Açıq Cəmiyyət Partiyasının sədri Süllhəddin Əkbərin “Qafqazinfo”ya müsahibəsi
- Açıq Cəmiyyət Partiyası hazırda nə ilə məşğuldur?
- ACP-nin hazırda demək olar ki, işi çoxdur. Biz çox istiqamətli fəaliyyət göstəririk. Bütün partiyalarda olduğu kimi əsas istiqamət təbii ki, təşkilatlanma işinin gücləndirilməsidir. Digər istiqamətlər siyasi əlaqələrin yaradılması, mətbuatla işin aparılması, xarici əlaqələrin qurulmasıdır. Ən mühim iş isə Azərbaycanda demokratiya uğrunda mübarizə seçkiqabağı demokratik şəraitin yaradılmasıdır. Və əgər bu şərait yarananrsa seçkidə iştirak məsələsidir.
- Bu intensiv fəaliyyətin nəticəsi varmı?
- Azərbaycandakı ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyil. Nəzərə alsaq ki, qonşu regionlarda, dünyada demokratikləşmə üçün əlverişli zəmin yaranıb, hazırda dünyada yeni bir demokratikləşmə dalğası gedir. Eyni zamanda bu potsovet məkanında olan respublikalara da heç şübhəsiz təsir edib və bu dövlətlərdə düşünürəm ki, yeni bir canlanma baş verib. Bu proseslər Azərbaycana da müəyyən təsirini göstərir. Ölkədaxili ictimai-siyasi vəziyyət isə bir qədər fərqlidir. Əhali bir tərəfdən mövcud hakimiyyətə inanmır və getdikcə də bu inamsızlıq nifrətə çevrilməkdədir. Hakimiyyətin buraxdığı səhvlər məsələn, elm, təhsil, insanların mülkiyyəti ilə bağlı problemlər, demokratiya, insan haqları sahəsində, korrupsiya, inhisarçılıq, ordudakı vəziyyət çox ciddi problem olaraq qalmaqdadır. Digər tərəfdən də müxalifətə, seçki yolu ilə ölkədəki vəziyyətin dəyişəcəyinə də inam yoxdur. Bu kimi hallar eyni zamanda demokratik dünyaya olan inamı da sarsıdır. Bu şəraitdə işləmək təbii ki, çətindir. Amma bizim partiyanın əhali ilə işləmək üzrə bir neçə aylıq təcrübəsi var. Mən partiya sədri gəldikdən sonra biz işimizi canlandırmışıq və bu halda təbii ki, nəticə də olur. Biz artıq partiya daxilində canlanmaya nail ola bilmişik və rayon təşkilatlarının konfranslarını keçirməyə başlamışıq. Belə demək mümkündürsə biz yenidən təşkilatlanırıq.
- Deyəsən, sizin partiya hələ də qeydiyyatdan keçməyib...
- Bizim digər partiyalardan fərqli olaraq iki ciddi problemimiz var. Bir hakimiyyət bizim partiyanı qeydə almaq niyyətində deyil. 2007-ci ilin aprel ayından partiyanın qurultayı keçirilib, sənədlər verilib, amma bu günə qədər heç bir cavab verilməyib. Bu halda bizim hüquqi baxımdan məhkəməyə müraciət etmək hüququmuz yoxdur. Əgər bizə nəsə məlumat versələr, də heç olmasa məhkəməyə müraciət edib haqqımızı tələb edərik. Biz istəyirik ki, bu məsələni yenidən gündəmə gətirək. Bunun üçün də beynəlxalq təşkilatlarla iş aparırıq. Eyni zamanda mövcud hakimiyyət partiyanın liderinin ölkəyə dönüşü məsləsini problemə çevirib. Təbii ki, liderin ölkədə olmaması da partiya üçün ciddi problem yaradır. Amma liderin ölkə xaricində olması bizə müəyyən üstünlük də gətirir. Partiyanın lideri Amerikada, Avropada, Rusiyada, Türkiyədə ciddi işlər aparır. Mənə elə gəlir ki, xarici əlaqələrin qurulmasında biz bir qədər öndəyik. Eyni zamanda ölkədaxili siyasi münasibətlərə də biz yeni implus verə bilmişik. 14 partiyanın birləşdiyi Məşvərət Məclisin yaranıb və bizim partiya da orda aktiv iştirak edir. Demokratiya Uğrunda Müqavimət Hərəkatında olan partiyalar hazırda hamısı məşvərət məclisindədir.
