər”. İkincisindən olmamaq üçün, uğur və inkişafa istiqamətlənmək, aparıcı mövqe tutmaq istəyi müasir iqtisadiyyatın çağırışlarını qəbul etməyi tələb edir. Sürətli və çevik olmaq gərəkdir, və buna görə də imkan olduqda deyil, tələbat olduqda dəyişmək lazımdır. Biznes proseslərinin rəqəmsal transformasiyasının istiqaməti – şirkətin operativ qərar qəbul etmək, iş proseslərini cari anın tələblərinə ildırım sürətilə uyğunlaşdırmaq və müştərilərin tələbatını ödəmək qabiliyyətini əks etdirir.

- Müştərilər “tətbiqetmənin” son nöqtəsi kimi çıxış edir?

- Rəqəmsallaşmanın əsas “sürücülərindən” biri elə onlar özləridir. Məhz müştərilər hər gün bir hissəsi artıq öz fəaliyyətinin transformasiyasına başlayan müxtəlif şirkətlərlə qarşılıqlı əlaqədə olurlar. Bununla onlar, müştərilərin böyük əksəriyyətinin üstünlük verdiyi, maksimal dərəcədə fərdiləşdirilmiş qarşılıqlı əlaqələri təşkil edərək, müasir texnologiyaların prosesləri necə asanlaşdırdığını və sürətləndirdiyini nümayiş etdirirlər. Gündəlik həyatda biz artıq rəqəmsal ünsiyyət kanalları, unikallıq, süni zəka, robotlaşma ilə qarşılaşırıq. Müştəri təcrübəsindən danışarkən anlamaq lazımdır ki, söhbət sadəcə “şirkət – xarici sifarişçi” əlaqəsindən getmir. Proseslərin rəqəmsal transformasiyası, müəssisənin əməkdaşlarının işini optimallaşdıraraq, daxili müştərilərə də yönəlmişdir ki, bunun sayəsində hər bir komanda üzvünün fərdi məhsuldarlığı artır. Misal üçün, rutin əməliyyatların avtomatlaşdırılması həqiqətən vacib və mürəkkəb olan vəzifələrin həll edilməsinə daha çox vaxt verir. Alqoritmlər yorulmur və sürətlə öyrənirlər, ən təfərrüatlı səviyyədə işləyə bilir, sürətlə uyğunlaşa və saniyədə milyonlarca, milyardlarca qərar qəbul edə bilirlər. Bu, təkcə mövcud biznes modellərindəki prosesləri sürətləndirməyə və təkmilləşdirməyə deyil, həm də ekosistem, platforma biznesləri kimi yeni biznes modelləri yaratmağa imkan verir.

- Belə olan halda strategiya məsələsinə toxunmamaq mümkün deyil.

- Onun bu kontekstdə əhəmiyyəti danılmazdır. Əslində, strategiya qeyri-müəyyən və mücərrəd bir anlayış yox, qısamüddətli planlamadan fərqli yanaşma və bacarıq tələb edən faydalı bir iş vasitədir. Rəqəmsal transformasiya strategiyası öz mahiyyətinə görə transfunksional və rəqəmsal resursların birləşdirici toxuma rolunu oynadığı bütün funksional və texnoloji strategiyaları özündə cəmləyən bir strategiya hesab edilə bilər. Rəqəmsal transformasiya strategiyası, təşkilatların daxilində və xaricində rəqəmsal platformalar vasitəsilə geniş məlumat mübadiləsinə əsaslanır ki, bu da firmalararası İT imkanların köməyilə çoxfunksiyalı strategiyaları və prosesləri birləşdirməyə imkan verir. Şirkətin rəqəmsal transformasiyasına görə məsuliyyət daşıyan şirkət əməkdaşının (CEO, CTO, CİO və ya digər səlahiyyətli şəxsin) vəzifələrinə mövcud şəraitdə ona olan tələbatın aydın şəkildə başa düşülməsi də daxildir. 451 Research Şirkətinin tədqiqatına istinad edəcəm ki, bu tədqiqata əsasən rəqəmsallaşdırma yolunu seçmiş şirkətlərin 60%-nin təsdiq edilmiş müvafiq strategiyası yoxdur. Buna görə də, cəsarətlə deyə bilərəm ki, bu yol heç bir yerə aparmayan bir yoldur. Aydın bir strategiya və vizyon olmadıqda, istənilən ölçülü şirkətin rəqəmsal transformasiyasını uğurla həyata keçirmək mümkün deyildir. Bunun üçün rəqəmsallaşmanın müəssisənin düzgün istiqamətdə hərəkət etməsinə və qarşısına qoyduğu məqsədlərə çatmasına necə kömək edəcəyini dəqiq başa düşmək lazımdır. Rəqəmsal transformasiya maksimal üstünlüklər əldə etmək və xərcləri azaltmaq məqsədilə biznes modelinin əhəmiyyətli dərəcədə dəyişdirilməsini tələb edə bilər. Sirr deyil ki, kifayət qədər mənfəət gətirməyən və rəqəmsal bazarın tələblərinə cavab verməyən köhnəlmiş texnologiyaların dəstəklənməsi böyük məbləğlərin itkisinə səbəb olur. Onların saxlanılması baha, təkmilləşdirilməsi isə ondan da baha başa gəlir, hələ ona xidmət göstərən insan sayı da az deyil. Nəticə etibarilə, müştəriləri bazasını genişləndirməyə imkan verən ən son texnologiyalar daha böyük effekt verəcəkdir. Seçim sahibkara qalır. Axı, bir tərəfdən, rəqəmsal biznesin “sıfırdan” başladılması texnoloji səriştə tələb edir və müəyyən həcmdə riskin alınmasını nəzərdə tutur. Çünki çox vaxt hazır həllər mövcud olmur ki, bu da proqnozlaşdırmanı çətinləşdirir. Digər tərəfdən isə rəqəmsal transformasiya bəzən mövcud biznes modelinin “sıfır”a enib məhv olmasına səbəb olur. Lakin, risklərə baxmayaraq, yerli iqtisadiyyatın rəqəmsal transformasiyası, digər dünya iqtisadiyyatlarında olduğu kimi, obyektiv şəkildə öncədən müəyyən edilmiş bir amildir.

- Belə bir ifadə ağıla gəlir ki, biz hamımız artıq real vaxt və non-stop rejimində gedən biznes Olimpiadasında yaşayırıq.

- Bu ifadədə həqiqət var. Rəqəmsal transformasiya hər bir şirkət üçün fərqli göründüyündən, buna hər kəsə tətbiq edilməsi mümkün olan birmənalı tərif vermək çətindir. Lakin, biznes proseslərinin rəqəmsal transformasiyasının hər hansı ümumi mənzərəsini müəyyən etmək olar. İstənilən halda o, üst səviyyədən başlamalıdır: rəqəmsal strategiyanın işlənib hazırlanmasından həm texnologiyalar üzrə direktor, həm də şirkətin rəhbəri məsuldur. Qeyd etmək lazımdır ki, sonuncunun rəqəmsal texnologiyalarla işləmək bacarığının olmaması şirkət üçün fəlakətli nəticələrə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, rəqəmsal transformasiya ciddi və sistemli yanaşma tələb edən uzunmüddətli bir layihədir. Bununla belə, bu cür mürəkkəb prosesin uğurla həyata keçirilməsi belə, dayanmağa əsas vermir: şirkətin inkişafı, yeni texnologiyalar və işləmələr nəzərə alınmaqla, daimi olmalıdır. Bu səbəbdən də, komandaya təkcə bir neçə yüksək səviyyəli texniki ekspert deyil, həm də experience-dizayner, yəni müştəri təcrübəsinin dizaynı üzrə mütəxəssis də daxil edilməlidir. Komandanı formalaşdırdıqdan sonra, biznesin zəruri infrastrukturla təmin olunub – olunmamasını, yəni, onun gələcəkdə inkişafına kömək edəcək texnologiyalar dəstinin mövcud olub-olmamasını nəzərə alaraq, məhsulun işlənib hazırlanması üzərində düşünmək olar. Və buna görə də, komandada təhlükəsizlik, bulud texnologiyaları, sənaye kommunikasiyaları və analitika sahəsində peşəkar ekspertlərin və top-menecerlərin olması olduqca vacibdir. İnnovasiya menecerinin və ya dəyişikliklərin idarə edilməsi üzrə menecerin bilik və bacarıqlar dəstinə həm Hard skills, həm də Soft skills daxil olmalıdır. Yeni biznes modellərinin yaradılması, ən son texnologiyalarla (süni zəka, robototexnika, AR və VR, blokçeyn, əşyaların interneti) işləmək bacarığı, verilənlərin təhlili, qabaqcıl layihə idarəetmə metodlarının (6 Sigma, DevOps, Scrum, Kanban, Lean, PRINCE2) mənimsənilməsi “sərt” bacarıqlara, yəni məsələn, test yolu ilə asanlıqla yoxlanıla bilən peşəkar səriştəyə aiddir. Çevik bacarıqlar isə komanda, tərəfdaşlar və müştərilər ilə effektiv ünsiyyət qura bilmək üçün lazımdır. Çox vaxt bunlar şəxsi keyfiyyətlər adlanır. Buraya ünsiyyət bacarıqları, emosional zəka, tərtibat düşüncəsi (yəni məhsulu işləyib hazırlayarkən istifadəçini düşünmək), uyğunlaşmaq qabiliyyəti aiddir. Nəticə etibarilə, bu, qalan əməkdaşların texnoloji İQ-sunun artmasına, onların yeniliklərə, yeni idarəetmə və iş tərzinə uyğunlaşmasına, onların yeni inkişaf mərhələsinə keçid prosesinə cəlb olunmasına gətirib çıxarır. Bu şəraitdə rəhbərliyin və transformasiyaya görə məsul olan əməkdaşların motivasiyası ilkin xarakter daşıyır. Komanda üzvləri dəyişikliklərin məqsədini anlamalı, rəqəmsallaşmanın seçim deyil, günümüzün tələbi olduğunun ideyasını dərindən dərk etməli və bu ideyanı bütün işçi heyətinə çatdırmalıdır. Yalnız komandanın prosesin bütün əhəmiyyətini dərk etdiyi halda yekun müvəffəqiyyət mümkündür.