- Müqavimət Hərəkatının buraxıldığı da bildirilir...
- Xeyr, buraxılmayıb, fəaliyyət göstərir. Məşvərət Məclisinin konkret hədəfi var. Məqsəd Azərbaycanın demokratikləşməsi, seçki qabağı demokratik mühitin yaranması, ölkədə azad və ədalətli seçkilərin keçirilməsi və demokratiyaya keçidin təmin olunmasıdır. Digər məsələlərdə isə bütün partiyalar öz fəaliyyətlərində azaddır. Məşvərət məclisi bir seçki bloku, siyasi ittifaq deyil. Biz açıq qapı siyasəti aparırıq, ona görə də digər partiyalar da qoşula bilərlər. Məşvərət məclisinin qərarı ilə biz həm İctimai Palataya, həm də Ziyalılar Forumuna əməkdaşlıq üçün müraciət etdik. Bizim nümayəndəmiz ACP-nin əməkdaşlıq barədə təklifini İctimai Palatanın sessiyasında iştirak edərək onlara çatdırıb. Bundan sonra isə bu təklifə bütövlükdə Məşvərət Məclisi də qoşuldu və yazılı müraciət etdi. Yazılı məlumatımız da çatdırılıbdır. Amma çox təəssüf ki, biz İctimai Palatadan hələ ki rəsmi cavab almamışıq. Bizdə olan məlumata görə, koordinasiya şurasında müzakirə olunub, amma rəsmi olaraq nə qərar verilib, bizə bu hələ çatdırılmayıb. Biz arzu edərdik ki, bu qərar müsbət olsun, çünki Azərbaycanda bu gün demokratiya uğrunda mübarizə aparan bütün siyasi qüvvvələrin, ictimai birliklərin əməkdaşlığına ehtiyac var.
- Prezident seçkilərində Rəsul Quliyevin namizədliyi irəli sürüləcəkmi?
- Bizim partiyanın seçki ilə bağlı yanaşması bir az fərqlidir. Məqsədimiz ölkədə seçkiqabağı demokratik şəraitin yaradılması, azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaqdır. Bu şərait olacaqsa təbii ki, ACP də seçkidə iştirak edəcək, əgər bu olmayacaqsa indidən seçkidən danışmağı biz həm taktiki, həm də siyasi baxımdan məqsədə uyğun hesab etmirik.
- Hesab edək ki, elə bir şərait yaranıb. Bu halda partiyanızın Rəsul Quliyev olacaq?
- Elə bir şəraitin olacağı halda təbii ki, ACP öz lideri ilə seçkilərdə iştirak edəcək.
- Deməli ACP demokratik şəraitə nail olmasa, seçkilərdə iştirak etməyəcək.
- Bəli, demokratik seçki keçirilməsə biz iştirak etməyəcəyik. Şəffaf seçki keçirilməsə tərəflərə bərabər şərait yaranmayacaq və seçkinin nəticələri də öncədən bəlli olacaq. Azərbaycanda keçirilən şeçkilərin nəticələrinə baxsaq saxtalaşdırılma indeksi seçkidən-seçkiyə yüksəlir. Ola bisin kimlərsə şəxsi və ya partiya maraqlarını düşünüb seçkilərə qatılıb, hakimiyyətin siyasi oyununda iştirak edəcək, amma biz heç bir halda bu oyunda iştirak etmək niyyətində deyilik.
- Ümumiyyətlə, Rəsul Quliyev ölkədə baş verən proseslərlə bağlı mətbuata tez-tez açıqlamalar verir. Amma nədənsə siz mətbuatdan bir qədər uzaqsınız.
- Mənə jurnalistlər nə vaxt müraciət edirsə, açıqlama verirəm. Çox təəssüf ki, Azərbaycanda müstəqil media yox səviyyəsindədir. Demək olar ki, olan mətbuat da ya hakimiyyətə, ya da hansısa müxalifət qüvvəsinə yaxındır. ACP-nin heç bir informasiya resursu yoxdur. Bu baxımdan bizim vəziyyətimiz daha ağırdır. Bir tərəfdən hakimiyyət digər müxalifət qüvvələrinə olduğu kimi bizə də imkan vermir. Eyni zamanda bizim özümüzün də mətbuat imkanlarımız çox məhduddur. İndi biz informasiya resurslarını gücləndirmək niyyətindəyik.
- Ümumilikdə, Azərbaycanda hazırkı ictimai-siyasi situasiyanı necə qiymətləndirirsiniz?
- İndi Azərbaycanda sanki zəif hakimiyyət və zəif müxalifət tarazlığı yaranıb. Xalq da siyasi proseslərdən kənarda qalıb. Mövcud vəziyyəti dəyişmək üçün müxalifətin gücü yetərsizdir. Arzuolunmaz siyasi vəziyyəti dəyişmək üçün də xalq faktoru işə düşməlidir. Biz Suriyada, Liviyada, Yəməndə, hətta Misirdə olan proseslərin təkrar olunmasını istəmiriksə, ölkədə dinc demokratik dəyişikliklərə nail olmalıyıq. Bu da demokratik islahatlar tələb edir. Tarixi təcrübə bunu göstərir ki, heç bir avtoritar rejim də öz xoşuna demokratik islahatlara getmir. Hakimiyyətin bu istiqamətdə addımlar atması üçün kütləvi basqı lazımdır. Azərbaycanda demokratiya və azadlıq uğrunda dinc kütləvi xalq hərəkatı olmalıdır. İlk növbədə Azərbaycanda demokratiya uğrunda mübarizə aparan siyasi qüvvələrin birliyinə ehtiyac var. Əgər bu birlik təşkilati formada baş tutmursa, heç olmasa funksional birliyə nail olmalıyıq. Siyasi qüvvələrin əməkdaşlığı baş tutandan sonra biz Azərbaycanda demokratiya istəyən ictimai birlikləri, hüquq müdafiə təşkilatlarını da bu prosesə yönəldə bilərik. Daha sonra ziyalılar, mütəxəssislər, gənclər təşkilatlarını, regional icma birlikləri də ətrafımıza toplasaq artıq xalq hərəkatına keçə bilərik və kütləvi basqını təşkil etmək olar. Belə olan halda artıq hakimiyyət geriyə addım atmaq məcburiyyətində qalacaq.
- İqtidarla müxalifətin dialoquna Sizin partiya dəvət olunmuşdu?
- Xeyr, biz dəvət almamışdıq.
- Sizcə dəvət etməməkdə məqsəd nə idi? Bəlkə partiyanızın fəaliyyətinə ciddi yanaşmırlar.