- Rəqəmsal transformasiya bəlkə də son dövrün ən aktual mövzusudur. Lakin onun haqqında fikir yürüdənlərin sayı çox olsa da, mahiyyətini həqiqətən dərk edənlər çox azdır.

- Rəqəmsal transformasiyanı yeni texnologiyaların sadə tətbiqi kimi qəbul etmək, biznesdə ciddi problemlərə gətirib çıxara biləcək təhlükəli bir yanlış fikirdir. Şirkətiniz yalnız blokçeynin, süni zəkanın və ya robotların istifadəsinə görə rəqəmsal şirkətə çevrilməyəcəkdir. Texnologiya, əsas birləşdirici elementinin insanlar olduğu mozaikanın bir hissəsidir. Rəqəmsal transformasiya müasir texnologiyalardan istifadə və məlumatların təhlili vasitəsilə müştərilərlə səmərəli qarşılıqlı əlaqə yaratmaq üçün işçilərin işini təşkil etmək yollarını yenidən nəzərdən keçirməkdir. Rəqəmsallıq və verilənlər burada ümdə məqsəd deyil. Bunlar sadəcə transformasiya vasitələridir. İstənilən transformasiyanın məqsədi isə sadədir – təşkilatın səmərəliliyini artırmaq: az xərcləmək, çox qazanmaq, eləcə də rəqiblərini və əvvəlki özünü ötmək. Buna nail olmaq üçün şirkətin əməkdaşlarının potensialının inkişafına diqqət yetirmək lazımdır. Məhz onlar hər gün həm satın aldığınız avadanlıqlarla, həm də müştərilərinizlə qarşılıqlı əlaqədə olan insanlardır. Həmçinin, rəqəmsal transformasiyanın dövrü olduğunu da diqqətə almaq lazımdır. Texnologiyalar sürətlə dəyişir, çoxsaylı xidmətlərə isə yeni funksiyalar əlavə olunur və buna görə də, müvəffəqiyyətin ən vacib şərtlərindən biri transformasiyanın davamlılığıdır. Bu prosesi bir dəfə işə salmaqla, siz daha yüksək ixtisaslı əməkdaşlarla və razı müştərilərlə çevik və rəqabətə davamlı bir şirkətə sahib olacaqsız, bu isə öz növbəsində, biznesin maliyyə göstəricilərinə də müsbət təsir göstərəcəkdir.

Mercedes-Benz Şirkətinin Baş Nümayəndəliyinin PR və Marketinq Departamentinin direktoru Sevinc Abbasova