- Mənə elə gəlir ki, hakimiyyətin Azərbaycanda çəkindiyi yeganə siyasi qüvvə Rəsul Quliyev və onun rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasıdır. Bizə ciddi yanaşmasaydılar qeydiyyata alardılar və qanuni şəkildə siyasi partiya olaraq fəaliyyətimizə şərait yaradardılar. Mən Azərbaycanda elə bir partiya tanımıram ki, onun qeydiyyatı olmasın və elə bir partiya yoxdur ki, onun lideri Azərbaycanda olmasın. ACP-nin qeydə alınmaması və Rəsul Quliyevin ölkəyə qayıdışına imkan verilməməsi elə hakimiyyətin Rəsul Quliyevə və Açıq Cəmiyyət Partiyasına olan münsibətin göstəricisidir. Çəkinmirsə, nədən bu addımları atır? Bizdən narahat deyilsə, buyursun bizim də fəaliyyətimizə şərait yaratsın. Mən ümumiyyətlə bu görüşü dialoq adlandırmazdım. Buna hakimiyyətin siyasi oyununda bəzi müxalifət qüvvələrinin iştirakı desək, daha düzgün olar və biz bunu səhv addım kimi qiymətləndiririk. Hakimiyyət Avropa Parlamenti ilə arasında yaranan gərginliyə müxalifət qüvvələrini də şərik etdi. Hakimiyyət bir növ göstərdi ki, o görüşdə iştirak edən müxalifət qüvvələri ilə hakimiyyətin Avropa Birliyinə, Avropa Parlamentinə yanaşmasında elə bir ciddi fərq yoxdur. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bu da Azərbaycanda demokratiya uğrunda mübarizəyə də, beynəlxalq faktor baxımından da çox mənfi təsir göstərəcək. Bu sadəcə dialoq göruntüsü idi. Əgər hakimiyyət gerçəkdən də müxalifətlə dialoq keçirmək istəyirsə bunun predmeti əvvəlcədən məlum olmalıdır. Hər kəs bilməlidir ki, dialoqun mövzusu nədir, tərəflər kimdir və nədən söhbət gedir. Bu dialoq da əlbəttə ki, mətbuata açıq olmalıdır.
- İctimai Palatada baş verən istefa dalğalarına münasibətiniz necədir?
- Ölkədə real, alternativ bir qurum olduğunu bəyan edən siyasi qüvvənin 24 saat ərzində ciddi məsələ haqqında qərarını dəyişməsini mən qeyri-ciddi hesab edirəm. Mənə elə gəlir ki, bu İctimai Palatanın cəmiyyətdəki nüfuzuna ciddi zərbə vuracaq.
- Dünyanın ən məşhur sənətçilərinin ölkəmizə gəlməsi üçün külli miqdarda pullar xərclənir. Bu məsələyə münasibətiniz necədir?
- Bilirsiniz, Azərbaycanda bu tip xərclərin artmasının sayı o qədər çoxalıb ki, artıq insanlar bu faktlara reaksiya vermir. Normal bir ölkədə belə vəziyyət olsaydı, bu böyük siyasi skandala səbəb olardı. Demək olar ki, hökumətin istefası ilə nəticələnərdi, amma çox təəssüf ki, Azərbaycan siyasi baxımdan anormal bir ölkədir və ölkədə demokratiya olmadığına görə ictimai rəy formalaşmayıb. Əslində Azərbaycanda təkpartiyalı sistem qurulub. Bəlkə də heç təkpartiyalı da deyil. Bir az dərin analiz etsək görərik ki, Yeni Azərbaycan Partiyası özü də partiya olaraq klassik anlamda heç hakimiyyətdə deyil. Hakimiyyət əslində kiçik bir qrup tərəfindən mənimsənilib. Və bu qrup hər cəhətdən ölkəni tam nəzarət altına alıb. Xalq da siyasi proseslərdən kənarlaşb və özünün həyatını yaşayır.
- Sizcə xalqın neçə faizi mövcud hakimiyyətdən razıdır?
- Mən müxalif partiyasının sədri kimi fikrimi bildirə bilərəm, amma bu subyektiv ola bilər. Çox təəssüf ki, Azərbaycanda bir çox sahələrdə olduğu kimi bu sahədə də obyektiv sorğu keçirən mərkəzlər yoxdur. Belə olsaydı bizim əlimizdə rəqəmlər olardı və biz də faktla danışa bilərdik. Azərbaycanda indi mövcud hakimiyyətdən və şəraitdən razı olanların sayı çox azdır. Hakimiyyətdə təmsil olunanlar belə, yaranmış vəziyyətdən çox narahatdılar. Onlar anlayırlar ki, bu repressiv, inhisarçı, korrupsaner rejimin bir elementidirlər və bundan ayrıla bilmirlər. Onların özlərinin də gələcəyinə inamı yoxdur. Çünki hər biri həbs də oluna bilər, topladıqları mülkiyyət əllərindən alına da bilər. Hətta vəzifəni də bir anın içərisində itirə bilərlər. Əli İnsanov, Fərhad Əliyev, Akif Muradverdiyev kimi nümunələr var. Sistem elə qurulub ki, heç kimin sabaha ümidi yoxdur. Bu sistem gələcəyə heç bir ümid vəd etmədiyinə görə, artıq müdafiəçiləri də həddindən artıq azalıb. Bu gün bürokratik aparatın öz içərisində də dəyişiklik istəyən qüvvələr çoxdur. Onlar da istəyirlər ki, Azərbaycanda bu xalq faktoru işə düşsün, bundan sonra onlar da öz mövqelərini ortaya qoyacaqlar. İndidən təbii ki, mövqelərini bildirməyəcəklər, çünki bu onlar üçün çox təhlükəlidir.
- Necə düşünürsünüz seçkidə iqtidarın namizədi kim olacaq?
- Təbii ki, hakim elita çalışacaq ki, üçüncü dəfə də İlham Əliyev öz namizədliyini irəli sürsün. İlham Əliyev özü də buna çox istəyir və məncə sona qədər bunun üçün mübarizə aparacaq.
- Siz Müsavat Partiyasında nüfuzlu siyasətçilərdən biri idiniz. Lakin Açıq Cəmiyyət Partiyasına keçdiniz və Rəsul Quliyevi seçdiniz. Bu addımı atarkən heç düşündünüzmü bu sizin siyasi imicinizə nəsə zərbə vura bilər.
- Mən siyasətə gizli dərnəkdən başlamışam. Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olmuşam. Müsavat Partiyasının Azərbaycanda bərpa edənlərdən biriyəm. Orada məclis sədri vəzifəsinə qədər yüksəlmişəm. Eyni zanmanda Azərbaycan Demokrat Partiyasının qurucularındanam. Və bu gün də ACP-nin üzvlərinin böyük əksəriyyəti məhz ADP-nin fəallarıdır. Yeni gələn üzvlər sırasında isə mənim tərəfdarlarım çoxluq təşkil edir. O baxımdan bir siyasətçi ciddi siyasi qərarlar qəbul edəndə müəyyən suallar, narahatlıqlar, narazılıqlar yaranır. Mənə elə gəlir ki, Azərbaycan cəmiyyəti üçün bir şey aydın olmalıdır. Mənim bütün mübarizəm demokratik, azad, firavan bir cəmiyyətin qurulmasıdır. Bu gün mən burada bəhs etdiyim istiqamətdə daha çox iş görə bilərəm. Partiya sədri olmaq özü siyasətçi üçün geniş imkanlar yaradır. Və mən öz ideyalarımı həyata keçirmək üçün daha geniş imkanlar əldə etmişəm. Heç şübhəsiz ki, mən Azərbaycanda demokratiyaya yumşaq keçid strategiyası işləyib hazırlayan bir siyasətçi kimi hesab edirəm ki, bu strategiyanı həyata keçirə biləcək lider məhz Rəsul Quliyevdir. Ona inandığıma görə, mən sonda bu qərarı verdim. Mən inanıram ki, Rəsul Quliyevin liderliyi ilə Azərbaycanda demokratiyaya keçid baş tuta bilər. Çünki ona həm hakimiyyətin, həm müxalifətin, həm də Azərbaycan xalqının güvəndiyi bir siyasətçidir.
Gülnar Ədalətqızı